0
Thursday 26 May 2022 - 01:43

Baş nazir Ankaranı inkar etdi – Mağarada tapılan detal isə onu yalanladı

Story Code : 996106
Baş nazir Ankaranı inkar etdi – Mağarada tapılan detal isə onu yalanladı
İsveç Baş naziri Maqdalena Andersson PKK-ya dəstək vermələri ilə bağlı söhbətləri təkzib edib və heç bir terror təşkilatını maliyyələşdirmədiklərini, silahlandırmadıqlarını iddia edib. Halbuki bundan əvvəl PKK terror təşkilatının mağaralarında İsveç istehsalı silahlar tapılmışdı.

Teleqraf.com xəbər verir ki, Türkiyənin İsveçin NATO-ya üzvlüyünə qarşı israrlı mövqe nümayiş etdirdiyi vaxt Stokholmdan PKK ilə əlaqələrini inkar edən açıqlama gəlib.

İsveç Baş naziri Maqdalena Andersson Türkiyənin Stokholmun PKK-ya dəstək verməsi ilə bağlı ittihamlarına cavab verib.

Andersson keçirdiyi mətbuat konfransında deyib:

“Təbii ki, biz terror təşkilatlarına pul göndərmirik, silah vermirik. Hazırda Türkiyə ilə danışıqlar davam edir və bu müzakirələrin davamlı olacağını gözləyirik”.

Finlandiya və İsveç nümayəndə heyətlərinin iştirakı ilə Ankarada keçiriləcək görüşlər bu gün başlayıb.

İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi Ankaranın vetosu ilə üzləşib. Türkiyə hökuməti sözügedən ölkələri terror təşkilatlarına yardım göstərməkdə ittiham edir.

Türkiyənin mövqeyini dəstəkləyən daha bir detal PKK-ya aid mağaralarda üzə çıxıb. “Pəncə - Kilid” əməliyyatı çərçivəsində terrorçuların istifadə etdikləri mağarada İsveç istehsalı “AT-4” tank əleyhinə sistemlərlə yanaşı, müxtəlif silah-sursatların aşkarlanması diqqət çəkib.