0
Wednesday 10 April 2013 - 21:08

"Hakimiyyət xalqı inqilaba aparır"

Story Code : 253278
"Hakimiyyət xalqı inqilaba aparır"
"Azərbaycanın bölgələrində insanlar haqlarını başa düşür və tələb edirsə, onun Irana, Qərbə, Şərqə nə aidiyyəti var"

Natiq Kərimov: «Birlikdə möhkəm görünən, amma çürümüş səddi dağıtmalıyıq»

Müsahibimiz Islam Partiyasının üzvü, Nardaran Ağsaqqallar Şurasının sədri, İslam Partiyasının funksioneri Kərbəlayi Natiq Kərimovdur.

- Son zamanlar inanclı kəsimə qarşı hücumlar artıb. Bu hücumların kökündə nə dayanır?

- Öncə bizim haqq səsisimizi ictimaiyyətə çatdırdığınız üçün sizə təşəkkür edirəm. Avtoritar rejimlər dövründə həmişə haqqını tələb edənlərə qarşı hücum olur. Azərbaycanda avtoritar rejim özünə rəqib ola biləcək qüvvə görəndə, onu öz kreslosu üçün mütləq sıradan çıxarmaq istəyəcək. Bu, dünya malına olan istəkdir. Islamçılara qarşı təzyiqin səbəbini Azərbaycan daxil olmaqla Islama qarşı inamın artmasında axtarmaq lazımdır. Hakimiyyət də hiss edir ki, hazırda hətta iqtidarda təmsil olunanların balaları da inanclı kəsimin sıralarına qoşulurlar. Atası rüşvətlə dolanan insanlar belə Allaha sığınırlar. Digər tərəfdən, Azərbaycanda Islam hərəkatı geniş vüsət alıb. Bunu hamı hiss edib. Bunu yalnız siyasətdən başı çıxmayan adam hiss etməyə bilər. Insanların şərlənərək həbs olunmasına gəlincə, bu təzyiqlər heç bir qanuna uyğun deyil. Avtoritar rejimlərdə qanunun şah olmasıyla bağlı ciddi problemlər var. Bu rejimlərdə yalnız şah kimi özlərini görürlər. Insanların evlərinin sökülməsi, şərlənərək həbs olunması rejimin mahiyyətinin təzahürüdür. Rejim bundan o yana addım ata bilməz.

- Azərbaycanın hökumət rəsmiləri ölkədən xaricdə olanda bəyan edirlər ki, dövlətimiz həm Şimaldan, həm də Cənubdan ciddi təhdidlərə məruz qalır. Hətta bəzi deputatlar iddia edirlər ki, bu təhlükələrin böyük hissəsi Irandan qaynaqlanır...
- Əgər Azərbaycanın bölgələrində insanlar haqlarını başa düşür və tələb edirsə, onun Irana, Qərbə, Şərqə nə aidiyyəti var. Mən dərk etməyə başlamışam ki, mənə olan zülmlərin mənbəyi var. Bu səbəb də hakim zümrənin ölkənin inkişafına adekvat olmayan varlanmasıdır. Ölkədə həddindən artıq böyük pul kütləsi əmələ gəlib. Xəbərlər yayılır ki, 17 il ərzində 48 milyard ölkədən kənara çıxarılıb. Hakimiyyət siyasi iqtidarı itirməmək üçün əlindən gələni edir. Onun bir ağrısı da inanclı kəsimə dəyir.
Deputatların söylədikləri fikirlərə gəlincə, onların cavabını Elşad Abdullayev verib. Deputatların necə seçildiyi açıq bir şeydir. Görünən dağa bələdçi lazım deyil. Deputatları təyin edən onlara necə danışmağı da göstərir. Göstəriş verilir ki, Cənubla, Şimalla, okeanın o tayı ilə münasibətləri kəs. Təhlükə və təhdid o zaman olur ki, hakimiyyət öz xalqına güvənmir. Xalq hakimiyyətin mənbəyi olmayanda bu cür qeyri-müəyyənlik yaranır.

İdarəçilik sisteminin ciddi problemləri var


- Bu günlərdə Azərbaycan hakimiyyətinin offşor zonalardakı şirkətləri və maliyyələri barədə məlumat getdi. Hakimiyyət ölkə daxilində korrupsiyaya qarşı mübarizə apardığını bəyan edir, amma özü bu cür addımlar atır...
- Bu, sistemin özünün düzgün olmamasından irəli gəlir. Heydər Əliyev bu sistemi idarə edəndə, müəyyən bir vaxtda problemləri yox idi. Amma hazırkı dövlət başçısı Ilham Əliyev Heydər Əliyev kimi deyil. O, Heydər Əliyevdən zəifdir. Ilham Əliyevin ətrafı həddindən artıq şişib, əvvəllər heç kim olan adamlar yavaş-yavaş xan olublar. Offşor zonlarla bağlı məlumatların ictimailəşdirilməsi böyük işdir. Tanınmış jurnalist Xədicə Ismayıl bu məlumatları açıqlayan jurnalist təşkilatının üzvüdür. Qanunda əksini tapmayan addımların atılmasının sonu bu cür olar. Insanlara rahat həyat bəxş edə biləcək pulları xaricə aparmaq, başqa ölkələrin iqtisadiyyatına yatırmaq yaxşı addım deyil. Hansı hakimiyyət demokratik seçimə getmirsə, iqtidarı zorla əlində saxlamağa cəhd edirsə, bu böyük qalmaqala səbəb ola bilər. Mənim şəxsən qorxduğum məqam məhz budur. Azərbaycanda hakimiyyət xalqı inqilaba aparır. Demokratik seçki keçirilməli və qanuni hökumət qurulmalıdır. O zaman hər şey öz yerini alar.

