0
Wednesday 10 October 2012 - 23:41

Hadı Rəcəbli: "Gülər Əhmədova Azərbaycan hakimiyyətinə heç vaxt şərəf gətirməyib"

Story Code : 202637
Hadı Rəcəbli: "Gülər Əhmədova Azərbaycan hakimiyyətinə heç vaxt şərəf gətirməyib"
Hadı Rəcəbli: "Gülər Əhmədova Azərbaycan hakimiyyətinə heç vaxt şərəf gətirməyib"
Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən qalmaqallı videogörüntüsü yayılmış sabiq millət vəkili Gülər Əhmədovadan danışıb. Hadı Rəcəbli deyib ki, neçə gündür ki, kütləvi informasiya vasitələri mətbuat orqanları bu mövzu ilə bağlı ondan müsahibə istəyirlər: “Açığını deyim, mən də min bəhanə ilə müsahibədən qaçırdım, bunun sonradan ondan qisas almağa çalışmağım kimi qiymətləndiriləcəyini düşünüb, bundan imtina edirdim”.

- Gülər Əhmədova “Yeni Müsavat” qəzeti ilə bağlı iddialar səsləndirir ki, guya ona qarşı qəzet təxribat törədir, amma bəs nə əcəb “Yeni Müsavat”-ın saytında “Mərkəz” qəzetinin banneri, loqosu yerləşdirilmişdi? Bu, necə olur? Məni müsahibə verməyə məcbur edən məsələlərdən biri də budur. Onun müsahibələrinə, atmacalarına, facebook oyununa baxıram, deyir ki, zarafat edir... Sən bu dəqiqə ən aşağısı, az qala istintaq, həbs altındasan, deyirsən ki, zarafat edirəm! Bu sözlər cəmiyyəti qıcıqlandırır. Mən bu gün birmənalı şəkildə demək istəyirəm ki, hakimiyyət bu məsələyə adekvat qiymət verdi. Düşünürəm ki, mənəviyyatsız, belə iyrənc adamlar parlamentdə olmamalıdır. Bu adamın necə və kim olduğunu təəssüf ki, həm parlamentdə, həm də cəmiyyətdə yaxşı bilirdilər. İctimai rəyi çaşdırmaq, aldatmaq olmaz. Belə olmalı idi, başqa cür ola da bilməzdi. Özü ilişdi, özü özünü cəzalandırdı, ifşa etdi.

- Gülər Əhmədovanın Əli Əhmədovla bağlı fikirlərini necə qarşıladınız?


- Əli Əhmədov mətbuatda işıq üzü görən müsahibəsində fikirlərini özünə xas olan təmkinlə ifadə edib. Əli müəllim parlamentdə və hakimiyyətdə ən ləyaqətli və hörmətli şəxslərdən biridir. O qadının “facebook oyunu”, xarakterinə və xislətinə xas əməli onu bir daha ifşa etdi. Mən çox sevindim ki, “modern.az” saytında onun “uşaq” şeirinə bir maraqlı və kəskin şeirlə cavab vermişdilər, çox təəssüf ki, saytdan o şeri nədənsə tez çıxardılar. Amma “Səs” qəzetində onun “uşaq” şerinə cavab şerlər indi də gedir. Gülər Əhmədova o şeirə layiq adam idi, o hərəkətlərin cavabı belə də olmalı idi. Əli Əhmədov haqqında belə şey yazmaq olmaz, o çox-çox yuxarıda duran siyasətçidir.

- Sabiq deputat həmkarınızı necə xarakterizə etmək olar?

- Mən sovetlər dönəmində 1 dəfə, müstəqillik illərində 4 dəfə deputat seçilmişəm. Beş dəfə deputat seçilən bir şəxs kimi bu qalmaqal məni çox ağrıdır. Mən və parlamentdə olan deputat həmkarlarımızda heç vaxt bu adam haqqında standart, müsbət fikir olmayıb. Bunu mən demirəm, hamısı deyir. Od olmayan yerdən tüstü çıxmaz. Bütün hallarda hesab edirəm ki, bu hal çox xoşagəlməzdir. Mən Əli Əhmədovun fikirlərini çox yüksək qiymətləndirirəm. Cəmiyyət, saytlarda gedən şərhlərdə insanlar od püskürürdü. Bir fırıldaqçı cəmiyyətdə vəzifə tutan, hörmət sahibi olan min nəfərə ləkə gətirdi. Əlbəttə, istintaq bütün bu əməllərin adekvat qiymətini verəcək. Amma ilk dəfə

