0
Friday 1 October 2010 - 15:50

DİNDARLAR NİYƏ SÜRGÜN OLUNUR?

Story Code : 38871
DİNDARLAR NİYƏ SÜRGÜN OLUNUR?
DİNDARLAR NİYƏ SÜRGÜN OLUNUR?
Doğulub, boya-başa çatdığı doğma şəhəri Gəncədən sürgün edilən Hacı Azər Cəbiyevin FaktXeber.com-a müsahibəsini təqdim edirik.


- Hacı, bildiyimiz kimi sizi 10 günlük həbs etmişdilər. Bu, nə ilə bağlı idi?

- Dindar və mömin qardaşlarımızdan birini 8 gün həbs etmişdilər. Onlar Beynəlxalq Qüds günü münüsibəti ilə sionizmə etiraz olaraq İsrailin Azərbaycandakı səfirliyinin qarşısında dinc aksiya keçirmək istərkən saxlanılmışdılar. Biz də bir dəstə gənc həmin şəxslərin azadlığa çıxdığı gün saxlama təcridxanasının qarşısına gəldik. Həmişə olduğu kimi yenə polis tərəfindən bir sıra qanunpozuntuları baş verdi. Əslində biz sakitcə dayanıb həmin şəxsləri qarşılamaq istəyirdik. Amma təzyiq və təhqirlərə məruz qaldıq. Bizimlə gedən dindarları polis maşınlarına mindirib müxtəlif polis bölmələrinə apardılar. Gəncə, Yevlax, Lənkəran və digər rayonlardan da dindarlar gəlmişdi. Gəncədən gələnlərin təqribən 35-40 nəfərini öz rayonlarına qaytardılar. Polis bölmələrində bizə qarşı çox təhqiramiz ifadələr işlədib və hətta bir neçəsini də döydülər. Dedilər ki, gedin bir daha belə yerlərə gəlməyin. Yoxsa “üzdəniraqları” sizin üzünüzə durğuzub, sizi şərləyəcəyik. İndi Gəncədə camaat qorxu içində yaşayır. Hətta ən yaxın dost da bir-birindən uzaq gəzir. Yalandan tutacaqları ilə qorxu yaradırlar. Şəxsən mənim valideynlərimi Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Rasim Musayev çağırıb onları təhqir edib və bildirib ki, Azəri mütləq tutacağam, hələlik ona hörmət edirəm.

- Siz Bakıya nə məqsədlə gəlmişdinis, həbs olunanları qarşılamaq üçün, ya başqa səbəblər də var idi?

- Yox, başqa səbəb yox idi. Biz qanunsuz olaraq həbs olunan bir neçə dindarın azadlığa çıxdığı gün onları qarşılamaq məqsədi ilə paytaxta gəlmişdik. Xatırladım ki, heç bir pozuntu və ixtişaş salmadan sakitcə, onları gözləyirdik. Polislər bizi dövrəyə alıb, maşınlara mindirdilər. Biz də heç bir müqavimət göstərmədən onların əmrlərinə tabe olduq. Bizi bölməyə aparıb, izahat almağa başladılar. Məcbur edirdilər ki, biz yazaq, aksiya keçirtmişik və bu işdən peşmanıq. Biz də dedik ki, aksiya keçirtməmişik necə yazaq və imza ataq? Vəkil tələb etsək də əhəmiyyət vermədilər. Bir nəfər polis mənim üzümə yalandan durdu ki, guya məni maşına mindirəndə onların əmrlərinə tabe olmamışam. Sonra məhkəməyə aparıb haqqımızda 10 gün həbs qərarı verdilər.

- Bizdə olan məlumata görə siz Gəncə Polis İdarəsində olmusunuz. Sizi ora necə və kim apardı?


