0
Thursday 22 November 2012 - 20:19

“Ən qəddar rejimlərdə də belə alver görməzsiniz”

Story Code : 214434
“Ən qəddar rejimlərdə də belə alver görməzsiniz”
“Ən qəddar rejimlərdə də belə alver görməzsiniz”
Aslan İsmayılov: «Bu gün parlamentdə oturan bir nəfər deyə bilməz ki, Ramiz Mehdiyevin siyahısı olmadan parlamentdə oturmuşam»

Vəkil Aslan İsmayılov “Azadlıq” radiosunun “İşdən sonra” verilişində Xədicə İsmayılovanın qonağı olub, ABU-nun sabiq rektoru Elşad Abdullayevin yayımladığı sonuncu video ilə bağlı danışıb. Videoda adı çəkilən iş adamları Zülfüqarlı qardaşlarının hüquqlarını qoruyan Aslan İsmayılov bu məsələ ətrafında da söhbət edib.

- Videoda biznesmen Zülfüqarlı qardaşlarıyla bağlı söhbət gedir. Sizin ilk təəssüratınız...
- Gülər Əhmədova olayından sonra düşünürdüm ki, ölkə bir-birinə qarışacaq. Tam sakit qarşıladıq. Bundan sonra yenə. Sanki heç nə olmayıb. Əslində isə nə baş verib. Azərbaycan Respublikası Konstitusiyası hakimiyyətin üç qolundan danışır: Icra hakimiyyəti, qanunvericilik hakimiyyəti, məhkəmə hakimiyyəti. Gülər Əhmədovayla bağlı yayılan video qanunverici hakimiyyətin saxta olduğunu, yəni mövcud olmadığını sübuta yetirdi. Sonuncu video - hakim Hacı Ağababa Babayevin videosu məhkəmə hakimiyyətinin olmadığına dəlalət etdi. Elşad Abdullayev icra nümayəndələriylə də bağlı bir video ortaya qoyar və biz görərik ki, Azərbaycan hakimiyyəti qeyri-legitim idarə olunur.

- Videoda hakim təcrübəsindən danışır. Düzü, bilmirəm hakim burada hansı rolda çıxış edir. Şikayət edən hakim qurbandı, yoxsa günahkardı?

- Xədicə xanım, bu videoya bəlkə on dəfə baxmışam. Səmimi deyirəm, hər dəfə bu videoya baxanda məni həyəcan hissi bürüyür. Mən də hakim olmuşam, məhkəmə sədri vəzifəsini icra etmişəm, prokurorluqda işləmişəm. Işlədiyim dövrdə bilirdim ki, məhkəmə, prokurorluq sistemində əliəyrilik var. O dövrdə bu barədə çıxışlarım da olub. Ancaq belə şeylər təsəvvür etmək mümkün deyil. Ən qəddar rejimlərdə belə alver görməzsiniz. Hakim mətbuata dedi ki, iflic keçirmişəm. Çoxları elə bildi ki, bu, Gülər Əhmədova kimi “iflic” olub. Ancaq elə deyil. Bakı Ağır Cinayətlər Məhkəməsində bu hakimi bir ay öncə görmüşəm. Ağır vəziyyətdə, əsayla zorla gəzirdi. Onda təəccübləndim ki, niyə belə hala düşüb.