- Hakimiyyətin qanunsuz əməllərini tanınmış şəxslər ölkə daxilində dilə gətirir. Eyni iradları hakimiyyətə qarşı beynəlxalq aləm də tutur. Amma iqtidar bu iradlara cavab vermir, əksinə, daxildə aktiv vətəndaşlarına qarşı “müharibə” elan edir?
- Hakimiyyətin beynəlxalq institutlara gücü çata bilməz. Biz balaca ölkəyik. Biz seçimimizi düzgün etməliyik. Azərbaycanda dövlət xalqa söykənərək qurulmalıdır. Bu hakimiyyət qonşu dövlətlərlə gözəl münasibət yarada bilər. Amma Azərbaycanın dövlət maraqlarını mütləq nəzərə almaq lazımdır. Bütün dövlətlərlə münasibətləri korlamaq yaxşı nəticə verməyəcək. Azərbaycanın 9 milyon əhalisi var. Onun da 3 milyonu mühacirətdədir. Xalqın seçimi olmalıdır. Buna imkan yaradılmayanda, bu, ölkəni başqa yönə aparacaq. Imkan verin əhali səsini versin. Fəalları nə ofisdən çıxarmaq, nə Lənkəranda qabağın kəsib qoçuluq etmək lazımdır. Bu qoçuluğun axırı yoxdur. Bu uşaq oyunudur. Amma bu oyunlar qan-qadaya gətirib çıxara bilər. Mən bunu istəməzdim. Hakimiyyətimizdə olan məmurlar bütün bunları anlamır və görmürlərsə, deməli, onlar uzaqgörən deyilər. Deməli, məmurların uzaqgörənliyini oğurladığı pullar kəsib. Bu məmurların fikri ancaq offşor zonalardadır. Allah bizim hər hərəkətimizi görür. Lazım olanda günahkarları tapacaq. Həmçinin hakimiyyətdə olanları.

- Daha bir əsgərimizi itirdik. Hakimiyyətin hələ də orduda davam edən əsgər ölümünə münasibəti adekvat deyil. Əksinə, məlumatı ictimailəşdirənlərə qarşı sərt ittihamlar irəli sürülür, onlar ünsür adlandırılırlar...
- Bu düzgün deyil. Azərbaycanda çoxlu problem var. Problemlərə qəzetinizin bütün səhifələrini ayırsanız, bitməz. Ona görə hər bir şeyin bir ölçüsü olmalıdır. Həmin əsgərlərin yerində öz balası da ola bilər. Öz övladını xaricə göndərməklə deyil. Allah istədiyi adamı istədiyi yerdə tapır. Onun qarşısında heç bir sədd, maneə ola bilməz. Biz də istəyirik ki, Azərbaycanda normal seçki keçirilsin və ölkədə Konstitusiyaya hörmət edən quruluş yaradılsın. Biz bu mübarizəmizi davam etdirəcəyik. Vaxtilə bizim hərbi hissələrdə namaz otaqları var idi. Namaz otağı təkcə namaz qılmaq üçün deyil. Orada islamı fəlsəfə öyrədilirdi. Bir insanda Allahın xofu olsa, o heç zaman yanındakı zəif insana başqa cür yanaşa bilməz. Axı orduda xidmətə gələn on səkkiz yaşlı cavanlar mənim balamdır. Bu yanaşma yoxdur. Deyilir ki, guya ideoloji təbliğat aparılır. Bu təbliğat yoxdur. Hakimiyyətdə olanların övladları əsgərlikdə olmayıblar, olanlar da məlum hissələrdə yağ və balla dolanıb.

Hüquqların qorunmasına təminat olmalıdır

- Qarşıdan prezident seçkisi gəlir. Bir qayda olaraq seçkilər zamanı hakimiyyət cəmiyyətə qarşı loyallaşır. Amma Azərbaycanda hakimiyyət əksinə, inanclı kəsimə, demokratik qüvvələrə, sahibkarlara qarşı təzyiqləri artırır. Sizcə, bunun səbəbi nədir?
- Bütün bu addımlar bizi inqilaba aparır. Əksinə, hakimiyyət cəmiyyətə qarşı münsibəti loyallaşdırmalı, zindanların qapılarını açmalı idi. Hacı Mövsümlər, Hacı Abgüllər, Hacı Talelər - siyasi məhbuslar azad edilməlidir. Bu siyasətin axırı necə olacaq? Ətrafımızda olan ölkələrin tarixlərinə, ərəb inqilablarına diqqət yetirmək lazımdır. Bu, Azərbaycan dövlətçiliyinin məhvinə aparan yoldur. Biz normal dövlət qurmalıyıq ki, hətta Qarabağda yaşayan ermənilər bilməlidirlər ki, Azərbaycanda hüquqların qorunduğu dövlət var. Axı hazırda erməni görür ki, məşədi Natiq haqqı dediyi üçün başına zopa vurub həbs edirlər və deyirlər ki, sən, ümumiyyətlə, nəşə ilə qidalanırsan. Sabah Azərbaycan vətəndaşı olan ermənilər necə danışıqlara, təhlükəsizliyin təminatına inana bilərlər.

