0
Wednesday 18 August 2010 - 15:15

AZƏRBAYCAN HƏRBİ ƏMƏLİYYATLARA HAZIRLAŞIR?

Story Code : 34689
AZƏRBAYCAN HƏRBİ ƏMƏLİYYATLARA HAZIRLAŞIR?
“Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfəri, Türkiyə prezidenti Abdullah Gülün Azərbaycana səfəri kontekstində qiymətləndirilsə, bu, əslində region uğrunda geosiyasi mübarizənin yeni mərhələyə daxil olmasına eyham vurur” – bu sözləri politoloq Elşən Manafov Medvedevin Ermənistana səfərini şərh edərkən, FaktXeber.com-a bildirdi: “Bildiyimiz kimi Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlıqla bağlı müqavilə imzalanıb. Bu da Azərbaycanın NATO ölkəsi ilə əməkdaşlığı deməkdir. Bu mənada Rusiya Cənubi Qafqazla bağlı planlarına yeni aydınlıq gətirir. Rusiya bir daha bəyan edir ki, Cənubi Qafqazda onun ən yaxın müttəfiqi Ermənistandır. Ona görə də Rusiya Ermənistanla münasibətləri bir az da inkişaf etdirmək üçün Medvedev İrəvana gedib. Bu səfərdə həm də Rusiyanın 102-ci hərbi bazası ilə bağlı saziş imzalancaq”.

Rusiya Gürcüstanla olan münasibətləri yenidən qabartmağa çalışır. Gürcüstana mesaj verir ki, əgər yenidən Abxaziya və Cənubi Asetiya məsələsini gündəmə gətirsə, qarşısında Rusiyanı görəcək – politoloq vurğuladı: “Baxmayaraq ki, Rusiya iqtisadi inkişafını Azərbaycanın xam malı hesabına ödəyir və texnologiya baxımından Qərbdən çox geri qalır, amma imperialist planlarından əl çəkmək istəmir. Medvedevin Ermənistana səfəri də bu kontekstdə qiymətləndirilməlidir”.

E.Manafov bir aydan sonra Rusiya prezidentinin Azərbaycana gələcəyini də diqqətə çatdırdı: “Hesab edirəm ki, Rusiya Cənubi Qafqazda balansı saxlamaq üçün Azərbaycan səfərini reallaşdıracaq. Eyni zamanda rəsmi Moskva “dovşana qaç, tazıya tut” siyasətini davam edir. Heç bir zaman yəqin ki, Rusiya Ermənistanı çətin vəziyyətdə qoymayacaq. Bu, onun Cənubi Qafqazla bağlı planlarına aid olduğu üçün geri çəkilməyəcək”.

E.Manafov Medvedevin Ermənistan səfəri ilə Gülün Azərbaycan səfərinin əlaqələrini belə şərh etdi: “A.Gülün səfəri zamanı iki dövlət arasında strateji əməkdaşlıq və qarşılıqlı yardım barədə müqavilə imzalanıb. Bu müqavilənin bütün detalları açıqlanmır. Maraqlısı odur ki, qarşılıqlı yardım Azərbaycana hərbi yardım nəzərdə tuturmu? Əgər Türkiyə hər hansı hərbi əməliyyat zamanı Azərbaycana hərbi yardım edəcəyinə söz verirsə, o zaman Rusiya hansı mövqedən çıxış edəcək? Hərbi ekspertlərin Azərbaycan ordusu haqqında bildirdikləri fikirlər göstərir ki, Azərbaycan gerçəkdən hərbi əməliyyatlara hazırlaşır. Bu mənada Rusiya özünü necə aparacaqsa, Türkiyə də elə aparacaq. Güman etmirəm ki, Rusiya və Türkiyə baş verə biləcək hərbi əməliyyatlara müdaxilə edib, kiminsə mövqeyini dəstəkləsin. Sadəcə, hər iki tərəf öz müttəfiqini çətin vəziyyətdən çıxarmağa çalışacaq”.

Əli Mövlud
Source : faktxeber
Comment