0
Tuesday 11 January 2022 - 00:28

Azərbaycan və İran əlaqələrinin inkişafına dair vebinar keçirilib

Story Code : 972952
Azərbaycan və İran əlaqələrinin inkişafına dair vebinar keçirilib
İran və Azərbaycan əlaqələrinin inkişafına dair vebinar İranın Şərqi Azərbaycan əyalətinin başçısı Abidin Xorrəm, İranın Azərbaycandakı səfiri Abbas Musəvi, İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Seyid Əhməd Musəvi, özəl sektorda çalışan iş adamları və iqtisadi fəalların iştirakı ilə keçirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, vebinarda çıxış edən İranın Şərqi Azərbaycan əyalətinin başçısı Abidin Xorrəm İran və Azərbaycan arasında ortaq maraqlara uyğun əlaqələrin inkişaf etdirilməsində özəl şirkət və fəalların rolundan danışıb. O bildirib ki, "Xudafərin sərhəd-keçid məntəqəsinin fəaliyyəti ilə bağlı zəruri addımlar atılacaq. Bu keçid məntəqəsinin açılması üçün İran tərəfindən lazımi infrastruktur işləri hazırdır və sərhədin açılması üçün heç bir maneə yoxdur",

O qeyd edib ki, İran və Azərbaycan arasında əlaqələr daha da inkişaf edib. Hazırkı şəraitdə əlaqələrin yüksək olması hər iki tərəf üçün önəmlidir: "Azərbaycan və İran arasında əlaqələrin inkişaf etdirilməsi, iki ölkənin tarixi və turizm potensialını tanıtmaq üçün KİV arasında qarşılıqlı əməkdaşlığın artırılması, müalicə turizminin inkişafı, Təbriz və Bakı universitetləri arasında elmi əməkdaşlıq və tələbə mübadiləsi, yeni müştərək bazarların açılması, birgə sərgilərin təşkili, iki ölkənin investisiya imkanlarının tanıtdırılması, iş adamlarına biznes vizasının verilməsi üçün məhdudiyyətlərin aradan qaldırılması, pul köçürmələri sahəsindəki problemlərin həlli, Təbriz-Bakı aviareysinin açılması kimi tədbirlərin həyata keçirilməsi daxildir.”

A.Xorrəm deyib ki, iki ölkə arasında həll oluna bilməyən məsələ yoxdur: "Qarabağın azadlığı İran İslam Respublikasının şirkətləri üçün bu bölgədə öz mühəndislik və texniki güclərini göstərmək üçün yaxşı bir imkandır. Bu şirkətlər həmin bölgənin yenidən qurulmasında yaxından iştirak edə bilər".

İranın Azərbaycandakı səfiri A.Musəvi də İran və Azərbaycan arasında əlaqələrin inkişafından danışıb və İranın hazırkı hökumətinin qonşu ölkələrlə əlaqələri gücləndirməkdə maraqlı olduğunu vurğulayıb: "Statistikaya əsasən koronvairus pandemiyası və düşmənlərin qara piarına baxmayaraq Azərbaycan və İran arasında ötən 10 ayda ticarət mübadiləsi 90 milyon dollar, və ya 22,5% artıb."

A.Musəvi Xudafərin sərhəd-keçid məntəqəsinin açılmasına dair Azərbaycan rəsmilərinə məlumat verildiyini bildirib və qeyd edib ki, Azərbaycanla güzəştli ticarət sazişi ilə bağlı işlər tamamlanmaq üzrədir və bu sənəd imzalandıqdan sonra İrandan Azərbaycana ixracat daha da asanlaşacaq.

İranın Naxçıvan MR-dəki Baş konsulu Seyid Əhməd Hüseyni bildirib ki, Təbriz Azərbaycan xalqı üçün önəmli və tarixi bir şəhərdir. O, Azərbaycan və İran arasında iqtisadi, ticarət əlaqələrin inkişafı üçün geniş potensial olduğunu vurğulayıb.

Vebinadrda iştirak edən iqtisadçı və biznesmenlər iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün mövcud sahələr və imkanlar haqqında hesabatlarını təqdim ediblər.