- Sonuncu gün məni həbsdən çıxardanda gördüm ki, Gəncədən 3 nəfər polis gəlib. Məni maşına mindirib, birbaşa Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə apardılar. 6 saat məni orada gözlətdilər. Mən ruhani libasında olduğum üçün təhqiramiz ifadələr işlədir, cürbəcür sözlərlə təhqir edirdilər. Sonra Nizami Rayon Polis İdarəsinin rəsisi Ağahüseyn adlı bir şəxs gəlib mənə bir sillə vurub, dedi ki, səni bu il içəri basdıracağam. Telefonumu da aldılar. İndiyə qədər cib telefonun onlardadır. Sonra üç nəfər gəlib mənə əl-qol atmağa başladı. Məni oradan Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Rasim Musayevin yanına apardılar. Rasim Musayev demişdi ki, onu o formada mənim yanıma gətirməyin. Mən libasda idi, məcburi şəkildə həmin paltarları soyundurdular, hətta eynəyimi də çıxartdılar. Valideynlərimi çağırıb, onları qorxutmağa başladılar.

- Sizi niyə Gəncədən çıxartdılar?

- Dedilər ki, qarşıdan Məhərrəmlik ayı gəlir. Guya mən rahat oturmayacağam. Ona görə qərara gəldilər ki, məni Gəncədən çıxartsınlar. Hamı bilir ki, biz heç zaman dövlət əleyhinə nəsə deməmişik. Həmişə Quran və hədislərdən danışmışıq. Rasim Musayev Ağahüseynin paqonundan tutub dedi ki, 3 saat ərzində bunu Gəncədən çıxartmasan bunları sökəcəm. O da tez məni yola saldı. Mən gəncədən çıxana qədər tez-tez valideynlərimlə əlaqə saxlayıb oradan çıxmağımı tələb edirdi. Valideynlərim də məni Kürdəmir rayonuna yola saldılar. Orada babam və nənəm yaşadığı üçün oranı seçdim. Bir həftə Kürdəmirdə qalandan sonar Bakıya gəlməyi qərarlaşdırdım.

- Siz mətbuata açıq şəkildə nələrin baş verdiyini deyirsiniz. Buna görə təzyiqlər olunur?

- Əlbəttə, elə onun nəticəsi olaraq, indi doğma yerimdən didərgin salıblar, sürgün həyatı yaşayıram. Polis rəisi valideynlərimi çağırıb deyir ki, mən Azərə yaxşılıq edib, tutmuram. Yaxşılığı sürgündürsə, gör pisliyi necə olar. Üzümü Rasim Musayevə tutub deyirəm ki, çox da arxayın olmasın, yığdığı mal-dövləti və övladları ona fayda verməyəcək. Allahdan qorxsun. Çünki, Allah Quranda buyurur ki, haqqa qarşı çıxanlara mal-dövlətləri və övladları heç bir fayda verməyəcək. Eyni zamanda buyurur ki, Allahın kömək etdiyi insanları heç kim məğlub edə bilməz və zəlil etdiyi şəxslərə də heç kim kömək edə bilməz. O gündən qorxsunlar ki, etdiklərinin hesabını soracaqlar.

- Valideynləriniz sizi mübarizədən çəkindirməyə səy göstərirlər?

- Bildiyiniz kimi valideynlərim qorxu içində yaşayır. Müxtəlif hədələyici ifadələrdən istifadə edirlər. Buna görə də valideynlərim mənə mətbuata çıxmamağı deyirlər. Hətta Gəncədə şayiələr yayılıb ki, bütün dindarları tutacaqlar. Hesab edirəm ki, bu hüquqları Azərbaycanın qanunları bizə verib. Bu mənada mübarizəmizi davam etməkdə israrlıyıq.

- Gəncədə dindarlar o qədər güclü təşkilatlana biliblərmi, polis belə vahiməyə düşüb?

- Əslində Gəncə dindarları həmişə aktiv olub. Onlar elmi, imani və sağlam düşüncəni həmişə qəbul edib və bu istiqamətdə mübarizə aparıblar. Heç zaman zülmü, haqsızlığı və əxlaqsızlığı qəbul etməyən gəncəlilər həqiqi mübarizədən geri çəkilmək niyyətində deyillər. O qədər cinayətə bulaşıblar ki, sağlam insanların tənqidinə dözməyib onlara qarşı vəhşiliyə əl atırlar. Gəncə məscidlərində həmişə din və Quran təbliğ olunub. Heç kim deyə bilməz ki, Azərbaycan dövlətçiliyi əleyhinə Gəncədə kimsə nəsə edib. Biz sadəcə, zülümkarlar və haqsızlığa qarşı döyüşürük. Təkcə Gəncədə deyil, demək olar ki, ölkənin hər yerində dinə qarşı məqsədli şəkildə hücumlar olunur. Mənim üçün də maraqlıdır ki, görəsən niyə dindən bu qədər qorxurlar? Bircə bunu başa düşürəm ki, həmişə haqsız və zülmkar haqqdan qorxur.

