QR CodeQR Code

Həzrət Fatimənin (s.ə) şəhadətilə bağlı əzadarlıq günləri qeyd edilir

18 Dec 2021 01:00

İslamTimes: Bu gün həzrət Məhəmməd peyğəmbərin (s) nəslinin davamçısı, Həzrət Əlinin həyat yoldaşı Fatimeyi-Zəhranın (s.ə) şəhid olan gününə təsadüf edir.


SalamNews xəbər verir ki, bu gün hicri-qəməri tarixi ilə 1443-cü ilin Cəmadiul-əvvəl ayının 13-dür. Bəzi hədislərə görə həzrət Fatimə (s.ə) bu tarixdə, bəzi hədislərə görə isə Cəmadiul-axir ayının 3-də şəhid edilib.

Həzrət Məhəmməd ibni Abdullahın (s) Allah tərəfindən peyğəmbərliyə seçilməsindən 5 il sonra həzrəti Fatimə (ə) dünyaya göz açıb. Həzrəti Fatimə Peyğəmbərdən (s) sonra yaşayan yeganə övladıdır. Belə ki, həzrət Məhəmməd peyğəmbərin (s) iki xanımdan 7 övladı olmasına baxmayaraq, həzrəti Fatimə istisna olmaqla onların hamısı peyğəmbərdən əvvəl vəfat ediblər. Peyğəmbər nəslinin davam etdirilməsi isə həzrəti Fatimənin övladları vasitəsilə baş tutub.

Qurani-Kərimin bir çox ayələrində, xüsusilə Əhzab surəsinin 33-cü ayəsində və onun təfsirində peyğəmbər ailəsinin və Əhli-beytinin kimlərdən ibarət olduğu təkidlə qeyd edilir. Bu məsələyə peyğəmbərdən fərqli məzhəblərin mənbə kitablarında nəql edilən hədislərdə daha çox yer verilib.

Həzrəti Fatimənin uşaqlıq illəri atasının müşriklərlə mübarizəsinin çətin və şiddətli zamanına təsadüf edib. Həzrəti peyğəmbər belə bir zamanda həyat yoldaşı həzrəti Xədicəni (ə) itirib. Bu zaman Fatimeyi Zəhranın (s.ə) öhdəsinə düşən məsuliyyət daha da artıb. Həzrəti Fatimə müşriklərin atasına verdiyi əzab-əziyyətləri görür və hiss edirdi. O, bu anlarda daim atası peyğəmbərin yanında idi. Məhz buna görə idi ki, Məhəmməd peyğəmbər (s) qızını "Atasının anası" deyə səsləyərdi.

İmamlar anası Fatimeyi-Zəhra 18 yaşında ikən, yəni peyğəmbərdən cəmi 90 gün sonra Mədinə şəhərində şəhid edilir. Həyat yoldaşı həzrəti Əli (ə) qəbrinin yeri bilinməsin deyə onu gecə ikən dəfn edir. Məhz buna görə də həzrəti Fatimənin (s.ə) məqbərəsi naməlum olaraq qalır.

Fatimeyi Zəhranın (ə) şəhid edilməsi günü ilə bağlı iki fərqli tarixi hədis var. Bu iki rəvayət onun şəhid edilməsinin 20 gün fərqlə qeyd olunmasına əsas yaradır. Bir çox müsəlman ölkələrində bu 20 günü əzalı "Fatimiyyə günləri" kimi qeyd edirlər. Fatimiyyə günləri bu gündən etibarən başlayır.


Story Code: 969022

News Link :
https://www.islamtimes.org/az/news/969022/həzrət-fatimənin-s-ə-şəhadətilə-bağlı-əzadarlıq-günləri-qeyd-edilir

Islam Times
  https://www.islamtimes.org