Əli Əhmədov xalqın ürəyindən gələn bir fikri nə yaxşı ki, vaxtında ifadə etdi, cəmiyyəti nisbətən sakitləşdirdi və bu əməli, dələduzluq kimi qiymətləndirdi. Mənim üçün bu, təzə məsələ deyil. Gülər Əhmədova barədə mənim fikirlərim qətidir, 16 il əvvəl bu fikirlər məndə formalaşıb. Bu qadın Azərbaycan hakimiyyətinə və parlamentinə heç vaxt şərəf gətirməyib. Bu adam bütün dövrlərdə intriqalarla məşğul olub. Gənclər təşkilatında işləyəndə dalaşıb, yerini dəyişiblər. Respublika Uşaq Təşkilatında çalışanda İsmayıl İbrahimov kimi ağsaqqal adamın yerinə göz dikib, otağını əlindən alıb, gərginliklər yaranıb. Münasibətdə olduğu elə bir adam olmayıb ki, onunla münaqişəsi olmasın. Bu gün Yasamal rayonunda tikinti təşkilatlarının rəhbərləri var, bu dəqiqə hazırdırlar ki, Gülər Əhmədova tərəfindən onlara qarşı edilən haqsız əməllər barədə danışsınlar. Kimlə ünsiyyətdə olubsa, ona qarşı xoşagəlməz əməllər edib. Bu günə qədər hələ elə bir tədbir olmayıb ki, ora gecikməsin. Onu dəvət edən bütün hörmətli kollektivlərin tədbirlərinə bilərəkdən, özünü göstərmək üçün, hörmətsizlik edərək gecikib. O, bütövlükdə Azərbaycan parlamentinə layiq adam deyildi. Düz elədi ərizə verib deputat mandatından imtina etdi. İmtina etməsəydi, başqa cür addımlar atıla bilərdi.

- Gülər Əhmədova ilə bağlı Əli Əhmədov, Siyavuş Novruzov, Eldar İbrahimov, Mübariz Qurbanlı Məlahət Həsənova, Kərim Kərimov və digər həmkarlarınızın fikirlərinə necə yanaşırsınız?


- Mən deputat həmkarlarımın fikirlərinə böyük hörmətlə və təqdir edərək yanaşıram. Bu gün mətbuat səhifəsinə çıxmayan onlarla, yüzlərlə həmkarlarım bu qalmaqaldan çox üzülüblər. Bizim parlamentə, hakimiyyətə, möhtərəm prezidentimizə qarşı çox narahatlıq doğuran hərəkət olub. Ona görə də üzülürük və çox narahat oluruq. Sevinirik ki, parlament belə adamlardan təmizlənir və hakimiyyət bir daha göstərir ki, belə adamların heç birinə sıralarımızda yer yoxdur, onlara qarşı qanunlarımızın ən kəskin tələbləri ilə cəza veriləcəkdir.

- Gülər Əhmədovanın Yeni Azərbaycan Partiyasından çıxarılmasını vacib sayırsınızmı?

- Bir az diqqətli olsanız, partiyamızın funksionerləri bu haqda artıq fikirlərini bildirib, Gülər Əhmədova Yasamal rayon təşkilatında qeydiyyatdadır, o, bu günlərdə partiyadan xaric olacaq. O adam bizim partiyanın sıralarında ola bilməz. Əli Əhmədov qalmaqalla bağlı hakimiyyətin və partiyamızın fikirlərini vaxtında isti isti səsləndirdi və dedi ki, bu adam dələduzdur. Qadın üçün dələduz sözündən ağır söz olmaz. Zaman göstərəcək ki, o, sözün tam mənasında dələduzdur. Heyf ki, bu qalmaqalda Gülər çox təmiz və hörmətli adamların adını çəkir, onlara ləkə yaxır. Ayıb olsun.
Source : Lent.az
Comment