0
Tuesday 20 July 2021 - 09:36

Azərbaycanda jurnalistləri və fəalları izləyən casus proqramı aşkarlandı - DTX inkar edir

Story Code : 944345
Azərbaycanda jurnalistləri və fəalları izləyən casus proqramı aşkarlandı - DTX inkar edir
Jurnalistlər konsorsiumunun araşdırması üzə çıxarıb ki, “Pegasus” proqramı 2016-cı ildən etibarən hüquq-mühafizə orqanlarına, xüsusi xidmət orqanlarına və hərbi nazirliklərə satılıb. İnsan haqları müdafiəçiləri bu casus proqramı vasitəsilə dünyanın 50-ə yaxın ölkəsində 50 minə qədər adamın izlənildiyini müəyyən ediblər. İzlənilən nömrələrin əksəriyyəti Azərbaycanda, Qazaxıstanda, Meksikada, Macarıstanda, Hindistanda və Birləşmiş Ərəb Əmirliklərində cəmləşib.

“NSO Group “Pegasus” proqramını onlarla ölkəyə satıb. Əvvəllər “ayfon” istifadəçisi dinləmə altına düşmək üçün telefonuna atılmış linkə basmalı idi, indi isə bu tələb olunmur. Siz ümumiyyətlə heç nə etmirsiniz, telefonunuz masanın üstündə olur, amma istənilən vaxt onu “sındıra” və casus proqramını yükləyə bilərlər”,-dinlənilən telefonlardan birinin sahibi, Toronto Universiteti nəzdində Citizen Lab təşkilatının elmi əməkdaşı Bill Marşak bildirib.

“Pegasus” Android və iOS əməliyyat sistemlərini yoluxduran proqramdır, xüsusi xidmət orqanlarına imkan verir ki, istifadəçinin bütün telefon danışıqlarını, elektron poçtunu, telefonundakı faylları izləsin, qurğusu mikrofonu və kameranı işə salsın, habelə qurğu sahibinin hərəkətlərini nəzarətdə saxlasın.

Casus proqramı “The Washington Post”un yazdığına görə, 85 fəal, 189 jurnalist, 600-dan çox siyasətçi, bir sıra hökumət üzvləri, dövlət başçıları və nazirlərin telefonlarında quraşdırılıb.

Azərbaycanda isə kimlərin telefonlarının izlənildiyini OCCRP bir gün əvvəl açıqlayıb. Jurnalist təşkilatı bildirir ki, Azərbaycandakı qurbanların siyahısı beynəlxalq insan haqları təşkilatlarından, o cümlədən “Amnesty İnternational”dan alınıb. Təşkilatın saytında telefonları dinlənilən 70-dən çox azərbaycanlı fəalın və jurnalistlərin siyahısı yerləşdirilib.

Onların arasında haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayevin və saytımızın məhkəmə reportyoru İnarə Rafiqqızının da adları var. O cümlədən Azərbaycan Jurnalistlər İttifaqının sədri Elçin Şıxlı, “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu, “Real TV”-nin rəhbəri Mirşahin, APA agentliyinin rəhbəri Vüsalə Mahirqızı, insan haqları müdafiəçisi Səidə Qocamanlı, Səadaət Bənənyarlı, Arzu Abdullayeva, bloqerlər Mehman Hüseynov və Bəxtiyar Hacıyev, bir çox digər tanınmış şəxslər də izlənilənlər arasındadır.

Ötən gün gecədən xeyli keçmiş Eynulla Fətullayevin Whatsapp-ına OCCRP redaktoru Miranda Patruçiçdən məktub daxil olub. Orada deyilirdi ki, OCCRP aparıcı nəşrlərlə  (“The Washington Post”,  “Guardian”, “Le Mond”) birlikdə vətəndaş cəmiyyəti fəallarının və jurnalistlərin “Pegasus” casus proqramı ilə izlənilməsi ilə bağlı araşdırma aparır. M.Patruçiç bildirir ki, 2019-cu ildən etibarən E.Fətullayevin telefonu da bu casus proqramı ilə izlənib və dövlət orqanlarının nəzarətində olub. OCCRP jurnalistə bu işin araşdırılmasına dəstək verməyi və əməkdaşlığa başlamağı təklif edib.

İyulun 19-da haqqin.az və virtualaz.org saytlarının redaksiyası adından bu məsələ ilə bağlı  Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edilib. DTX-nin yüksək rütbəli şəxsləri bu məlumatı qəti şəkildə təkzib ediblər və onu “təxribat” adlandırıblar.