0
Friday 23 November 2012 - 22:46

İlqar İbrahimoğlu: “Sual edilə bilər ki, niyə 2007-ci ildən ölkədə islama qarşı süni səlib yürüşü açılıb?”

Story Code : 214661
İlqar İbrahimoğlu: “Sual edilə bilər ki, niyə 2007-ci ildən ölkədə islama qarşı süni səlib yürüşü açılıb?”
- Qafqaz Müsəlmanları İdarəsinin açıqlamasına görə, 2013-cu ildən Azərbaycanın bütün məscidlərində vahid xütbələrin oxunmasına start veriləcək. Vahid xütbə nə dərəcədə düzgündür?

- Anlaşılan deyil. Əslində xütbə və moizə - bir ruhaninin, xətibin özünüifadəsidir. Xütbə - İslam elmi bazisinə söykənən, müxatəbi – eşidəni nəzərə alaraq edilən, əqli-vücudi bir improvizasiyadır. Bunu necə reqlamentləşdirmək olar? Bu, nəzir qutuları deyil ki, eyni ölçüdə duzəltdirsinlər. Xütbə - bir musəlmanın üzərində olan ilahi missiyadır, elminin zəkatını vermək deməkdir. İnsanları düz yola dəvət etmək, yaxşı işlərə çağırış etmək və pis işlərdən çəkindirmək üçün gözəl bir üsuldur.

- Bunu yəqin ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərləri də bilir, elə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edənlər də. İlk dəfə bu məsələ orucluq ayı başlanan zaman Qafqaz Müsəlmanları İdarəsinin keçirdiyi tədbirdə səsləndi və həmin vaxt Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov da bu təklifi dəstəklədiyini bildirdi. Həm də bunun bir tövsiyə xarakteri daşıdığı deyildi. Sizcə, bu tövsiyə nə üçün ortaya atılıb?

- Bu kimi reqlamentləşdirmələr imitasiya xarakterlidir. O zaman belə izah verildi ki, vahid xütbə - xətiblərin ictimai məsələlərə münasibət bildirmələri uçün lazımdır. Misal üçün, Xocalı faciəsinin anım günündə, yaxud hansısa rayonun işğalının ildönümündə gərəklidir. Yaxşı, xətib 28 Mayda Məhəmməd Əmin Rəsulzadədən, Əlibəy Hüseynzadədən rahatlıqla danışa biləcəkmi? Yaxud rüşvətxorluq, korrupsiya hallarının əsas fiqurları haqqında danışmaq da nəzərdə tutulurmu? Suallar çoxdur.

Məncə, böhrandan çıxmağın yolu bu deyil. Hesab edirəm ki, ilahiyyat sahəsində akademik şəraitin gücləndirilməsi lazımdır. Eləcə də məscidlərə imam-camaatların seçilməsi dindarların öz öhdəsinə buraxılmalıdır. Ruhani çinovnik olmamalıdır. Məscidin axundu, imam-camaatı azad insan olmalidir.

- Dini təhsilin səviyyəsi, kadr potensialı ilahiyyat sahəsində akademik şəraitin yaranmasına imkan verirmi?

- Sovet ənənələrindən qurtarmaq lazımdır. Qafqaz Müsəlmanları İdarəsinin sədri də, müavini də xaricdə təhsil alib. Elə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri də xaricdə oxuyub. Sovet hakimiyyəti dağıldıqdan sonra ciddi təhsil axtaranlar xaricə üz tutublar, çünki Azərbaycanda ciddi təhsil verə biləcək akademik elmi təsisat yox dərəcəsindədir. Bunu qurmaq əvəzinə, gözdən pərdə asırlar.

- Bu halda labirintdən necə çıxmaq mumkundur? Dövlət siyasəti dəyişilməlidir, yoxsa kadrlar? Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr seçildi və qısa müddətdə onun müxtəlif tədbirlər keçirməsi, məsələlərə münasibəti müəyyən cəhdlərindən xəbər verir.

