0
Sunday 14 April 2013 - 13:42

"Hakimiyyət meşə, quldurluq qanunu ilə hərəkət edir"

Story Code : 254097
Asəf Quliyev
Asəf Quliyev
Asəf Quliyev: «Naxçıvan partlayış ərəfəsindədir, baş verə biləcək hər hansı hadisəyə görə hakimiyyət məsuliyyət daşıyır»

Hakimiyyət müxalifət partiyalarının əyalətlərdə keçirdikləri toplantıların qarşısını hər vəchlə almağa çalışır. Hazırda bölgələrdə keçirilən hər bir tədbir polis müdaxiləsi və tədbiri keçirən şəxslərə qarşı birbaşa təzyiqlərlə müşahidə olunur. Bunu AXCP-nin Saatlı, Sabirabad, Qazax rayon şöbələrinə qarşı atılan addımlar da sübut edir. Bəs hakimiyyətin bu narazılığı nədən qaynaqlanır. AXCP sədrinin müavini Asəf Quliyevlə müsahibəmizə bu sualla başladıq.

- Hakimiyyətə qarşı həm daxildə, həm də beynəlxalq aləmdə ciddi təpkilər var. Xüsusilə Azərbaycan cəmiyyətində iqtidara qarşı münasibət birmənalı xarakter alıb. Artıq cəmiyyətdə hakimiyyətə olan bütün ümidlər qırılıb. Hamı əmindir ki, hakimiyyət verilən ümidləri doğrulda bilməz, rejimdən nəsə müsbət addım gözləməyə dəyməz. Ona görə artıq cəmiyyətdə hakimiyyətə qarşı nəinki etimadsızlıq, eyni zamanda güclü müqavimət yaranıb. Getdikcə bu müqavimət güclənir. Hakimiyyətdaxili qüvvələr baş verən prosesləri yaxşı anlayırlar. Indiyə qədər müəyyən beynəlxalq güclər hakimiyyəti himayə edirdisə, artıq bu qüvvələr də iqtidarın dəyişməsinin tərəfdarı kimi çıxış edir. Rusiya bununla bağlı mövqeyini açıq şəkildə ifadə edib. Bundan başqa, beynəlxalq aləmdə hakimiyyətin korrupsiya əməlləri ilə bağlı ciddi məlumatlar yayılmaqdadır. Ölkədən çıxarılan pulların hansı banklarda yerləşdirilməsi, offşor zonalarda açılan hesablar, şirkətlərin kimin adına olması artıq hamıya bəlli olan bir informasiyadır. Hakimiyyət baş verənləri gözəl anlayır. Biz əvvəllər rayonlara səfərlərimiz zamanı yalnız partiya üzvləri ilə görüşlər keçirirdiksə, indi rayonlara səfərlərimiz zamanı tədbirlərdə xeyli sayda müxtəlif qrupların təmsilçiləri iştirak edir. Insanlarla təmaslarımızdan görünür ki, əhali bu hakimiyyətə qarşıdır. Hakimiyyət əhalinin siyasi partiyalarla təmaslarından narahatdır. Gənclərin son zamanlar proseslərə qoşulması, Quba, Ismayıllı hadisələri göstərdi ki, hakimiyyətə qarşı geniş cəbhə yaranır. Ona görə siyasi iqtidar hakimiyyəti qorumaq üçün gücə müraciət edir. Hakimiyyət cəmiyyətdə demokratik imicin olmasına dair fikir formalaşdırmağa çalışır. Amma bu görüntülər tədricən aradan qaldırılır. Cəmiyyət gərginləşdikcə hakimiyyətin iç siması da açılır.

Hakimiyyətdaxili mübarizə cəmiyyəti də aktivləşdirir


- Hakim partiyanın özü də etiraf edir ki, tam gücü ilə seçkiyə hazırlaşır. Hazırda hakimiyyət seçkilərə əvvəlkitək arxayın getmir. Bu tendensiyanı necə dəyərləndirərdiniz?
- Cəmiyyətdə hakimiyyətə qarşı birmənalı fikrin formalaşmasının səbəblərindən də biri iqtidar daxilində gedən qarşıdurma ilə əlaqədardır. Cəmiyyətə müsbət təsir edən məsələlərdən biri məhz budur. Seçkiyə altı ay qalmış hakimiyyət öz namizədini müəyyənləşdirə bilmir. Görünür, bu, hakimiyyət daxilində müəyyən ziddiyyətlərin olmasından irəli gəlir. Hakimiyyətdə Paşayevlərlə Mehdiyev klanı arasında mübarizə hər ötən gün şiddətlənir və bunun təzahürləri hakimiyyətdaxili proseslərdə özünü göstərir. Hakim partiyanın namizəd müəyyənləşdirə bilməməsinin əsas göstəricilərindən biri də məhz budur. Hakimiyyət daxilindəki hər qruplaşmanın özünün namizədi var.

