0
Tuesday 14 December 2021 - 12:20

Cənubi Koreya "Pekin-2022" Olimpiya Oyunlarını boykot etməyəcək

Story Code : 968439
Cənubi Koreya "Pekin-2022" Olimpiya Oyunlarını boykot etməyəcək
Yonhap agentliyi xəbər verir ki, Mun Ce-in Avstraliyaya səfəri çərçivəsində Baş nazir Skott Morrison ilə birgə mətbuat konfransında jurnalistin məsələ ilə bağlı sualını cavablandırarkən belə deyib. Cənubi Koreya lideri "Pekin-2022" Qış Olimpiya Oyunlarını diplomatik boykot etdiyini açıqlayan ABŞ-dan və ya digər ölkələrdən bu təşəbbüsə qoşulmaq barədə hər hansı təklif almadıqlarını da bildirib.

Ekspertlər Vaşinqtonun boykot qərarının Seulu bir tərəfdən ən böyük müttəfiqi olan ABŞ, digər tərəfdən isə yaxın ticarət tərəfdaşı Çin arasında dilemma qarşısında qoyduğunu güman edirlər. Seul Olimpiya Oyunlarından iki Koreya arasında barışıq üçün də istifadə etməyə çalışır.

Qeyd edək ki, dekabrın 6-da Ağ evin sözçüsü Cen Psaki Birləşmiş Ştatların "Pekin-2022" Qış Olimpiya Oyunlarını diplomatik boykot etdiyini, tədbirə hər hansı rəsmi heyətin göndərilməyəcəyini, lakin idmançıların iştirakına qadağa qoyulmadığını bildirib. Cen Psaki "Çinin Sincan Uyğur Muxtar Bölgəsində davam edən soyqırımı və insanlığa qarşı cinayətlər, insan hüquqlarının digər pozuntuları"nın ABŞ-ın boykot qərarının əsas səbəbi olduğunu deyib.

ABŞ-ın həmin qərarından sonra Böyük Britaniya, Kanada və Avstraliya da "Pekin-2022"ni diplomatik boykot etdiklərini açıqlayıblar.

Çin tərəfi Olimpiya Oyunları kimi mötəbər idman yarışının siyasiləşdirilməsini qəti rədd edib, Olimpiya Oyunlarının uğurunun hansısa dövlətin rəsmilərinin iştirakı ilə bağlı olmadığı bəyan edib. Rəsmi Pekin bəzi Qərb ölkələrinin rəsmilərinin və mətbuatının Çin hökumətinin Sincan Uyğur Muxtar Bölgəsində uyğurlar da daxil olmaqla, etnik müsəlmanlara fiziki və mənəvi təzyiqlər göstərməsi, xeyli sayda uyğurun peşə təlimi adı altında xüsusi düşərgələrdə saxlanılması, onların məcburi əməyə cəlb edilməsi, bölgədə dini etiqad azadlığının məhdudlaşdırılması, qadınların məcburi dölsüzləşdirilməsi (sterilizasiyası), uşaqların ailələrindən alınaraq internat məktəblərində beyinlərinin "yuyulması" iddialarını da qəti rədd edir. /Eastnews/