0
Saturday 9 October 2010 - 22:40

SABİR RÜSTƏMXANLIDAN SEÇİCİLƏRƏ BÖYÜK HÖRMƏTSİZLİK

Story Code : 39760
SABİR RÜSTƏMXANLIDAN SEÇİCİLƏRƏ BÖYÜK HÖRMƏTSİZLİK
SABİR RÜSTƏMXANLIDAN SEÇİCİLƏRƏ BÖYÜK HÖRMƏTSİZLİK
Məlum olduğu kimi, namizədliyini 72 saylı Yardımlı-Masallı seçki dairəsindən irəli sürmüş "Nonsens" qəzetinin baş redaktoru Fikrət Fəraməzoğlu seçkilərdən kənarlaşdırıldı. Bununla bağlı ötən gün açıqlama verən tanınmış jurnalist deyib ki, baş verənlərlə bağlı geniş açıqlama verəcək. Dünən onunla danışıb, nələrin baş verdiyi barədə söhbət etdik.



- Fikrət bəy, sizin namizədliyinizi niyə qeydə almadılar?



- Burada təəccüb edəcək heç nə yoxdur. Hələ seçkilərə qatılandan bir həftə sonra tam əmin oldum ki, mənim namizədliyim qeydə alınmayacaq. Hətta bununla bağlı DSK nümayəndələri ilə söhbətim zamanı da xəbərdarlığımı bildirmişdim. Əslində, bu seçkilər hakimiyyətin nə dərəcədə aciz olduğunu, bacarıqsızlığını və heç bir qanun tanımadığını ortaya qoydu. Etiraf edim ki, indiki hakimiyyəti bu qədər qorxaq olduğunu düşünmürdüm. Şübhəsiz, məni ciddi rəqib hesab etdiklərindən prosesdən uzaqlaşdırdılar.



- Yəni deyirsiniz ki, baş verənlər sifariş olub.



- Təbii ki, sifariş olub. Bunu bilmək üçün baş verənlərə diqqət yetirmək kifayətdir. Təsəvvür edin ki, DSK üzvləri bütün qapılara gedərək, onlardan imza verib, verməmələrini soruşurdular. Bu azmış kimi, bəzilərini mənim əleyhimə ərizə yazmağa məcbur etmişdilər. Hətta elə hallar da olmuşdu ki, insanlar qorxularından mənə qarşı izahat verməli olmuşdular. Onları qınamıram. Bu repressiv maşının təhlükələrindən qorxduqlarının fərqindəyəm. Onlara böyük hörmətim və sayğım var. Bir maraqlı faktı diqqətinizə çatdıracam. DSK üzvləri əvvəlcə mənim əmimin evinə gedərək, orada imzaların həqiqət olub-olmadığını yoxlamaq istəyiblər. Əmimin həyat yoldaşının imzasını "saxta" çıxarmağa cəhd etsələr də, sonradan üzləşdikləri etirazdan sonra geri çəkiliblər. Digər bir fakt isə odur ki, mənim dost-doğmaca bibim qızıma əleyhimə izahat yazdırıblar ki, guya imzası "saxtadır". Həmin vaxt qohumum soruşub ki, bu izahat nə üçündür, ona deyiblər ki, Fikrət bəyin xeyrinə imza toplayırlar. Məsələdən xəbər tutduqda etirazını bildirən bibim qızımı hədələiyblər ki, əgər ərizəsini geri götürsə, polis gəlib onu aparacaq və 1000 manat pulunu alacaq. Sonradan işin nə yerdə olduğunu gördükdə geri çəkilməli olublar.



- İnsanlarla söhbət əsnasında nəsə təhdid, filan edildiklərini duydunuzmu?



- Birmənalı şəkildə deyirəm ki, insanlarımızı təhdid etmişdilər. Onlarla fakt var ki, bunun təşkil olunduğunu isbat edim. Məsələn, DSK sədri bizim qonşu kəndə gəlib getdikdən sonra Zuvand kəndində xəbər yayıldı ki, əgər səhəri günü kim Fikrət Fəraməzoğlunun əleyhinə ərizə verməsə, prokurorluq işçiləri tərəfindən həbs olunacaq. Bu xəbərlərin kim tərəfindən yayıldığını araşdıran zaman olduqca maraqlı bir fakt ortaya çıxdı. Məlum oldu ki, bu xəbərləri yayan 72 saylı dairədən namizədliyini artıq üçüncü dəfə irəli sürmüş və hazırda deputat olan Sabir Rüstəmxanlının vəkilidir. Həmin şəxs keçən seçkilərdə də Sabir Rüstəmxanlının vəkili olub. Təbii ki, bu onun haqqıdır. Ancaq mənim üçün maraqlı məqam odur ki, DSK sədri Zuvand kəndinə gələn kimi, birbaşa onun evinə gedib. Hətta gecənin bir yarısına qədər onlarda qalaraq, şam edib və bəzi adamları onlara çağıraraq, ərizələr alıblar. Bütün bunlar azmış kimi, Zuvand kəndində birinci gün aparılan araşdırmaların səhərisi Sabir Rüstəmxanlının oğlu həmin kənddə peyda olub və sözügedən şəxsin evində olub. İndi bundan sonra bu işlərin sifariş olduğunu düşünməməkdən başqa mənim başqa yolum qalmır. Hər halda bütün bunlar təsadüf ola bilməz.