- Xüsusilə Naxçıvanda müxalifət təşkilatlarına qarşı təzyiqlər açıq formada özünü göstərir. Ibrahim Ibrahimlinin Naxçıvanda yaxınının yas mərasimində iştirak edərkən vəhşicəsinə döyülməsi bunu sübut edir. YAP yetkilisi Siyavuş Novruzov bildirib ki, baş verənlərin səbəbi tam fərqlidir. Guya Ibrahim Ibrahimli kiminləsə savaşıb. O eyni zamanda bildirib ki, Naxçıvanın Iran, Türkiyə, Ermənistanla sərhədi var. Ona görə də orda müəyyən məsələlərə diqqətli yanaşılır. Bu nə dərəcədə düzgün izah sayıla bilər?
- Təxminən bir il əvvəl belə bir informasiya var idi ki, Naxçıvanda yerli hakimiyyətin Paşayevlərə qarşı aqressiv münasibəti var. Naxçıvanda düşünürlər ki, Paşayevlər hakimiyyətə gələrsə, bu onların sonu deməkdir. Digər tərəfdən də Naxçıvana siyasi fəalın getməsi, orada müəyyən insanlarla görüşməsi aqressiv münasibətə səbəb olur. Naxçıvanda insanlara qarşı münasibət xüsusilə ifrata varıb. Məsələn, Səxavət Məmmədovun evini dağıtdılar, özünü və yaxınlarını döydülər. O, məcburən Bakıya köçdü. Iş adamı Məmməd Qurbanov Ictimai Palatanın yığıncağında iştirak etdiyinə görə başına gətirilənlər də hakimiyyətin simasın göstərir. Naxçıvanda Bakıdan fərqli olaraq beynəlxalq təşkilatların təmsilçiləri, səfirliklər yoxdur. Ona görə də Naxçıvanda hər hansı hərəkətdən qorxurlar. Naxçıvanın özündə də həddindən artıq gərginlik var. Hakimiyyət son zamanlar istər Naxçıvanda, istərsə də Azərbaycanın başqa regionlarında insanlara qarşı həddindən artıq aqressivlik nümayiş etdirir. Amma bu tip təzyiqlərlə cəmiyyətin aktivliyinin qarşısını almaq olmaz. Naxçıvan bu gün partlayış ərəfəsindədir. Naxçıvanda baş verə biləcək hər hansı bir hadisəyə görə məsuliyyəti bu hakimiyyət daşıyır. Naxçıvanda baş verə biləcək fəsadların zərbəsi hakimiyyətin özünə dəyəcək.

Dəyişikliklərə birgə nail ola bilərik

- Əgər əvvələr ölkədə vətəndaşların hüquqlarının bərpası uğrunda inanclı kəsimlə demokratik qüvvələr ayrı-ayrılıqda mübarizə aparırdılarsa, hazırda Islam Partiyasının təmsilçilərindən birlik təklifləri səslənir. Bu təklifləri necə dəyərləndirirsiniz və bu əməkdaşlığın hansı nəticələri ola bilər?
- Hakimiyyət demokratik qüvvələrlə inanclı kəsim arasında münasibətlərin yaxşı formada olmaması üçün çalışırdı. Qəsdən bu qüvvələr qarşı-qarşıya qoyulurdu. Cəmiyyətdə müsbət bir dəyişiklik var. Artıq kimliyindən asılı olmayaraq hamı bu hakimiyyətin dəyişdirilməsində maraqlıdır. Əgər doğurdan da dini inancların həyata keçirilməsi üçün normal cəmiyyətə ehtiyac varsa, bunu təkbaşına nə inanclı kəsim, nə də demokratik qüvvələr qura bilərlər. Bu, cəmiyyətin, millətin problemidir. Hamı biryerdə mübarizə aparıb. Cəmiyyətin tələbi ilə bu insanlar bir araya gəlir. AXCP olaraq biz bu məsələdə ayrı-seçkilik qoymuruq. Istər dini inanclı kəsim olsun, istər əqidəli insanlar olsun, hamısı bu ölkənin vətəndaşlarıdır. AXCP hələ bir il bundan əvvəl Islam Partiyası və digər təşkilatlarla normal münasibətlərin qurulması üçün addımlar atmışdı. Bir il əvvəl AXCP-nin ildönümü münasibəti ilə Islam Partiyasının da nümayəndəsi yubileyə dəvət olundu və həmin tədbirdə həmin şəxs gözəl çıxış etdi. AXCP-nin atdığı bu addımdan sonra dini kəsim ilə demokratik qüvvələr arasında bir əməkdaşlıq yarandı. Bu əməkdaşlığın sonunun uğurlu olacağına və hakimiyyətin dəyişməsində inanclı kəsimin böyük rol oynayacağına əminəm.