Müxalif qüvvələr bir amal uğrunda mübarizə aparmalıdır

- Indiyə qədər insanların hüquqları uğrunda demokratik qüvvələr, inanclı kəsim ayrılıqda mübarizə aparıblar. Hazırda bu səylərin birləşdirilməsi mümkündürmü?
- Bu mümkündür. Sadəcə olaraq hər bir insan müəyyən məsələlərdə yanındakı dostunun fikirlərini nəzərə almalıdır. Bir məsələyə bir neçə yanaşma forması ola bilər. Biz Azərbaycan vətəndaşıyıq. Bizi Allahımıza, dövlətimizin gələcəyinə inam birləşdirir. Biz istəyirik ki, Azərbaycanda haqq-ədaltli hökumət olsun. Bu bizim arzumuzdur. Istərdim ki, Azərbaycanda bu hakimiyyətə olan müxalifət kimliyindən, ideologiyasından asılı olaraq birləşsin. Azərbaycan xalqına arxalanan hakimiyyət formalaşsın.

- Hacı Abgül də demokratik düşərgə ilə Islam Partiyasının əməkdaşlığının zəruri olduğunu bəyan edib. Islam Partiyasının təmsilçisi kimi hansı siyasi təşkilatlarla əməkdaşlığı mümkün sayırsınız?
- Islam Partiyası olaraq bildiririk ki, bütün müxalifət qüvvələr bir amal uğrunda mübarizə aparmalıdır. Bu dəqiqə bizim qarşımızda bir sədd var. Həmin səddin qarşısına möhkəm qüvvə ilə getməliyik. Üzdə möhkəm görsənən, amma çürümüş formada olan səddi dağıtmalıyıq. Qanunun böyüklüyü rüşvəti də kənara qoyacaq. Bizim zindanda heç nədən çərləyən həm müxalifət düşərgəsindən, həm də inanclı kəsimdən olan dostlarımız var. Qanun olsa, məhkəmələr azad olar və o zaman qanunazidd hərəkətlərin qarşısı alınar.

Qanunun aliliyinin təmin olunmaması fəlakət yaradır


- Dövlət başçısı müsahibəsində harınlamış məmurlara xəbərdarlıq etdi. Elə həmin harınlamış məmurlar deyilmi Bakı kəndlərini “zəbt” ediblər. Məgər bu məlumatlar məlum deyil?

- Dövlət başçısına hərtərəfli məlumatlar ötürülür. Dövlət başçısı özü bir insandır. Hər hansı bir vətəndaş tutduğu yerdən asılı olmayaraq qanunu əsas bilməlidir. Konstitusiya hamı üçün eyni olmalıdır. Dövlət başçısı məsələni yaxşı bilir. Ilham Əliyev harınlamış məmur deyəndə Azərbaycan xalqına deyil, qarşısında oturan məmurlara müraciət edirdi. Insana nə qədər pul lazımdır? Azərbaycan nə qədər dövlətli ölkədir ki, dövlətdən 48 milyard offşorlara çıxarıblar, 50 milyon manat fonda qoyublar. Bu ölkədə qanunun aliliyinin təmin olunmaması fəalakət yaradır. Bakı kəndlərində məmurlar kifayət qədər yerlər alıblar. Bunu hamı bilir. Biz kiçik ölkədə yaşayırıq. Hamının baş verənlər barədə məlumatı var. Gələcəkdə bu məlumatlar hamısı üzə çıxacaq.

- Bu müşavirədən sonra bir dəyişiklik hiss edirsinizmi?

- Heç bir dəyişiklik yoxdur. Sahibkarlığa Kömək Milli Fondudan 100 milyon manat alıb 5-6 faizlə insanlara kredit vermək çıxış yolu deyil. Sonra bu pulu qaytarmaq da lazımdır. Məsələləri köklü surətdə həll etmək gərəkdir. Hakimiyyət üzünü caamata çevirsəydi, rüşvəti sıfra endirsəydi, ölkədə canlanma yaranardı. Məsələn, xaricdən gül gətirmişik. Gömrükdə deyirlər ki, 386 manat rüsum ödə. Rüsumu ödəyirik. Sonra deyirlər ki, indi də 5000 qoy stolun üstünə. Bu, yuxarıdan aşağı korrupsiyaya uğramış sistemdir. Onu ləğv etmək lazımdır. Bunu da yalnız demokratik seçki yoluyla həll etmək olar.

Xəyal
Source : Azadliq.info
Comment