- Bəli, yeni komitə sədrinin bu potensialı var, amma düşüncə, yanaşma, strateji baxış – bir sözlə vizion dəyişməyincə hər şey imitasiya xarakteri daşıyacaq. Elə götürək hicab məsələsini. Məncə, bu problemin yaranması kompleks amillərin nəticəsidir: islamofobik yanaşma - istər məzmunda, istərsə də praktikada, Sovetin dövründən qalma yanaşma - “sovkovıy” metodoloji, regionda İslam kimliyi amilinin güclənməsi - xüsusən də Türkiyədə AKP iqtidarının yaratdığı yeni gerçəklik və s. Bu sıraya Avropa təsisatlarının demokratiya tələblərini yumşalatmaq üçün dini qarşıdurma görüntüsü yaratmaq da aiddir. Bəzi təhlillər onu da təsdiq etməyə imkan verir ki, burada sionist qurumlarının təsiri də sonuncu yerdə deyil.

- Yeri düşmüşkən, Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, deputat Aytən Mustafayeva hicablı qızların təhsildən kənarda qalmaması üçün ayrıca dini məktəblərin açılmasını təklif edib. Buna reaksiyanız necə oldu?

- Aytən Mustafayevanın təklifi bir daha göstərdi ki, başçılıq etdiyi institut parodik vəziyyətdədir. Hicabı insan haqqı kimi qorumaq - həmin institutun missiyasıdır. Amma belə görünür ki, Azərbaycanda adında “insan hüquqları” olan bir qurum da repressiya aparatına çevrilə bilir. İnanclı uşaqlara “gedin, dini məktəblərdə təhsil alın” deməyin özü etatist yanaşmanın bariz nümunəsidir. Bizim maarifçilər, eləcə də onun avanqardında gedən ruhani elitamız hələ 100 il bundan öncə onilliklərlə zəhmət çəkib və qız uşaqlarının təhsil alması üçün evdən bayıra çıxmalarına nail olub. İndi belə təkliflər səsləndirməklə bizim deputatlar, institut rəhbərləri qız uşaqlarını, inanclı balaları yenidən marginallaşdırmaqmı istəyirlər?! Bu, kökündən yanlış və səhv strategiyadır. Hər mənada dövlət maraqlarına və milli maraqlara zidd bir yanaşmadır.

- Bəzi dindarlar, ilahiyyatcılar da belə təkliflə çıxış ediblər. Sizcə, hicab məsələsinin həll olunmaması həm də ölkə dindarlarının, eləcə də dini elitanın həmrəy olmamasından doğmurmu?

- Yox. Hicab problemi başlayanda hamı eyni yanaşma ortalığa qoydu. Hətta Qafqaz Müsəlmanları İdarəsi ilə dialoq da yarandı. Bütün dini elitanın - istər rəsmi, istər qeyri-rəsmi yanaşması eyni oldu. Üstəlik, 132 min insan, ölkə vətəndaşı – inanclı, ateist, təhsilli, təhsilsiz, professor, alim, ictimai fəal və digər şəxslər – ölkə başçısına bu məsələ ilə bağlı müraciət etdi. Bütün bunların nəzərə alınmaması göstərdi ki, strateji yanaşmada yanlışlıq var. Kimlərsə ölkəni bu bataqlığa sürüyüb və sürüməkdə davam edir. Amma zənnimcə, bu gün də vəziyyətdən çıxmaq imkanları var. Sadəcə, siyasi iradə lazımdır.

- Qeyd etdiniz ki, Elşad İskəndərovun müəyyən islahatlar aparmaq potensialı var. Ona imkan veriləcəkmi bundan yetərincə istifadə eləsin?

- Yenə də deyirəm ki, Elşad İskəndərovun yetərincə potensialı var, lakin bunu həyata keçirmək üçün ölkədə siyasi iradə olmalıdır. Sual edilə bilər ki, niyə 2007-ci ildən ölkədə islama qarşı süni səlib yürüşü açılıb? Axı 2007-ci ilədək vəziyyət nisbətən mülayim idi, hətta müsbət tendensiyalar da vardı. Amma azan qadağası cəhdi oldu, ardınca məscidlərin sökülməsi, daha sonra bağlanması, hicab yasağı, dindarların, inanclıların repressiyası və sonda dini qanunvericilikdə irticavi dəyişikliklər baş verdi. Hesab edirəm ki, 2007-ci ildən başlayaraq Azərbaycan dövlətinin imici zədələnib. Hansı tolerantlıqdan danışmaq mümkündür? Faktiki olaraq ölkədə dini çoxluğun günü qara edilib, kim bu halda hansısa dini azlığa səmimi tolerant münasibət göstərildiyinə inana bilər?

