0
1
comments
Tuesday 13 November 2012 - 08:35

“Allahın dini varsa, onun dinini qoruyan da tapılar”

Story Code : 211444
“Allahın dini varsa, onun dinini qoruyan da tapılar”
“Allahın dini varsa, onun dinini qoruyan da tapılar”
İslamazeri.az keçmiş vicdan məhbusu Rəşad Vəliquliyevdən müsahibə alıb.

Müsahibəni diqqətinizə çatdırırıq:


1. Siz 1 il 6 ay həbsdə oldunuz, bu haqda nə deyə bilərsiniz?

Əvvəla həbsdə olduğumuz müddət ərzində bizim xidmətimizdə duran bütün möminlərə öz təşəkkürümü bildirirəm. O ki, qaldı hicaba görə 1 il 6 ay zindan qalmağıma, bunu deyə bilərəm ki, İslami dəyərlər üçün nəinki azadlıq, hətta canımızdan belə keçmək lazımdır. Mən hicaba görə 1 il 6 ay zindanda qalmağıma peşman deyiləm.

2. Zindanda dindarların ruhiyyəsi haqda nə deyə biərsiniz?

Bütün dindarların ruhiyyəsini ümumilikdə “yaxşı” adlandırmaq olar. Əlbəttə ki, ruhanilərin ruhiyyəsinin yüksəkliyi olmasa dindarların ruhiyyəsi o qədər ürək açan olmaz. Odur ki, ruhanilərdən Hacı Tale, Hacı İlham, ağsaqqalımız Hacı Məsim, dostum Hacı Mehdi, hamısının cəmiyyətdə öz yeri olduğu kimi, həbsxanada da öz yerlərini tuta bilirdilər. Məsələn bir maraqlı faktı deyim ki, Hacı Tale Bağırov iki gün məndən əvvəl azad edildi, hər kəs orada Hacının yerinin göründüyünü deyir, hətta mən 2 gün sonra azad olunmağımı bilməyimə baxmayaraq onun üçün darıxırdım. Hacı Talenin şücaəti, mərdanəliyi, elmi və əxlaqi xüsusiyyətləri zindan həyatı yaşayan demək olar hər kəsdə müsbət təsir bağışlamışdı.

3. Səni azadlıqda görməyinə ən çox kim sevindi?

Bütün dostlara, qohumlara təşəkkür edirəm. Lakin zahirən mənim 4 yaşlı qızım Zeynəb hamıdan çox sevincini biruzə verirdi. Hər kəsə “atam türmədən çıxdı” deyirdi. Əlbəttə ki, Allahdan arzu budur ki, zindanda olan bütün nahaqdan həbs edilənlərin ailəsi mənim ailəm kimi sevinsin.

4. Siz orta məktəbdə tətbiq edilən məktəbli forması qanununa, yəni “hicab qadağası”na etiraz etdiniz?

Bəli mən indi də, bu qadağaya etirazım var. Bunu hər kəs bilməlidir ki, əgər Allahın dini varsa, onun dinini qoruyan da tapılar. Və bu qadağalar qarşısında geri addım yoxdur. Buna əlbəttə ki, ruhanilər ilk növbədə etiraz etməlidirlər. Çünki, mən ruhanilərin dəyərini zindanda gördüm. Odur ki, mənim nəzərimdə özünə dəyər verən ruhani İslami dəyərlərə dəyər verənlər və lazım gələndə öz azadlıqları, canlarını qurban verməyə hazır olanlardır.

5. Avropa Şurası Parlament Assambleyasının hüquq məsələləri və insan haqları komitəsi iyunun 26-da alman deputat Kristofer Ştrasserin siyasi məhbuslara dair məruzəsi əsasında hazırlanmış qətnamə layihəsində Azərbaycandakı 89 siyasi məhbusun adı qeyd edilmişdi ki, siz də bu siyahıya salınmışdız, bu barədə fikiriniz…

Şükrlər olsun Allaha ki, ictimaiyyətdə də bizə dəstək verildi. Məxsusən bəzi hüquq müdafiəçiləri, öz vəkillərimiz, medialar bu işdə fəallıq nümayiş etdirdilər. Bu əlbəttə ki, ürəkaçan məsələdir. Çünki, insan öz siyasi, əqidə baxışlarına görə həbs edilirsə həqiqətən o “vicdan məhbusu”dur. Mən onu deyə bilərəm ki, zindandakı dinə görə həbs edilənlərin hamısı “vicdan məhbusu” və siyasi dustaqdır. Bir daha bizim səsimizi ictimaiyyətə çatdıran hər kəsə öz təşəkkürümü bildirirəm.

6. Son olaraq nə demək istəyirsiniz.

Allahdan arzum odur ki, Allah Təala hicab problemini tezliklə həll etsin, zindanda olan başda ruhanilər olmaqla, bütün dindarları öz ailələrinə qovuşdursun. Hər birimizə, başda ruhanilərimiz olmaqla çətinlik qarşısında yüksək iradə və dinin tələb etdiyi addımları atmağa cəsarət arzu edirəm.

Sizə də öz təşəkkürümü bildirirəm…
Source : İslamazeri
Comment


Kuwait
Allah yardim etsin.Amin