0
Friday 15 February 2013 - 19:42

"Əliyevin xəbərdarlığı inqilab narahatlığından doğur"

Story Code : 239874
"Əliyevin xəbərdarlığı inqilab narahatlığından doğur"
Mirvari Qəhrəmanlı: «Hətta proseslər elə cərəyan edər ki, xalq seçkiyə qədər hakimiyyəti dəyişə bilər»
 
Dövlət başçısı Ilham Əliyevin məmurlara yönəlik xəbərdarlığını hakimiyyət təmsilçiləri mühüm qərar kimi təqdim etməyə çalışırlar. Amma dövlət başçısının bundan əvvəlki oxşar xəbərdarlıqlarının nəticəsiz qalması budəfəki bəyanatın da oxşar aqibəti yaşayacağını deməyə əsas verir. Digər tərəfdən, I.Əliyevin son bəyanatı hakimiyyətin Ismayıllı olaylarını verməyə çalışdığı qiymətlə də ziddiyyət təşkil edir. Çünki hakimiyyət ideoloqları baş verən insidenti sadəcə olaraq avtomobil qəzası kimi təqdim etməyin tərəfdarı idi.
I.Əliyev isə xəbərdarlığında dolayısı ilə Ismayıllı olayının məmur özbaşınalığının bir təzahürü olduğunu etiraf etmiş oldu. Gündəmin daha bir mövzusu sabiq deputat Gülər Əhmədovanın həbsidir. Ekspertlər bu addımla da hakimiyyətin görüntü yaratmağa çalışdığını düşünür. Çünki G.Əhmədova haqqında çıxarılan qərar gecikmiş olmaqla yanaşı, E.Abdullayevin yaydığı videolarda adları çəkilən vəzifəli şəxsləri əhatə etmir. Bu və başqa sualları hüquq müdafiəçisi Mirvari Qəhrəmanlıya ünvanladıq. Ilk olaraq Mirvari xanımdan I.Əliyevin bəyanatının nə dərəcədə səmimi olduğunu soruşduq.
 
- Dövlət başçısının bu tip xəbərdarlığı birinci dəfə deyil. Bir neçə il əvvəl vətəndaşların evlərinin sökülməsi, sənədləşdirilməsiylə bağlı dövlət başçısı xüsusi tapşırıq verdi. Amma bu tapşırığı heç kim yerinə yetirmədi. Məmurların davranışlarındakı radikal dəyişiklik 2003-ci ildən başlayıb. Məmurların davranışlarındakı özbaşınalığı, harınlığı hər kəs görür və həmin adamları heç kim cəzalandırmır. Düşünürəm ki, hətta o ola bilər ki, dövlət başçısının bu xəbərdarlıqlarından sonra məmurlar əhali ilə daha qəddar rəftar etməyə başlayacaqlar ki, siz kimsiniz ki, etiraz edir, başınızı qaldırırsınız.
 
- Bu baxımdan dövlət başçısının bu xəbərdarlıqlarından bir nəticə gözləməyə dəyərmi?
- Bu xəbərdarlıqların heç bir nəticəsi olmayacaq. Əvvəlki illərdə bu xəbərdarlıqların zərrə qədər nəticəsi olsaydı, o zaman nəyəsə ümid etməyə dəyərdi. Korrupsiyaya qarşı mübarizə məqsədilə keçirilən iclasda dövlət başçısı yenə barmaq silkələmişdi. Nəticə nə oldu? Beş-on nəfəri həbs etdilər və bununla da iş bitmiş sayıldı. Ona görə dövlət başçısının bu qəbildən olan dördüncü çıxışının üç əvvəlkinə nəzər yetirəndə nəticəsiz qalacağını söyləmək olar.
 
- Dövlət başçısını bu cür açıqlama ilə çıxış etməyə vadar edən səbəb nədən ibarət idi. Bəzi ekspertlər hesab edir ki, ölkədə yaranan inqilabi durum, əhalinin artan etirazı Ilham Əliyevi belə xəbərdarlıq etməyə vadar etdi. Sizin bu barədə fikriniz necədir?
- Mən bu mülahizə ilə razıyam. Çünki ölkədə narazılıq hələ pik həddinə qalxmayıb. Hazırda ölkədəki durumu təhlil edərkən, demək olar, durum o qədər ağırdır ki, hər an sosial partlayış ola bilər. Region əhalisi bir qayda olaraq ən son anda etirazlarını nümayiş etdirirlər. Indi təsəvvür edin, deməli, onlar artıq divara dirəniblər ki, etirazlara qalxırlar. Ona görə Ilham Əliyev sırf formallıq xatirinə bu cür çıxış edərək məmurları hədələdi. Bu hədədən sonra məmurlar yenə əvvəlkitək insanlara zülm edəcəklər. Çünki hazırkı idarəçiliyin mahiyyəti bundan ibarətdir. Hazırda insanların əmlakı, mülkiyyəti əllərindən alınıb. Əyalətlərdə aksiyalarda iştiraka görə cərimələnənlərin hazırda evlərinə hücum çəkərək onlara məxsus olan əşyaları müsadirə edirlər. Hazırda etiraz aksiyalarına çıxanların hamısını cəzalandırırlar. Ya 15 sutka verirlər, ya da cərimə edirlər. Bu dərəcədə harınlıq olar? Küçədə güllə atırlar, avtoşluq edirlər, insanı öldürürlər. Bu özbaşınalıqları edənlərin hansı əməlinə görə cəzalandırılıb, həbsə atılıb. Ona görə də Ilham Əliyevin bəyanatı insanları sakitləşdirmək üçün bir görüntü xarakteri daşıyır. Yəni mən bunları cəzalandıra bilərəm. Cəzalandıracam demədi. Dərhal cəzalandırmadı. Sadəcə olaraq tərbiyəsiz uşağa barmaq silkələyən kimi barmaq silkələdi və bununla da kifayətləndi. Bu çıxış yolu deyil.
 
