Islam Times 7 Aug 2012 162012000000Tue, 07 Aug 2012 16:39:23 +0430 16:39 https://www.islamtimes.org/az/news/184898/suriyanın-ağır-günləri-arxada-qalır -------------------------------------------------- Title : Suriyanın ağır günləri arxada qalır -------------------------------------------------- IslamTimes - Yaxın Şərq üzrə ekspert Ənəs Nəqqaş regionda Bəşar Əsədə qarşı oyunçuların məğlub olduğundan danışır. Ekspertin nəzərincə artıq Suriya hökuməti ağır günləri arxada qoyub və hər hansı xarici hərbi müdaxilə gündəmdən çıxıb. Text : Misir, Tunis, Bəhreyn, Yəməndə İslami oyanış hərəkatlarının şölələnməsi ilə Amerika və sionist rejimə nökərçilik edən diktatorlar süquta uğradı. Xüsusi ilə Hüsni Mübarəkin süqutu Vaşinqton və Tel-Əvivi möhkəm bir dayaqdan məhrum etdi. ABŞ və müttəfiqləri İslami oyanış zərbəsindən qismən yayınmaq üçün Suriyanı qarışdırmağa qərar verdi. Onlar regionda yaranmış vəziyyəti yalnız bu yolla öz xeyirlərinə dəyişməyə ümid edirdilər. IslamTimes-ın müxbiri mövzunu araşdırmaq üçün Yaxın Şərq üzrə ekspert doktor Ənəs Nəqqaşla görüşüb. Ekspert məntəqədə baş verən son hadisələrə münasibət bildirib. Sual: Əvvəlcə Suriya hadisələrindən ümumi çıxarışa ehtiyac var. Özünü Suriyanın dostları adlandıran imperialist qüvvələrin məqsədləri müəyyənləşdirilməlidir. Suriyadakı son hadisələr barədə nə deyə bilərsiniz? Ənəs Nəqqaş: Öncə qeyd edək ki, sabitlik pozulandan sonra Suriya prezidenti Bəşar Əsədin iştirakı ilə əksər şəhərlərdə islahatlara start verildi. İslahatlar elan olunduqdan sonra xalqın əksəriyyəti prezidentə dəstək verdi, hətta müxaliflərin mövqeyi dəyişdi. Müxaliflər anladılar ki, silahla heç bir problem həll olunmayacaq və artıq ölkə daxilindəki narazılıq xarici dövlətlərin əlində vasitəyə çevrilib. Ölkə daxilindəki etirazçılar istənilən bir xarici müdaxilənin ziddinədir. Eyni zamanda ölkə daxilində və xaricdə dəyişikliklər baş verdi. Ölkə daxilindəki etirazçılar xarici müdaxiləyə qarşı çıxaraq, islahatlara səs verdilər. Bu artıq milli barışığa aparırdı. Əlbəttə ki, bu münasibət xarici təcavüzkarları qane etmirdi. Türkiyə və ABŞ öz mövqeyində dəyişiklik etməli oldu. Onlar əvvəl ümid edirdilər ki, Bəşar Əsəd hökuməti qısa bir müddətdə süqut edəcək. Sual: Siz son dövrdə gərginləşmiş Suriya-Türkiyə münasibətlərinə toxundunuz. Türkiyə Suriyaya hərbi müdaxilə üçün Qərbin dəstəyinə ümid edirmi? Hadisələr Liviyadakı kimi davam edəcəkmi? Ənəs Nəqqaş: Artıq Suriyaya xarici müdaxilə mövzusu gündəmdə deyil. Əvvəllər belə bir söhbət vardı ki, Qərb tədrici şəkildə hərbi müdaxiləyə start verib. Amma bu bir təbliğat idi. Mənim nəzərimcə bu məqsədə müəyyən amillər mane oldu. Ən əsası Suriya tək deyil. İran İslam Respublikası bütün imkanları ilə Suriyanın kənarındadır, İraq Suriyaya müdaxiləyə qarşıdır və bu mövzuda Ankaraya etiraz edib. Digər tərəfdən Suriya ordusu ölkənin bütövlüyü keşiyində dayanıb. Bəşar Əsəd hökuməti Səddam Hüseyn hökuməti deyil və xarici müdaxilə onu qorxutmur. Suriya tankları Türkiyə ilə sərhəd boyu mövqe tutub. Bu onu göstərir ki, Suriya ordusu vəziyyətə nəzarət edir və Liviyada baş verənlər Suriya üçün ağılagəlməzdir. Suriya xalqı milyonluq nümayişlərlə Bəşar Əsəd hökumətinə dəstək verir və xarici müdaxiləyə qarşı çıxır. Sual: Sizin nəzərinizcə Suriya dövləti yaranmış böhranı aradan qaldırmaq gücünə malikdirmi? Ənəs Nəqqaş: Ölkədə quruculuq işlərinə ehtiyac var. Hökumətin süqutundan söhbət belə gedə bilməz. Ölkə daxilində heç bir məntəqə hakimiyyətə qarşı deyil. Ona görə də Bəşar Əsəd hökuməti böhranı ötüb keçəcək, ölkədə quruculuq işləri başlayacaq. Mövcud hakimiyyət yeni Suriyanın qurulmasının