0
Monday 4 October 2010 - 12:58

MÜXALİFƏTİN DAHA BİR NAMİZƏDİ ZƏRƏRSİZLƏŞDİRİLDİ

Story Code : 39154
MÜXALİFƏTİN DAHA BİR NAMİZƏDİ ZƏRƏRSİZLƏŞDİRİLDİ
MÜXALİFƏTİN DAHA BİR NAMİZƏDİ ZƏRƏRSİZLƏŞDİRİLDİ
“Dairə seçki komissiyalarında qanunsuzluq baş alıb gedir. İmza vərəqələrini təqdim edən namizədlərin qeydə alınma prosesində ciddi maneələr yaradılır. Bir sözlə dairələrdən gələn məlumatlar narahatedicidir. O cümlədən, Qabil Hüseynliyə verilən imzaların ləğv olunması müxalifətə ciddi xəbərdarlıqdır” – bu sözləri AXCP-Müsavat seçki blokunun sözçüsü Rövşən Quliyev FaktXeber.com-a bildirdi. Onun sözlərinə görə dairə komissiyaları namizədlərin qeydə alınmasında süni problemlər yaradır: “Konkret olaraq 95 saylı Tər-tər seçki dairəsində Qabil Hüseynliyə qarşı qanunsuz qərar qəbul olunub. Vətəndaşları qorxudub, onlardan imzalarından imtina etməyi tələb edirlər. Qanunsuz olaraq ekspert rəyi veriblər ki, guya Qabil Hüseynlinin namizəd kimi qeydə alınmasına görə seçicilərdən yığılan imzaların böyük əksəriyyəti saxtadır. Sonra Qabil bəyin namizədliyini ləğv etmək üçün müvafiq qərar çıxardıblar”.



Biz bunu qanunsuz hesab edirik və artıq blok öz bəyanatını verib. MSK, ATƏT və digər beynəlxalq təşkilatlara vəziyyətlə bağlı xəbərdarlıq etmişik. Bundan sonra da qanunun bizə verdiyi hüquq çərçivəsində mübarizəmizi davam edəcəyik – deyə, bildirən R.Quliyev əlavə etdi: “Blokun irəli sürdüyü namizədlərin hələ üçü barəsində belə qərarlar verilib. Amma bizdə olan məlumata görə belə namizədlərin sayı çoxalacaq. Hakim partiyanın əsas seçki siyasəti də məhz AXCP-Müsavat seçki blokunun namizədlərini bir-bir sıradan çıxartmaqdır”.



Blokun növbəti addımlarından danışan müsahibimiz vurğuladı: “Blok konkret olaraq qarşısına məqsəd qoyub. Seçkilərdə var gücü ilə iştirak edəcək və bu istiqamətdə əlindən gələni əsirgəməyəcək. Yaradılan maneələri də qanun çərçivəsində həll etmək niyyətindədir. Qabil bəyin namizədliyinə gəldikdə, növbəti mərhələyə keçə bilməyəcək. Əvvəl tələb olunan imzanı toplaya bilməyən namizəd depozit qoyurdu. Amma indi o ləğv olunub. Yeganə yol müəyyən qədər imza toplamaqdır. Məhz bu vasitə ilə namizədlik təsdiq oluna bilər”.



Müsahibimiz bildirdi ki, MSK açıqlama verib ki, 15 ədəd imza vərəqi verə bilər. Amma əksər dairələrdə 10, bəzilərində 11 ya 12 imza vərəqi verilib: “Çox az sayda isə namizədlərə 14, 15 imza vərəqi təqdim olunub. Ən müxtəlif bəhanələrlə yubadırlar. Çalışırlar ki, imza vərəqələrini az versinlər, yaxud vaxtı gecikdirirlər. Hər imza vərəqində 50 imza yeri var. Onların hamısı DSK sədrinin möhürü ilə verilir”.



Əli Mövlud
Source : Faktxeber
Comment