Kim düşünürsə ki, belə sıxışdırmalarla ölkədə dinin inkişafının qarşısını ala biləcək, tamamilə yanılır. Bunun üçün dünya tarixinə qısa nəzər salsa, kifayətdir.

- İlqar bəy, sizcə, inanclı insanların həbsinə, hüquqlarının pozulması faktlarına beynəlxalq təşkilatların ikili münasibəti nədən qaynaqlanır: yerli hüquq müdafiəçilərinin subyektivliyindən, yoxsa dünyadakı, xüsusilə Qərbdəki islamofobiya amilindən?


- Beynəlxalq miqyasda vəziyyəti kifayət qədər normal hesab edirəm. Amma yenə də çox iş görülməlidir və gündəlik olaraq görülür. BMT-dən tutmuş Avropa Şurasına qədər, Avropa Birliyindən tutmuş beynəlxalq insan haqları qurumlarına qədər prinsipial mövqe ortaya qoyublar. Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə məruzəçisi Ştrasserin siyahısında dindar kəsimdən xeyli adamın yer alması da buna nümunədir.

Yerli hüquq müdafiəçilərinə gəldikdə, prinsipcə, ümumi konseptual yanaşma var. Bizim Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM-ın) yanaşması ilə Leyla Yunusun, Arzu Abdullayevanın, Eldar Zeynalovun, Elçin Behbudovun, Fuad Həsənovun, Mirvari Qəhrəmanlının, Eynulla Fətullayevin təşkilatlarının fikirləri və mövqeləri, demək olar, eynidir. İnanclı insanlarla bağlı məsələdə Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı ilə də dialoqumuz başlanıb. Principcə, onların da hansısa fundamental fərqli yanaşmaları yoxdur.

Elə bu günlərdə bir neçə beynəlxalq quruma inanclıların vəziyyəti ilə bağlı sorğuları cavablandırdıq. DEVAMM-ın son günlərdə yayıdıgı hesabat da, təbii ki, bu məsələlərlə məşğul olan beynəlxalq qurumların diqqətindədir.

- İlqar bəy, DEVAMM-in hesabatlarına beynəlxalq təşkilatların yanaşması necə olur, onlardan nə qədər yararlana bilirlər?

- DEVAMM artıq 12 illik fəaliyyəti olan bir hüquq müdafiə qurumudur. Elə ilk günlərdən dini etiqadla bağlı bütün beynəlxalq qurumların hesabatları üçün Azərbaycanla bağlı ən əsas istinad mənbələrindən biri olub. DEVAMM-ın rüblük, yarımillik və illik monitoriq hesabatları insan haqları ilə məşğul olan beynəlxalq qurumlara hava və su kimi gərəklidir. Ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti qurumları da bu hesabatlara ciddi istinad mənbəyi kimi baxır.

DEVAMM həm ölkədə, həm də dünya miqyasında bir çox vətəndaş koalisyasının üzvüdür. Təbii ki, bu amil də öz müsbət təsirini görsədir. Misal üçün, elə bu günlərdə Estoniya prezidenti cənab Toomas Hendrik İlves tərəfindən Tallinndə baş tutacaq akademik insan haqları dinləmələrinə, beynəlxalq konfransa dəvət almışıq. Avropa Şurasının, ATƏT-in, Avropa Birliyinin və sair qurumların tədbirlərinə də qatılırıq.

Eyni zamanda mərhum dissident Marek Novitskinin qurucusu olduğu Beynəlxalq İnsan Haqları Məktəbinin məzunu olmaq da əlavə bir üstünlük gətirir. Belə ki, bu məktəbin məzun şəbəkəsi də bir-birinə güclü dəstək verir. Bu mənada DEVAMM olaraq beynəlxalq qurumlardan hər zaman ən ciddi münasibət görmüşük.
Source : Mediaforum,Deyerler
Comment