öhdəsindən gələcək. Sual: Qərb ölkələri hərbi müdaxilə ritorikasını iqtisadi sanksiyalarla əvəz edib. Əvvəlcə hərbi müdaxilə ilə qorxudurdular, indi embarqolardan danışırlar. İran böhranın aradan qaldırılmasında Suriyaya kömək edə biləcəkmi: Ənəs Nəqqaş: Öncə qeyd etməliyəm ki, Suriya da İran kimi beynəlxalq sanksiyalara adət edib. Dəməşq heç vaxt xarici yardımlara və əlaqələrə bel bağlamayıb. Suriya heç vaxtı xaricdən böyük borclar almayıb. Ona görə də sanksiyalar təsirli olmayacaq. Sanksiyalarla bağlı bəyanatlar təbliğat xarakterlidir və yalnız turizm sahəsinə təsir göstərə bilər. Çünki ölkədə sabitliyin pozulması, ölkə iqtisadiyyatında yer alan turizm sahəsinə təsirini göstərib. Amma bütün bunlar vəziyyəti dəyişməyəcək. İran böhrandan çıxmaq üçün Dəməşqə dəstək verəcək. Artıq iki dövlət arasında yeni ticarət əlaqələri imzalanır. Hadisələrdən öncə iki ölkə arasında böyük layihələr gündəmdə idi. Bu layihələr həyata keçiriləcək. Suriya öz iqtisadiyyatını Qərbdən asılı etmək əvəzinə etibarlı müttəfiqi İranla həmkarlıq edəcək. Sual: Siz bir mütəxəssis olaraq İran-Suriya münasibətləri ilə bağlı nə kimi tövsiyələr verə bilərsiniz? Ənəs Nəqqaş: Mənim nəzərimcə İran və Suriya bu günə qədərki iqtisadi müqavilələri daha da möhkəmləndirməli, məntəqənin güclü dövləti olan İraqı layihələrə cəlb etməlidirlər. Çünki İraq İranla Suriya arasında bir rabitədir. Enerji daşıyıcılarının ötürülməsində bu üç ölkənin həmkarlığına böyük ehtiyac var. Sual: Strateji baxımdan Suriyanın gələcəyini necə görürsünüz? Ənəs Nəqqaş: Suriya hazırkı böhranı geridə qoyduqdan sonra əvvəlkindən daha güclü olacaq. Dəməşq fitnəkarlıqlara son qoyduqdan sonra ABŞ qüvvələri İraqı tərk edəcək və məntəqədə söz sahibi İran və Suriya olacaq. Artıq Amerikanın sanksiyalarına qarşı müştərək müqavimət onların təsirini heçə endirəcək. Sual: Sizcə Suriya fitnəkarlığının əsas oyunçuları hansı ölkələrdir? Dəməşqə qarşı çıxanlar kimlərdir? Ənəs Nəqqaş: Bu fitnəkarlıqda ərəb ölkələrindən Qətər aparıcı rol oynayır. O öz informasiya vasitələri ilə Suriya hökumətinə qarşı mənfi fikir yaradır. Qərb dövlətləri, İordaniya bu böhranda canfəşanlıq göstərir. Əlbəttə ki, İordaniyanın fəaliyyətləri informasiya sahəsi ilə məhdudlaşır. Türkiyənin isə fitnəkarlıqlarını nəzərdən qaçırmaq olmaz. Ankara Suriya hökumətini devirmək istəyir və bu işdə xarici dövlətlərin mənafeinə xidmət edir. Suriyadakı fitnəkarlıqların mühəndisi Amerikadır. ABŞ-ın məqsədi Yaxın Şərqdə vəziyyəti dəyişməkdir. Ağ Ev məntəqədə onun mənafelərini qoruyacaq polis dövlət yaratmaq istəyir. Sual: Bir müxbir olaraq mənə maraqlıdır ki, siz Ərəbistan və Livanın adını çəkmədiniz. Doğrudanmı Riyaz və Beyrut bu hadisələrdə rol oynamır? Ənəs Nəqqaş: Əlbəttə ki, bu ölkələr də Suriya hadisələrində müəyyən rol oynayıb. Livanda yalnız bir cərəyan Suriya hökumətinə qarşı çıxıb. Bunu bütün Livana aid etmək olmaz. Bu kiçik və oyuncaq bir qrupdur. Həmin qrup Ərəbistanın əlində vasitə olub. Eyni zamanda Ərəbistandakı radikal cinahlar Suriya hökumətinə qarşıdır və mövcud hökuməti devirmək istəyir. Sual: Bəs Suriya hadisələrində müsbət rol oynayanlar kimdir? Ənəs Nəqqaş: Bu ölkələr sırasında İranın, Livanın, Rusiyanın, Çinin adını çəkmək olar. Bütün bu ölkələr Suriyada hakimiyyətə dəstək olub. Sual: Yaddan çıxan nöqtə qaldımı? Ənəs Nəqqaş: Fürsətdən istifadə edərək deyim ki, məntəqə ölkələri arasında iqtisadi, siyasi rabitələri möhkəmləndirmək lazımdır. Bu yolla məntəqədə bir təşkilat yaratmaq olar. Çünki ABŞ qüvvələri regionu tərk etdikdən sonra məntəqə ölkələri həmkarlıq edərək bu boşluğu doldurmalıdır. "IslamTimes" - Tərcümə şöbəsi