Hakimiyyətdən siyasi etika gözləmək yersizdir

- Azərbaycanda uzun müddətdir ki, daşlaşmış ənənələr var. Həmin qaydalara hakimiyyət də uzun müddət toxunmağa cəhd etmirdi. Amma hazırda biz əks prosesi yaşayırıq. Nemət Pənahlının bir müddət əvvəl atasının, bu yaxınlarda isə anasının dünyasını dəyişməsinə baxmayaraq, o, yas mərasiminə buraxılmadı. Hətta qatı düşmənlərinə qarşı siyasi rejimlərin bu cür ifrata varmadığı halda Azərbaycan hakimiyyətinin bu addımları necə dəyərləndirilməlidir?
- Hakimiyyətə qarşı olan insanların həbsə atılması, orada incidilməsi neçə ildir davam edir. Hakimiyyətin YAP-a aid olmayan şəxslərə qarşı aqressiv münasibəti var. Sözsüz ki, Nemət Pənahlı da hakimiyyət barəsində müxalif söz dediyinə görə bu cür münasibətə məruz qalıb. Bu, hakimiyyətin simasın göstərən amildir. Bu hakimiyyət meşə, quldurluq qanunu ilə hərəkət edir. Kimsə onlar barəsində mənfi fikir söyləyirsə, çalışırlar ki, onu həm siyasi, həm mənəvi, həm əxlaqi cəhətdən təzyiqlərə məruz qoysunlar. Bu hakimiyyətin yanaşmasında hər hansı müsbət tərəf yoxdur ki, hər hansı əxlaqi dəyərlərə söykənəsən.

- Eyni zamanda inanclı şəxslər, müxalifətçilər qondarma ittihamlarla, narkotik istifadəçisi adı altında həbsə atılırlar. Bu siyasətin kökündə nə dayanır? Bununla hakimiyyət cəmiyyətə hansı mesacları vermək istəyir?
- Elnur Seyidovun həbsinin səbəbi onun AXCP sədri Əli Kərimlinin qaynı olmasıdır. Hakimiyyət demokratiya uğrunda mübarizə aparan insanları onların yaxınlarına təzyiq etməklə yolundan etməyə çalışır. Bu siyasət hakimiyyətin dünyagörüşündən xəbər verir. Hakimiyyət özünün yüksək intellektə sahib olduğunu nə qədər açıqlasa da, son hadisələr bunların səviyyəsin göstərir. Insanlara məhz zor tətbiq etməklə özlərindən asılı vəziyyətə salmaq istəyirlər.

- Dövlət başçısı Ilham Əliyevin məlum müşavirəsindən sonra hakimiyyətin siyasətində bir dəyişiklik hiss olunurmu? Digər tərəfdən, Bakı meri Hacıbala Abutalıbov bəyan edib ki, bu il gül bayramına keçən ilkindən iki dəfə artıq gül gətiriləcək. Bu isə daha artıq məsrəf deməkdir...
- Son görüşümüz Gəncə şəhərində keçirildi. Görüşlərimiz əhalinin müxtəlif təbəqələri ilə oldu. Amma onlardan kiminsə bu hakimiyyəti müdafiə etdiyini görə bilmədik. Artıq əhali arasında müxalif fikrə böyük maraq var. Görüşlərimizin də daha izdihamlı keçməsi məhz bununla bağlıdır. Əslində hakimiyyətin gül bayramı kimi tədbirlər keçirməsində məqsəd maliyyə yeyintisinə yol verməkdir. Əgər hərəkət imkanından məhrum olunmuş Qarabağ döyüşçüsü küçədə dilənirsə, hakimiyyətin gül bayramı keçirməsi əxlaqsızlıqdan başqa bir şey deyil. Düşünürəm ki, gül bayramına sadəcə olaraq kənardan baxıb, etiraz etmək kifayət deyil. Artıq gül bayramında insanlar etirazlarını ifadə etməlidirlər. Məsələn, qadınlar qara geyinərək özünə məxsus formada bu tədbirə etirazlarını nümayiş etdirməlidirlər.

- Əli Əhmədov bildirib ki, Azərbaycan ahəlisinin böyük əksəriyyəti Ilham Əliyevi dəstəkləyir. Bu nə dərəcədə reallığa uyğun açıqlamadır?
- Bu özünü aldatmaqdan başqa bir şey deyil. Əgər doğurdan da Ilham Əliyevi xalq istəyirsə, o zaman müxalifətin tədbirlərinə imkan yaratsınlar. Xalq Ilham Əliyevi müdafiə edirsə, nəyə görə bu qədər narahatlıq var. Nəyə görə Qəbələdə fəhlələrin öz pulunu tələb etməsi onların həbs olunması ilə nəticələnir? Nəyə görə Ismayılı etirazına obyektiv qiymət verilmir? Xalq bu hakimiyyəti istəmir. Yaxşı olar ki, Əli Əhmədov partiyanın necə dağıldığından, adamların təşkilata zorla üzv edilməsindən danışsın.
Source : Azadliq.info
Comment