- Bəs, əhali niyə sizin əleyhinizə ərizələr veriblər?



- Bayaq dedim ki, mən onları qınamıram. Masallı kəndlərində yaşayan insanların, xüsusən də qadınların böyük əksəriyyəti savadsızdır. Bunu DSK üzvləri özləri də gördülər. İmza atmaq bir kənara, hətta hərfləri tanımırlar belə. Belə bir kontingenti təhdid etməklə təsir altında saxlamaq çox asandır. Bunu bilən maraqlı qüvvələr də məhz onları prokuror, polis, məhkəmə ilə hədələməklə istəklərini reallaşdıra biliblər. Digər tərəfdən bəzilərini də aldadıblar ki, guya, namizədə yardım etmək üçün bunu ediblər. Onlardan mənim əleyhimə imzalar alanda deyiblər ki, Fikrətə yardımçı olmaq fikrindədir. Bir tərəfdə savadsız insanlar, digər tərəfdən yalan, bir başqa tərəfdə isə təhdid onlar üçün yol qoymayıb. Mənim bununla bağlı DSK-da söhbətlərim oldu. Diqqətlərinə çatdırdım ki, atdıqları addım ədalətsizlik və haqsızlıqdır. İnsanları təhdid etməklə mənim əleyhimə ərizə almaq qanun pozuntusu olmaqla bərabər, həm də siyasi sifarişdir.



- Bayaq, Sabir Rüstəmxanlının adını çəkdiniz. Onun bu işlərdə marağı nədən ibarət ola bilər? Həmin dairədə bu hal təkcə sizə qarşımı oldu?



- Xeyir, bu tək mənə qarşı olan məsələ deyil. Mənimlə bərabər, həmkarım Elşad Paşasoy da analoji vəziyyətlə üzləşib. Yəni, mənim əleyhimə ərizə alınması kampaniyası onun üçün də tətbiq olunub. Amma bu yalnız iki namizədi əhatə edib. Digərləri üçün heç bir yoxlama, filan aparılmayıb. Sabir Rüstəmxanlı və YAP-ın namizədi üçün imzatoplamanın yerli icra nümayəndəliklərində həyata keçirildiyini bilməyən yoxdur. Əgər dəqiqliklə yoxlanılarsa, o zaman ən böyük saxtakarların elə bu iki şəxs olduğu üzə çıxacağına qətiyyən şübhəniz olmasın. Problemin kökündə dayanan əsas məsələ isə odur ki, istər mən, istərsə də Elşad Paşasoy kifayət qədər ciddi rəqib hesab olunurduq. Nəzərə alın ki, təkcə mənim doğulduğum kənddə 4000 seçici var və ötən seçkilərdə təsdiqləndi ki, həmin insanlar birmənalı olaraq mənim dəstəkləyir. Eyni zamanda, heç bir partiyanı təmsil etməsəm belə, müxalifət düşüncəli bir insanam. İnsanların haqlarını tələb etmək üçün imkanlarımdan həmişə yararlanmışam. Nəzərə alın ki, 721 saylı dairədə bu seçkilərin iki əsas favoriti olacaqdı ki, onun biri mən, digəri də Elşad bəy sayılırdı. Belə olan təqdirdə, Sabir Rüstəmxanlı nəinki üçüncü, bəlkə də ən sonuncu fiqur kimi seçkilərdə ad çıxaracaqdı. O zaman şübhəsiz iki əsas rəqibi sıradan çıxarmaq lazım gəlirdi və bu da baş verməkdədir.



- Düşünürsünüz ki, Sabir Rüstəmxanlı zəif fiqurdur?



- Sabir bəy yaxşı jurnalist, yaxşı yazar, yaxşı şair ola bilər. Amma onun nə Yardımlıda, nə də Masallıda iynənin ucu qədər hörməti yoxdur. Bunu da şərtləndirən başlıca səbəb onun atdığı addımlardır. Təsəvvür edin, üç dəfə eyni dairədən deputat seçilmiş şəxs bir dəfə də olsun oradakı insanların dərdi ilə maraqlanmayıb. Parlamentdə bircə dəfə də olsun rayonun adını çəkməyib. Ötən seçkilərdə isə elə bir hərəkətə yol verib ki, bunun cəzasını bəlkə də uzun illər çəkəcək. Belə ki, ötən seçkilərdə əhali yığışıb Sabir bəylə görüşmək istəyib. Maşınla yığıncaq yerinə gələn deputat maşınından düşməyərək, şüşəni açıb deyib ki, "mənə sizin səsiniz lazım deyil". Sizcə, bu sözlərdən sonra onun yenidən deputat seçilməsini kim istəyə bilər? İnanın Yardımlı və Masallıda vəziyyət belədir ki, ən zəif namizəd belə hazırkı vəziyyətdə Sabir Rüstəmxanlıya qalib gələ bilər. Ona görə də, əsas rəqibləri sıradan çıxardılar ki, daha rahatlıqla saxtakarlıq edə bilsinlər.