Yanvar xalq üsyanı ayı oldu
 
- 2013-ün siyasi aktivlik baxımından yadda qalan il olacağı əvvəlcədən vurğulanırdı. Amma arxada qoyduğumuz ay kifayət qədər ciddi olaylarla yadda qaldı. Həm paytaxtda, həm də əyalətlərdə ölkəyə səs salan etiraz aksiyaları keçirildi. Bütün bu hadisələr sizcə, nəyin görsənişidir?
- Bəli, yanvar hadisələr ayı oldu. Baş verənlər olduqca düşündürücüdür. Əvvəlcə mən də düşündüm ki, bəlkə ölkədə baş verənlər oliqarxların bir-birinə qarşı mübarizəsinin təzahürüdür və onlar sadəcə olaraq bir-birlərindən heyf almağa çalışırlar. Amma sonra baş verənləri ciddi təhlil edəndən sonra anlamaq olur ki, bu belə deyil. Baş verənlər xalqın üsyanı idi. Çünki hər şeyin bir həddi var. Deyirlər su meymunun boğazına çatanda balasını ayağının altına salır. Hər şeydə bir sədd var. Artıq ölkədə zülm son mərhələsinə çatıb. Sahibkarın əlindən əmlakı alınır, vətəndaşın mülkiyyətinə qəsb olunur. Baş verənlər göstərdi ki, sadəcə olaraq xalq artıq zülmə dözmək niyyətində deyil. Bu hadisələrin heç biri təşkil olunmuş olaylar deyildi. Məmur özbaşınalığının qarşısının alınmaması yanvar ayında ölkədə bu vəziyyəti yaratdı. Cəzasızlıq sindromu cinayətkarlığı inkişaf etdirir. Insanlar axı nə qədər dözə bilər? Əgər bu özbaşınalıqların qarşısı alınmasa, məmurlar əvvəlkitək insanlara zülm edəcəklərsə, o zaman etirazlar davam edəcək. Dövlət başçısı çıxışında söylədiklərinin heç olmasa bir hissəsini yerinə yetirsə, bəlkə başqa rayonlarda bu cür qarşıdurmaların baş verməsini önləmək mümkündür.
 
- Amma belə görünür ki, hakimiyyət baş verənlərdən nəticə çıxarmaq əvəzinə əhalinin narazılığını zor gücü ilə yatırmaq niyyətindədir. Bu, hazırda cərəyan edən hadisələrin fonunda nə dərəcədə doğru seçimdir və zorakılığa müraciətin hansı fəsadları ola bilər?
- Əgər dövlət başçısı həqiqətən də ölkədəki özbaşınalığın, zorakılığın qarşısını almaq istəsəydi, Ismayıllıdakı ilk aksiyadan dərhal sonra ömründə birinci dəfə mətbuat konfransı keçirərdi. Heç olmasa xalqa müraciət olunardı. Diqqət yetirdinizsə, tədbirdə güc nazirliklərinin heç biri işlətdikləri zora, qeyri-qanuni hərəkətlərə görə hesabat vermədilər. Amma dövlət başçısı xalqın üstünə qoşun da yeritdi, güllə də atdırdı. Bu barədə isə heç bir şey söylənilmədi. Əvəzinə başladılar mənasız addımlar atmağa və maşınlarda görüntünü məhdudlaşdıran pərdələri çıxarmağa, plyonkaları sökməyə. Dövlət başçısı xalqına qarşı ola biləcək zorakılığın qarşısını ala biləcək bəyanat vermədi. Hakimiyyətin cəmiyyətdə hazırda müşahidə olunan aktivliyin qarşısını almaq üçün zora əl atması əks-effekt verə bilər. Zorakılıq olanda əksinə, insanlarda qəzəb yüksəlir, nifrət artır. Heç yerdə zorakılıqla problemlər həll olunmayıb. Hətta hərbi konfliktlərdə belə çözüm axtarışı zamanı zorakılığa son qoyurlar. Hazırda cəmiyyətdəki gərginliyi, konflikti zorla həll etmək olmaz. Insanları artıq nə rezin güllələrlə, nə dəyənəklərlə qorxutmaq olur.
 
