0
Sunday 5 August 2012 - 01:09

“Tək dindarların deyil, cəmiyyətin hüquqları məhdudlaşdırılıb”

Story Code : 184965
“Tək dindarların deyil, cəmiyyətin hüquqları məhdudlaşdırılıb”
“Tək dindarların deyil, cəmiyyətin hüquqları məhdudlaşdırılıb”
- ABŞ Dövlət Departamenti dini etiqad azadliqları ilə bağlı hesabat açıqladı. Sənəddə Azərbaycanda dini azadlıqların məhdudlaşdırıldığı iddia olunur və dindarların təqibindən danışılır. Hesabatdakı məqamlarla razısınızmı?

- Təəssüf ki, bu suala birmənalı cavab verə bilməyəcəm. ABŞ-ın xarici siyasəti dünyanın bütün hüquq müdafiəçilərini, şahmat dili ilə desək, sunqsvanq vəziyyətinə salıb. Təsdiq etmək olmur – ABŞ administrasiyasının dünyada insan haqlarını pozması fonunda belə sənədlərlə qeyd-şərtsiz həmrəy olmaq müşkül məsələdir. Razılaşmamaq da çətindir – axı hesabatda əks etdirilən faktların mütləq əksəriyyəti gerçəkliyə əsaslanır. Problem ondadır ki, ABŞ administrasiyası dünyada jandarm rolunu icra etməyə iddialıdır. Hökumətləri qoyub-devirmək, iqtisadi və siyasi maraqlarına uyğun gəlməyən dövlətlərə və cəmiyyətlərə qarşı hər cür təzyiqlər, diktator rejimlərinə ağlasığmaz dəstək, İraqda, Əfqanıstanda, Pakistanda dinc əhalinin kütləvi qırğını, İsrail rejiminin cinayətlərinə şərik olmaq, MKİ-nin gizli həbsxanaları, Quantanamo və Əbu-Qreyb kimi işgəncə fenomenləri və bir sıra digər məsələlər beynəlxalq hüquqa aşkar etinasızlığın göstəricilərindəndir.Digər tərəfdən, ABŞ Dövlət Departamenti hüquq-müdafiə ritorikasını da davam etdirir, hesabatlar hazırlayır. Bu, əksliklərin ziddiyyətdə olaraq, vəhdətə gəlməməsinin bariz nümunələrindəndir.

Hesab edirik ki, ABŞ administrasiyası bu ikili siyasətə təcili son qoymalıdır. Təbii ki, biz sadəlövh deyilik və dərk edirik ki, ABŞ administrasiyaları əsasən seçki konstruksiyalarının memarı rolunda çıxış edən bir neçə yüz transmilli korporasiyanın maraq radiusunda hərəkət edir. Lakin, onu da bilirik ki, ABŞ camiəsi yüzillərin sınağından çıxmış mülki hüquqlar uğrunda mübarizə ənənələrinin sabit daşıyıcılığını özündə ehtiva edən bir ictimai modelə əsaslanır və “Uoll-striti işğal et!” hərəkatı da bunun gözəl nümunələrindəndir. Odur ki, ümidimizi itirmirik və dünya hegemonluğuna iddialı qüvvələrin keyfiyyət dəyişikliyinə məruz qalmarının gözləntilərini yaşayırıq. Bu gözləntilər, güclənməkdə olan beynəlxalq ictimai oyanışın fonunda günü-gündən gerçəklik yükü ilə yüklənir.

- Bundan sonra Azərbaycanda məscidlərdə “vahid xütbə” tətbiq olunacaq, ayrıca xütbələr yazılı şəkildə QMi-yə təqdim olunacaq. Həmçinin məscidlərdə kamera quraşdırılacaq və xütbələr videolentə alınacaq. Bunlar dini etiqad azadlığının və insan haqlarının məhdudlaşdırılması deyilmi?