- Son zamanlar Gəncə timsalında eyni hadisələrin Lənkəran və başqa yerlərdə də şahidi olduq. Sizcə, İslama qarşı təhdidlər haradan qaynaqlanır?

- Görünən tərəf odur ki, hakimiyyət nümayəndələri özbaşınalıq edirlər. Amma əmri kimdən aldıqları bilinmir. Bundan əlavə dindarlarla hakimiyyəti üz-üzə qoymağa çaılışrlar. Hesab edirəm ki, bu olanların hamısı İslamın xeyirinə nəticələnəcək. Çox səhv düşüncə ilə hakimiyyəti idarə etmək istəyirlər. Elə bilirlər ki, camaatı xüsusən dindarları qorxu içində saxlamaqla nəyəsə nail ola biləcəklər. Stalin kimilər də Allahla mübarizə apardı, nəticədə sındı. Eyni zamanda baş verənlərin möminlər üçün bir imtahan olduğunu düşünürəm. Allah Quranda buyurur: “Elə bilirsiniz ki, cənnətə daxil olamaq asandır. Allah sizin imanınızı yoxlamadan cənnətə daxil olmaq istəyirsiniz?” Başqa yerdə isə buyurur ki, Allah sizi qorxu ilə imtahan edəcək.

- Necə düşünürsünüz, bu gün dini məsələlər ictimai areniya çıxa bilirmi?

- İslam fərdi din deyil. Onun bütün göstərişləri ictimai anlam daşıyır. Bu gün Azərbaycanda yavaş-yavaş dini məsələlər ictimailəşir. Məhz ona görə əks tərəf qorxuya düşür. Çünki, İslam insanları həqiqətə və düzlüyə səsləyir. Çirkab içində çabalayanlar təbii ki, bu ülvi göstərişlərin reallaşmasını istəmirlər.

- Siz doğma şəhərinizdə yaşamaq hüququndan məhrum olunmusunuz. Bu mənada hansı addımlar atmaq niyyətindəsiniz?

- Mənim Gəncədən sürgün olunmağım qanunsuzdur. Ən azı heç məhkəmə qərarı da yoxdur. Ona görə də bu cür qudurğanlığın qarşısında susmayacağıq. Bacardığımız qədər bu məsələni böyüdəcəyik, hətta ölkə başçısına və digər zəruri yerlərə çatdıracağıq ki, özləri ölçü götürsünlər. Gəncəyə qayıtmağımız münasib olan zaman, qayıdacağıq. Məni narkotiklə şərləyəcəklərini deyirlər. Hələ bundan sonra hansı iyrənc yollara əl atacaqlarını heç kim bilmir. Əslində biz bu hədələrdən qorxmuruq. Çünki, İmam, Peyğəmbər öldürən millətlər olub, yəqin ki, bunlar da onların yolunu davam edir.

- Sizin fəaliyyətinizi hansısa xarici təşkilatla bağlayırlar?

- Yox, elə sözlər eşitməmişəm. Bu vaxta qədər heç kim mənə deməyib ki, sənin xariclə əlaqən var. Ancaq deyirlər ki, sən polisə tabe olmamısan və ona müqavimət göstərmisən. Mən cəmi altı aydır ki, təhsilimi tamamlayıb, Azərbaycana qayıtmışam. Bu vaxt ərzində ancaq dinin təbliği ilə məşğul olmuşam. Məscidlərdə və dini mərasimlərdə moizələr edib, xalqa həqiqəti çatdırmışam. Əslində hamı böyük bir sualın qarşısında məəttəl qalıb ki, görəsən nələr baş verir və dindarları niyə bu qədər təqib edirlər.

Əli Mövlud
Source : Faktxeber
Comment