Seçkiyə qədər xalq son sözün deyə bilər
 
- Hakimiyyət hətta bu narazılığın fonunda müxalifət düşərgəsindən iki nəfəri həbs etməkdən belə çəkinmədi. Baş verənə gözlənildiyi kimi beynəlxalq aləmin təpkisi kifayət qədər sərt oldu. Seçki ilində bu cür münasibət hakimiyyətə hansı çətinlikləri yarada bilər?
- Ilqar Məmmədovdan oliqarxlar Ismayıllı ilə bağlı mühüm sənədləri açıqladığına görə heyf çıxdılar. Çünki ReAL Hərəkatını hökumət hələ ki, özü üçün təhlükə saymırdı. Ilqar Məmmədov sadəcə olaraq oliqarxların qəzəbinə gəldi. Tofiq Yaqublunun həbsində isə məqsəd baş verən hadisələri müxalifətin üzərinə yönəltməkdir. Yəni guya Ismayıllıda baş verən xalq narazılığı yox, müxalifətin təşkilatçılığı ilə keçirilən bir aksiyadır. Əlbəttə, baş verən bu özbaşınalıq beynəlxalq diqqətdən kənarda qala bilməzdi. Bir müddət əvvəl AŞ PA-da Ştrasserin hesabatı təsdiq olunmadı və bunu bir çox hüquq müdafiəçiləri sevincək bildirdilər. Başa düşmədilər ki, bu addımın ardınca ikinci siyasi məhbuslar dalğası gedəcək. Əgər Avropa Şurası Ştrasserin hesabatını təsdiqləsəydi, bu cəsarətdə həbslər olmaz, addımlar atılmazdı. Ona görə baş verən həbslərdə AŞ PA-dakı deputatların da günahı var.
 
- Ölkədəki hazırkı narazılığın çözülməməsi və gərginliyin saxlanılması seçki ilində proseslərə necə təsir edə bilər?
- Builki seçkiqabağı hadisələr daha gərgindir. Hazırda cəmiyyətdə zorla fikrin yürüdülməsi siyasəti aparılır. Xalqın artıq baş verənlərə razılaşmaması daha çox gözə çarpır. Mənim narahatçılığım ölkədə qan tökülə biləcəyi ilə bağlıdır. Hazırda gənc nəsil aktivləşib və proseslərə müdaxilə edir. Hazırkı hakimiyyət vaxtında getməyi bacarmalıdır. Azərbaycanda hətta proseslər elə cərəyan edə bilər ki, xalq seçkiyə qədər hakimiyyəti dəyişə bilər. Seçkiyə qədər xalq həddindən artıq aktivləşəcək. Sadəcə olaraq belə bir məqamda müxalifətin biraraya gəlməsi və xalqa rəhbərlik edəcək səviyəyə çatması vacib məsələdir.
 
Gecikmiş və sona qədər araşdırılmamış həbs
 
- Gülər Əhmədovanın həbsini necə qiymətləndirirsiniz? Elşad Abdullayevin yaydığı videolardan uzun müddət keçdikdən sonra digər vəzifəli şəxslər məsuliyyətə cəlb olunmadan, yalnız Gülər Əhmədovanın həbs olunması nəyin görsənişidir?
- Gülər Əhmədova bir qurbandır. Gülər Əhmədova böyük şahmat oyununda kiçik bir fiqurdur. Cinayətkar qrupun işi açılanda yalnız bir nəfər günahı boynuna götürür və müəyyən müddət həbsdə yatır. Amma bu gecikmiş və sona qədər araşdırılmamış həbsdir. Burada böyük bir cinayətkar zəncir var. Gələcək göstərəcək ki, Gülər Əhmədovanın ardınca bu cinayətkar halqa dağılacaq, yoxsa yox. Ədalətli məhkəmə olsa, cinayətkar qrup həbs olunacaq. Ehtimal edirəm ki, Gülər Əhmədova bir müddət həbs olunacaq və sonra aministiya ilə azad olunacaq.
 
- Baş verənlər bir daha göstərmədi ki, Elşad Abdullayevin açıqladığı videolarda adları çəkilən yüksək çinli məmurlar cəzalandırılmadan istintaqdan normal araşdırma gözləmək yersizdir?
- Gülər Əhmədova ilə baş verənlərə nöqtə qoymaq istəyirlər. Bəli, həqiqətən də bir daha təsdiqləndi ki, daha yuxarıda əyləşən vəzifəli şəxslər postlarından məhrum edilmədən normal araşdırma gözləməyə dəyməz. Çünki bu şəxslərin hüquq-mühafizə orqanlarına ciddi təsirləri var. Ağacın kökü qala-qala onun budaqlarını qırırlar. Halbuki kiçik məmurlar böyük məmurların xeyir-duası olmadan bu cür qanun pozuntularına yol verməzdilər.
Comment