- Biz dəfələrlə bu mövzunu şərh etmişik, bir daha vurğulayırıq – əgər söhbət xütbədən gedirsə, şablon yanaşma zatən mümkün deyil. Xütbə – xətibin ruhi-mənəvi durumundan, dünyagörüşündən, halətindən, məhəbbətindən, ibadətindən, ixlasından qaynaqlanan bir İlahi aktdır. Bunu reqlamentləşdirmək ideyasının mahiyyətcə əsası yoxdur. Əgər söhbət məscidə cəm olmuş insanlar qarşısında şablon və növbətçi çıxışdan gedirsə, bunu xütbə adlandırmaq gərək deyil. Bu, ona oxşayar ki, ülvi hisslərin izharını bir təsdiqlənmiş nümunəvi şablon əsasında həyata keçirmək qərarlaşdırılsın.

Sırf hüquqi müstəvidə yanaşsaq, bu, dini etiqad və vicdan azadlığının aşkar surətdə pozulmasıdır. Xütbə – ibadətin bir növüdür, istər xətib tərəfindən, istərsə də müxatiblər tərəfindən. Bunu reqlamentləşdirmək namazı, orucu reqlamentləşdirmək cəhdi kimi bir məsələdir.

- Niyə Azərbaycanda dinə, xüsusən İslama qarşı bu qədər basqılar var? Səbəb nədir?

- Dinə basqıları əlahiddə bir qrup kimi təsnifləndirmək – əgər metodoloji baxımdandırsa, düzgün olar. Amma əslində söhbət ümumilikdə insan hüquq və azadlıqlarının total məhdudlaşdırılmasından gedir. Fərqli düşüncəyə, hətta sadəcə müstəqil fikrə qarşı qıcıq var. Fikir veriniz, Rüstəm İbrahimbəyov kimi dünya şöhrətli həmvətənlərimiz də təzyiqlərə məruz qalır. Səbəb? Çünki düşünür. Müstəqil düşünür. Fərqli düşünür.

Dünyanın hər hansı yerini götürsək, məmuriyyət ictimaiyyətdən minimum asılı olmağa, qeyri-şəffaf siyasət yürütməyə, ictimai hesabatlar verməməyə, ictimai nəzarətdən kənara çəkilməyə meyllidir. Belə şəraitdə idarə etmək məmuriyyət üçün daha rahat və başağrısızdır. Və bəşəriyyət bunu məhdudlaşdırmaq üçün işlək ictimai mexanizmlər icad edib. Bunların arasinda azad seçkilər, KİV, həmkarlar ittifaqı, siyasi partiyalar, seçkili məhkəmələr, QHT-lər və s. xüsusi rol oynayır. Və o yerlərdə ki, göstərilən institutlar inkişaf etmir, vəziyyət acınacaqlı olur. Ölkəmiz də bu institutların rüşeym səviyyəsində olması səbəbindən insan ölçüsü indeksinə görə çox aşağı yerlərdədir. Və məmuriyyət heç zaman özü öz səlahiyyətlərini məhdudlaşdırmayacaq, ictimai institutları inkişaf etdirməyəcək. Bu, cəmiyyət üzvlərinin ictimai həyatda fəal iştirakı sayəsində baş verir.

- İlqar bəy, bir ara İctimai Palatada bulunmağınız bəzi müxalifət təmsilçilərinin narazılığına səbəb olurdu. Niyə?

- Sualın qoyuluşu ilə razı deyiləm. Düşünürəm ki, hansısa konkret nümunələrdən, formalaşmış qruplaşmalardan söhbət getməməlidir. Belə hallar minimal dərəcədədir. Sadəcə, iqtidarda və ya müxalifətdə olmasından asılı olmayaraq, neo-bolşevik təfəkküründə olan, fərqli yanaşmaya, fərqli dünyagörüşünə dözümsüz olan, geniş anlamda həqiqi demokratik düşüncəyə yad münasibət sərgiləyən insanlar mövcuddur və onlar bəzən razılaşmadıqları fenomenlər, təkliflər, həllərə qarşı daxildən gələn qıcıqlı münasibət sərgiləyirlər. Ümumilikdə isə, müxalifətdə belələri marjinal durumdadırlar. Məncə günümüzdə artıq bu məsələlər daha aktual da deyil.

Tural/bizimyol
Source : Bizimyol
Comment