0
Thursday 12 May 2022 - 18:44

Moskva Finlandiyanın NATO-ya daxil olması ilə bağlı cavab tədbirləri vəd edib

Story Code : 993916
Moskva Finlandiyanın NATO-ya daxil olması ilə bağlı cavab tədbirləri vəd edib
SalamNews “TASS”a istinadən xəbər verir ki, bu barədə mayın 12-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilib ki, onilliklər ərzində hərbi bloklara qoşulmama siyasəti Şimali Avropa regionunda sabitliyin əsasını təşkil edib, Finlandiya dövləti üçün etibarlı təhlükəsizlik səviyyəsini təmin edib, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin qurulması üçün möhkəm əsas olub.

“NATO-nun məqsədi bəllidir - Rusiya sərhədlərinə doğru genişlənməyə davam etmək, ölkəmizə hərbi təhlükə üçün daha bir cinah yaratmaq. Finlandiyanın niyə öz ərazisini Rusiya ilə hərbi qarşıdurma xəttinə çevirmək istədiyini isə tarix göstərəcək”, deyə məlumatda qeyd edilib.

Rusiya XİN bildirdiyinə görə, Moskva dəfələrlə qeyd edib ki, öz milli təhlükəsizliyini təmin etmək yollarının seçimi Finlandiya hakimiyyətinin və xalqının ixtiyarındadır.

“Buna baxmayaraq, Helsinki belə bir addımın məsuliyyətini və nəticələrini dərk etməlidir. Finlandiyanın NATO-ya daxil olması ikitərəfli Rusiya-Finlandiya münasibətlərinə, Şimali Avropa regionunda sabitliyin və təhlükəsizliyin qorunmasına ciddi ziyan vuracaq. Rusiya bununla bağlı milli təhlükəsizliyinə yaranan təhdidləri dayandırmaq üçün həm hərbi-texniki, həm də digər xarakterli cavab addımları atmağa məcbur olacaq”, deyə nazirlik qeyd edib.

“NATO-ya qoşulmaq həm də Finlandiyanın beynəlxalq hüquqi öhdəliklərinin, ilk növbədə, tərəflərin alyanslara girməmək və onlardan birinə qarşı yönəlmiş koalisiyalarda iştirak etməmək öhdəliyini nəzərdə tutan 1947-ci il Paris Sülh Müqaviləsinin birbaşa pozulması olacaq. Bu addım həmçinin Rusiya və Finlandiya arasında 1992-ci ildə imzalan müqaviləyə də ziddir. Bu müqaviləyə əsasən, tərəflər qarşı tərəfin ərazi bütövlüyünü hədələməkdən və ya güc tətbiq etməkdən çəkinməli, öz ərazisindən qarşı tərəfə yönəlik silahlı təcavüz üçün istifadə etməməli və ya istifadəsinə icazə verməməlidir”, deyə Rusiya XİN bildirib.