- Düşünürsünüz ki, bu video yayılmazdan öncə xəbəri olub...
- Yəqin. Ola bilər ki, video yayılmazdan öncə xəbəri olub. Qorxudan və başqa səbəblərdən belə hala düşüb. Siz bayaq sual etdiniz ki, hakim burada nədir? Qurbandı, zərərçəkəndi, yoxsa şikayətçidi? Hamısı bir yerdədir. Bəli, bu birinci növbədə günahkardı. Ikinci növbədə həqiqətən də zərərçəkəndi. Ona görə ki, bunların hamısı girovdu. Beş manatın əvəzinə girov olurlar. Hakimləri təyinatdan qabaq Ədliyyə Nazirliyində yığanda Ramiz Mehdiyev Fikrət Məmmədovla ora gəlmişdi. O, üstüörtülü bir kəlmə demişdi. Sonradan hakimlər mənə dedi ki, Ramiz Mehdiyev orada onlara “Biz bilirik siz nələrlə məşğulsunuz” mesajı verib. Yəni sizin hər birinizin rüşvətlə işlədiyinizi bilirik. Ancaq biz dediyimizi eləyəcəksiniz, sizə dəyib-toxunan olmayacaq. Bir əlavə də edim. Ağababa Babayev hakimlərin içərisində ən qəddarı, ən ləyaqətsizi deyil. Hakimlər korpusunu götürsək, onların içində bunu məscidə aparmaq olar. Onların içərisində elələri var ki, dediklərini edir və buna görə vicdan əzabı çəkmirlər. Videodan da göründüyü kimi, deyir ki, mən sizdən heç nə istəmədim. Ancaq başqaları istəyir. Deyir, sən burada 10 manat almısan, onun 30 faizi mənimdir. Burada hər şey faizlə ölçülür. Alınan məbləğin 30 faizi prokurorluğa gedir. 50 faizi sədrə gedir, qalanı hakimə qalır. Vəkillər araçılıq edəndə 10 faiz də onlara verirlər. Elə vəkillər var ki, məndən qat-qat çox qazanır. Ona görə yox ki, məndən tanınmışdı, bacarıqlıdır. Xeyr! Sadəcə onlar vasitəçilik edə bilirlər. O gün televiziyaya baxdım. Yasamal Rayon Məhkəməsinin binasınına ôaçılışı oldu. Tam səmimi deyirəm ki, yer kürəsində belə məhkəmə yoxdur. Yaxud Ali Məhkəmə. Mən Avropa ölkələrinin çox Ali Məhkəmələrində olmuşam. Onların içərisində Amerikanın Ali Məhkəməsi möhtəşəmdir. Ancaq bizim Ali Məhkəməylə müqayisə olunmazdı. Bizim Ali Məhkəmənın zalları kral saraylarından da gözəldi. Ancaq nə faydası... Bilirsiniz bu nədir? Qızıl teştdi, biz də onun içinə qusuruq. Ilk dəfə Ali Məhkəmədə qanunsuz qərarı eşidəndə hakimə dedim ki, çox təəssüf edirəm, bu cür gözəl binanı da murdarladınız. Bu, faciədir. Bu hakimin dediyi düzdür. Sadəcə Zülfüqarlı qardaşlarından 5 milyon manatın alıb buraxılması düz deyil. Alınan pul bundan 10 dəfə çoxdur. Mən vəkilləri olmuşam. Tutulanda 10 gün Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Idarəsində oldular. 10 gün onların yanına keçə bilmədim. 10 gündən sonra buraxdılar. Cinayət işi qaldırdılar. Guya Zülfüqarlı qardaşları zor tətbiq etməklə Afət Əliyeva adlı bir xanımdan pul tələb ediblər...
Onların bir prinsipi var. Harada mən nə qədər qazanacam. Ali Məhkəmədə işləyən hakim vəzifəcə böyükdür. Ancaq onların biriylə səmimi söhbət etsən görərsən ki, ən böyük arzusu hansısa bir rayonda məhkəmə sədri olmaqdır. Çünki orada qazanmaq imkanı çox yaxşıdır. Gələcək nəsillər bu videoya baxanda hər birimizə lənət oxuyacaq. Deyəcəklər ki, siz bu cəmiyyətdə necə yaşamısınız? Sual edəcəklər ki, axı necə ola bilər, hamı sizin haqqınızı yeyib, qul yerinə qoyub, ləyaqətinizi tapdalayıb, ayağını üstünüzə silib, siz buna susmusunuz? Onlar haqlı olacaqlar.

- Dinləyici sual edir: Sizə elə gəlmir ki, son çıxışında Ilham Əliyev milləti barmağına dolayıb?
- 2005-ci ildən 2008-ci ilə qədər çox cidd-cəhdlə prezident Ilham Əliyevi müdafiə etmişəm və inanmaq istəmişəm ki, islahatlara gedəcək. 2005-ci il parlament seçkilərində gözlədim, alınmadı, sonra yəqin etdim ki, 2008-ci ildə prezident seçkilərinə öz komandasını formalaşdırıb namizədliyini verər. Bundan sonra da alınmayanda sakitləşdim və bir dənə də müdafiə nitqim olmadı. 2010-cu il seçki biabırçılığını mən özüm şəxsən görəndən sonra gecə saatlarında bir yazı yazıb sosial şəbəkədə paylaşdım. Iqtidara, müxalifətə və xalqıma müraciətim. Iqtidara: Reallıq hissini, əxlaqi dəyərləri və dövlətçilik məsuliyyətini itirmək. Mənə elə gəlir ki, üçü də itib. Prezidentin son çıxışını izlədikdə düşündüm, ya mən bu ölkədə yaşamıram, ya da Ilham Əliyev bu ölkənin prezidenti deyil! Reallıq hissi itib, ya da prezident ölkəni idarə etmir. Biz çox ağır fəlakətlərlə qarşılaşacağıq. Mən hiss edirəm ki, dövlətim məhvə doğru gedir. Ancaq hansı üzlə müdafiə edim?