- Bəzi məlumatlara görə, yerli icra başçıları da seçki prosesinə müdaxilə etməyə başlayıblar. Siz bunu müşahidə etmisinizmi?



- Bəli, bu bir həqiqətdir. Hal hazırda seçkinin necə və hansı şəkildə saxtalaşdırılması mexanizmini məhz icra başçıları hazırlayır. Mənə imza verənlər arasında YAP-çılar da var idi. Onları bu yaxınlarda Masallı rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev yanına çağırıb, danlayıblar ki, niyə Fikrət Fəraməzoğluna imza veriblər. Bunun özü ən böyük müdaxilədir. İnsanları qorxutmaq, onları təhdid etmək, onlara qarşı hədə-qorxudan yararlanmaq seçkilərə müdaxilədən başqa bir şey deyil. Bundan başqa, yerli icra nümayəndələri və bələdiyyə sədrlərini də icra başçılarını bir araya gətirib, onlara vaxtaşırı təlimatlar verir. Sadəcə, bunu o qədər çılpaq şəkildə həyata keçirirlər ki, insanın ürəyi bulanır.



- Baş verənləri belə izah etmək mümkündürmü ki, yerli İcra Hakimiyyətləri DSK-a ilə birlikdə seçkilərin saxtalaşdırılması üçün çalışırlar?



- Tam əminliklə deyə bilərəm ki, bu belədir. Əgər belə olmasaydı, nə DSK üzvləri insanları təhdid etməzdi, nə də icra başçıları insanlara hədə-qorxu gəlməzdi. Eyni zamanda, DSK rəhbərləri hər bir namizəd haqqında vaxtaşırı icra başçılarına məlumat verir, onlardan təlimatlar alırlar. Bunun bir neçə dəfə hətta kənarda şahidi olmuşam. Telefonla mütəmadi məlumat verən DSK sədri hər bir namizədlə necə davranmağın, onlar haqqında hansı qərarların çıxarılması barədə təlimat almadan hərəkət etmir. Bunun özü göstərir ki, hər şey birgə plan əsasında həyata keçirilir.



- Hüquqlarınızı qorumaq üçün məhkəməyə müraciət edəcəksiniz?



- Kimdən kimə şikayət edim? Bu ölkədə məhkəmə sistemi kimin nəzarəti altındadır? Sizcə, bu məhkəmələrdən ədalət gözləməyə dəyərmi? Bütün bunların dəfələrlə şahidi olmuşuq. Məhkəmələrin əlindən bir mətbuat işçisi olaraq, necə böyük əziyyətlərə düçar olduğumuzu hamı bilir. Belə olan halda, hüquqlarımı qorumaq üçün məhkəməyə müraciət etməyimin bir faydası olacağını düşünmürəm. Bu hakimiyyət elə bir sistem yaradıb ki, tək çıxış yolu ümumilikdə hərəkət edib, birgə mübarizə aparmaqdan ibarətdir. Hələliksə bunun simptomları müşahidə olunmur.



- Siz bu hadisələrin sonunu necə qiymətləndirirsiniz?



- Doğrusu, bu hakimiyyətin indiki qədər aciz olduğunu düşünmürdüm. Hesab edirdim ki, bu qədər resursu, pulu, imkanı olan iqtidar özünə daha çox güvənər. Amma seçki dövründə tam əmin oldum ki, bu iqtidar yetərli qədər qorxaq və bacarıqsızdır. Hadisələrin heç də yaxşı olmayan bir nəticəyə varacağına da şübhəm yoxdur. İnsanlarda seçkiyə olan son inam da bundan sonra gömüldü. Amma hakimiyyət özü də bilmədən elə bir səhvə yol verib ki, bu da müxalifətin xeyrinədir. Məsələn, illərdir ən ucqar kəndlərə qədər təbliğatın yayılmasına çalışdığımız halda buna nail ola bilmədik. Ancaq seçki başlamamış ən ucqar kəndlərin sakinləri ortada hansı haqsızlıqların baş verdiyini gördü və danışmaqdadır. Bu bir tərəfdən bizim uğurumuzdur. Qalır işin başqa bir tərəfi ki, o da müxalifətin işidir. Yəni, müxalifət bundan sonra bu təbliğatın eyni səviyyədə davam etməsi üçün cani-dildən çalışmalıdır. Həmin məsələdə hətta müxalifət partiyalarının üzvü olmayan şəxslərin imkanlarından yararlanmalıdır. Mənim qənaətimə görə, hakimiyyət bu addımı ilə özünü dərin bir bataqlığın içinə saldı. Və bu bataqlıqdan çıxa biləcəyinə isə qətiyyən inamım yoxdur.
Source : Faktxeber
Comment