0
Saturday 18 September 2010 - 12:03

ƏLİYEV TÜRKİYƏDƏ NİYƏ RUSCA ÇIXIŞ ETDİ?

Story Code : 37429
ƏLİYEV
ƏLİYEV
Rəfail Tağızadə: "Bu, Moskvaya arxayın ol mən səninləyəm demək, kimi anlaşılmalıdır"
Xəbər verildiyi kimi bir neçə gün əvvəl Azərbaycan respublikasının prezidenti İlham Əliyev Türkiyədə keçirilən “türkdilli dövlətlərin sammitində” iştirak etmək üçün Ankaraya səfər etmişdi. Belə ki, İlham Əliyev bu görüşdə çox əhəmiyyətli bəyanat verməklə əslində həqiqəti dedi. O, bildirdi ki, bu vaxta qədər Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir irəliləyişə nail olunmayıb. Bu ifadə həm də neçə illər xalqın başını aldadaraq, ağız dolusu yalanların üstünü açdı. Bundan əlavə məlum sammitdə İlham Əliyevin rus dilində danışdığı bildirilir. Ölkə başçısının bəyanatını pisləyən və həm də həqiqət olduğunu deyən Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı FaktXeber.com-a bildirdi: “Bu bəyanat 1993-cü ildən bəri Heydər Əliyev və İlham Əliyevin apardığı xarici siyasətin iflasının etirafıdır. Həm də ötən illər ərzində Dağlıq Qarabağın həlli ilə bağlı aparılan danışıqların nəticəsiz olduğunu və xalqı hər dəfə Lissabon Sammitindəki qələbədən tutmuş, indiyə qədər aldatması deməkdir. Bir daha məlum oldu ki, xalqa yalan məlumat verilir və başını aldadırlar. Eyni zamanda bir daha təsdiq olundu ki, bu hakimiyyət Dağlıq Qarabağ münaqişəsini həll etmək gücündə deyil”.

G.Aslanlı ölkə başçısının rus dilində danışmasını da pislədi: “Bu onu göstərir ki, İlham Əliyev və onun ətrafı hələ də Rusiyanın təsirindən çıxa bilməyib. Onlar nəinki rus dilində danışırlar hətta rus dilində fikirləşirlər. Bunun nəticəsində türk dilli dövlətlərin sammitində məhz rus dilində danışırlar. Bu, Azərbaycan respublikasının prezidenti səlahiyyətini daşıyan şəxs üçün bağışlanmaz səhvdir. Çünki, ən azı azərbaycan-türkcəsində danışmalı idi”.

Ümid Partiyası Təşkilatı Məsələlər üzrə sədr müavini Rəfail Tağızadə bizimlə söhbətində bildirdi ki, prezidentin Qarabağ probleminə dair belə bir bəyanat səsləndirməsi Minsk qrupunun bu məsələni hər hansı formada həll edə bilməməsinin bir daha etirafıdır: “Bundan əlavə, super geclərin Qarabağ məsələsini gündəmə gətirmələri və nəticədə heç nə əldə olunmadığı artıq xalq tərəfindən başa düşülür. Əslində biz həmişə deyirik ki, danışıqlar nəticə verməyəcək və bu, sözdən başqa bir şey deyil”.

R.Tağızadə hesab edir ki, Dağlıq Qarabağ probleminin həlli olunması istiqamətində aparılan danışıqların mətni hamıdan gizli saxlanılırdı: “Ona görə də belə bir bəyanatın birdənbirə verilməsi cəmiyyətdə tam fərqli ovqat yaradır və xalq bunu təəccüblə qarşılayır. Əslində hamının bildiyi bir həqiqət etiraf olunub. Bu, çoxdan olunmalı idi. Sadəcə, öz hakimiyyətlərini qorumaq xatirinə illərlə xalqı aldadıb və hətta lazım gələndə Qarabağ kartından siyasi taktika kimi istifadə ediblər. Yenə də belə bir bəyanat verməklə əhali arasında müharibə qorxusu yaradır və seçkilərdə qalib gəlməyə çalışırlar. Hər halda hakimiyyət öz zəifliyini etiraf edirsə, bu, müsbət qiymətləndirilməlidir”.

Müsahibimiz İlham Əliyevin Türkiyədə rus dilində danışmasına da toxundu: “Məndə dəqiq məlumat yoxdur. Belə hadisə baş veribsə, çox utandırıcıdır. Bu, Moskvaya arxayın ol mən səninləyəm demək, kimi anlaşılmalıdır. Bundan əlavə türkdilli dövlətlərin əksəriyyəti türk dilində yaxşı danışa bilmirlər”.

Əli Mövlud
Source : faktxeber
Comment