- Dinləyici: Aslan müəllim, gözümüzün qarşısında bu qədər dəlil olduğu halda hökumət təmsilçilərinin məlum reaksiyasına cəmiyyətimizin, xüsusilə dünya ictimaiyyətinin susqunluğu nə ilə bağlıdır?

- Hər bir xalq öz taleyini özü həll edir. Bunu birmənalı anlamaq lazımdır. Nə Avropa, nə Amerika bizim taleyimizi həll edəcək. Bizim yerimizə mitinqlərə çıxmayacaq, bizim yerimizə etiraz etməyəcək, bizim yerimizə müqavimət göstərməyəcək. Biz özümüz eləməliyik. Biz buna dözürük, qəbul edirik və deməli, biz buna layiqik...
Bu gün parlamentdə oturan bir nəfər deyə bilməz ki, Ramiz Mehdiyevin siyahısı olmadan parlamentdə oturmuşam. Orada iki-üç adam var ki, səs toplayıb oturub. Məsələn, biri Qənirə Paşayeva. Ancaq o da səs toplasa belə, razılıq olmasa ora düşə bilməz. Mənim bildiyimə görə, günün birinci yarısı Qənirə Paşayevanı heç də buraxmaq istəmirdilər. Müdaxilələrdən sonra Qənirə Paşayeva keçdi.

- Dinləyici: Elmar Hüseynov və Rail Rzayevinin qətli bu hakimiyyətin zamanında açılacaqmı?
- Xeyr, inanmıram. Elmar Hüseynovun qətlinin üstünün açılması problemli deyil. Çoxlu suallar var ki, o sualların cavabı o cinayətin açılmasına dəlalət edir. Bu ilin ortalarında Zülfüqarlı qardaşlarının sonuncu əmlakı olan Keşlədəki sexinə hücum oldu. Mətbuatı ora apardım. Bu qardaşlar öz imkanları və fəhlələri hesabına bu əmlakı əllərində saxladılar. Ramiz Mehdiyevin və Bəylər Əyyubovun biznesini idarə edən Rasim Məmmədov adlı şəxs Fariz adlı bir qoçunu öz dəstəsiylə ora göndərmişdi. Hay-küydə, qarşıdurmada Farizi həbs etdilər. Guya barəsində cinayət işi qadırdılar və bir gün sonra buraxdılar. Fariz bu gün də həmin əməllərini davam etdirir. Zakir Qaralova bir məktub göndərmişəm və bu videonu da əlavə etmişəm: Cənab baş prokuror, 2005-ci ilin dekabrın 11-dən dəfələrlə sizə Zülfüqarlı qardaşlarının qanunsuz olaraq həbs edilməsi, qanunsuz olaraq türmədə saxlanılması, qanunsuz olaraq əmlaklarının 80 faizinin əllərindən alınmasını yazılı sübutlarla təqdim etmişəm.

- Ümumiyyətlə, bu məktublara cavab alırsınızmı?
- Heç bir reaksiya olmur. Sanki heç belə bir şey olmayıb. Prokurorluqda ən yüksək səviyyədə olanlarına da müraciət edəndə deyir ki, bilmirsiniz, biz adam tutanıq? Yəni Prezident Aparatından o göstəriş gəlməsə, Fuad Ələsgərov razılaşdırıb deməsə ki, filankəsi həbs edin, kimdir onları həbs edən?

Verilişə Nurəddin Zülfüqarlı da qoşulur:
- Siz hakimlə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsi arasında sövdələşmədən xəbərdar idinizmi?
- Sövdələşmələrindən xəbərimiz yoxdur. Həmişə bunu demişik. Ədalətsiz olaraq məni vəkil olmadan içəri salmışdılar.
Videoda hakim özü etiraf edir ki, onları qanunsuz olaraq tutmuşuq. Heç bir günahları olmadan türmədə oturublar. Əmlaklarımızı əlimizdən alıblar. Bu 5 milyon deyil. O zamankı dəyərlə 50 milyondu. Bu gün daha fərqli qiyməti var.

- Üstündən 7 il keçsə də məhkəməni xatırlayırsınız?
- Bəli, xatırlayıram. Hakim çox həyəcanlı idi. Adını demədi heç. Hiss olunurdu ki, ondan heç nə asılı deyil. Hər şey hazır idi. Oxudular, sonra qolumuzu bağlayıb apardılar “Banditizm”ə.

Aslan Ismayılov:
- Nigar Yaqublunu həbs edəndə Rüstəm Usubov durub dedi ki, biz düz etmişik. Indi niyə susur? Niyə Zakir Qaralov bu videoya münasibətini açıqlamır? Bu gün hər birimiz təhlükədəyik. Bu gün mən buradan evə sağ gedib-getməyəcəyimi bilmirəm. (azadliq.az)
Source : Azadlıq.info
Comment