QR CodeQR Code

Keçmiş müşavir: “Əşrəf Qəni artıq ABŞ-a güvənmirdi”

20 Dec 2021 00:32

İslamTimes: “Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qəni avqustda ölkədən qaçışını amerikalılardan gizlədib.


Prezident artıq onlara güvənmir və fikirləşirdi ki, ABŞ-ın onun Taliban hərəkatına təhvil verilməsinə mane olmayacaq”.

APA-nın xəbərinə görə, bunu CBS televiziyasına müsahibəsində Əfqanıstan prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Həmdulla Mohib bildirib.

Jurnalistin, “belə xəbər gəzir ki, amerikalılar onun hara getməsini bilməsinlər deyə, Taliban şəhərə döyüşsüz girməzdən əvvəl Qəninin vertolyotu paytaxtı tərk edərkən alçaqdan uçub” sualına Mohibin cavabı bu olub: “Bəli, məhz belə olub, çünki etimad itmişdi”.

Mohib daha sonra əlavə edib: “Əfqanıstan, ABŞ və digər müstəqil mənbələrdən əldə edilən kəşfiyyat məlumatlarından məlum idi ki, Taliban və onun sponsorları Əşrəf Qənini ələ keçirmək istəyir. Bizim ölkəmizi itirməyimiz utancvericidir. Amma biz istəməzdik ki, Əfqanıstanın daha bir prezidenti alçaldılsın və öldürülsün”.

Lakin keçmiş müşavir sponsor dedikdə kimi nəzərdə tutduğunu açıqlamayıb.

Müşavirin sözlərinə görə, Qəninin yaxın ətrafı belə nəticəyə gəlmişdi ki, Talibana Əfqanıstan ərazisindən müqavimət göstərmək yersizdir, çünki ABŞ hər bir halda öz qoşunlarını ölkədən çıxarmaqda israrlı idi. Bu səbəbdən ölkəni tərk etmək qərara alındı: “Biz prezidentin Əfqanıstanda qalaraq mübarizəni davam etdirməsi üçün təhlükəsiz yer axtardıq. Lakin belə bir yer yox idi. Dohada müzakirə olunanlar isə kapitulyasiyadan başqa bir şey deyildi. Əgər kapitulyasiya olacaqsa, onda 2 həftə də gözləyərək milyonlarla əfqanın həyatını riskə atmaq nəyə lazım olardı”?


Story Code: 969320

News Link :
https://www.islamtimes.org/az/news/969320/keçmiş-müşavir-əşrəf-qəni-artıq-abş-a-güvənmirdi

Islam Times
  https://www.islamtimes.org