0
Friday 13 May 2011 - 20:24

Əgər bunu Allah əmr edirsə...

Story Code : 71642
Əgər bunu Allah əmr edirsə...
Əgər bunu Allah əmr edirsə...
-Öncə müsahibə təklifimizi qəbul edib vaxt ayırdığınız üçün təşəkkür edirik...
Bilirik ki, uşaq yaşlarından Müqəddəs Məşhəd şəhərində dini təhsilə başlamısınız və bununla bağlı uzun bir müddət Azərbaycandan uzaq düşmüsünüz. Sizin Azərbaycanda dini kəsimin problemlərinin həlli ilə fəaliyyətlərdə birbaşa ön xətdə yer tutmağınız necə baş verdi?

-Bismillahir-rəhmanir-rəhim. Hesab etmirəm ki, bu proseslərə qatılmağım gözlənilməz və təsadüfi olub. Müqəddəs Məşhəddə təhsil aldığım illərdə daim Azərbaycan haqqında düşünmüşəm, doğma Lənkəranı bir an olsun unutmamışam. Hələ ölkədə dini kəsim konkret problemlərlə üzləşməmiş və vətəndə təbliğat fəaliyyətinə başlamışam. Azərbaycanda ardıcıl fəaliyyətlərim Gəncədən başlayıb. Gəncəni tanıyan Azərbaycan deyəndə Bakı ilə yanaşı Gəncəni xatırlayır. Bu şəhərin uzun müddət paytaxt olması təsadüfi olmayıb və paytaxt statusu Gəncəyə bir ağırlıq, ciddilik gətirib. Nə isə, ruhani-tələbənin müqəddəs vəzifəsi olan dini təbliğata Gəncədə başlamışam. Gəncə dindarlarının qəlbimdə xüsusi yeri var. Əlbəttə ki, biz ruhanilər bütün xalqımızın xidmətçisiyik. Amma Gəncədə elə ilk addımda rastlaşdığım təzyiqlər zamanı gəncəlilərin qəhrəmanlığını gördüm... Beləcə, 1989-cu ildə Lənkəranda anadan olmuş bəndənin (özünü nəzərdə tutur) Azərbaycana dönüşü Gəncədən başladı.
Deyirsiniz ki necə oldu ön xəttə yer tutdum? İslam hərəkatında uğur zirvəsi şəhadətdir. Bu hərəkat dünya malı, rahatlıq vəd etmir ki, önə keçmək çətin olsun. Ölümə hazırsansa buyur keç qabağa.

-Deyəsən ilk dəfə elə Gəncədə həbs edildiniz?

-Əslində ilk təbliğim Lənkəranda olub. Sonra Rusiyaya səfərim olub. Daha sonra Gəncə və daha 12 rayon.
İki il öncə iyul ayı idi. Şah Abbas Cümə məscidində axşam namazından sonra məsciddən çıxanda Gəncə şəhər Nizami rayon Polis şöbəsinin əməkdaşları tərəfindən şöbəyə aparıldım. Gecə şöbədə saxlanıldıqdan sonra heç bir səbəb olmadan Gəncə şəhər Nizami rayon Məhkəməsi 5 gün həbs qəti imkanı tədbiri seçdi. Mənim üçün maraqlı idi. Neçə illər din çörəyi yeyəsən bir dəfə əziyyət çəkməyəsən. Ona görə də haqqı deyib həbs olunmaq, işgəncəyə məruz qalmaq, hətta təhqir olunmaq maraqlı idi. Bunu Allahın lütfü sayıram.

-Keçək söhbətimizin necə deyərlər canına. Azərbaycanda təşkilat, cəmiyyət əlindən tərpənmək mümkünsüz olub. Kimi saxlasan ya partiya rəhbəridir, ya da fəal. Amma respublikada ictimai-siyasi, sosial durumda demək olar ki, ciddi dəyişiklik yoxdur. Yoxsulluq var, siyasi məhbuslar var, bir də işğal olunmuş torpaqlar. Belə bir məqamda HHQM MK-nın, az sonra MRC-nin yaradılmasına nə zururət vardı?

-Deməzdim ki, Azərbaycandakı ictimai-siyasi, dini təşkilatlar bir iş görmür və onların mövcudluğu faydasızdır. Azərbaycan Hacı Mövsüm, Hacı İlqar, Hacı Şahin, Hacı Abgül kimi sədaqətli İslam xidmətçiləri var. Azərbaycanda Leyla Yunus kimi qəhrəman hüquq müdafiəçisi var. Mən deyərdim ki, Azərbaycanda neçə dindar varsa bir o sayda mübariz insan var. Amma hicab qadağası ortaya çıxanda birbaşa hicab təyinatlı təşkilata ehtiyac yarandı. Təbii ki, fəaliyyət sahələri artdıqca nələrsə ikinci plana keçir. Müdafiə Komitəsi yaradıldı ki, kimlərsə hicab qadağasının ləğvini və bu yolda həbs edilənlərin azadlığa çıxmasını ilkin vəzifəsi bilib fəaliyyət göstərsin. Komitənin saytı fəaliyyət göstərir və hicabla bağlı bütün xəbərləri, audio-vidio materialları bu sayda izləyə bilərsiniz.

-Bəs Mübariz Ruhanilər Cəmiyyətinin yaradılmasına nə ehtiyac vardı?

-Azərbaycanda bütün sahələr üzrə təşkilatlanma getdiyi halda ruhanilər pərakəndə qalmışdı. QMİ-dən nəsə gözləməyə dəyməz və bu qurum mövcud ehtiyaclara cavab vermir. QMİ-nin tanınmış ilahiyyatçı-alim, AİP sədri Hacı Mövsüm Səmədovun şərlənərək həbsə alınmasına dəstək verməsi MRC-nin təsisinin əsas səbəblərindəndir. Onlar istədilər Səmədovu təsirsizləşdirsinlər, nəticəsi bu oldu ki, yüzlərlə ruhani MRC-də birləşdi.

-Nə iş gördü HHQM MK və MRC?

- Zənnimcə, təkcə İstanbulda və Bakıda keçirilən konfranslara görə bu qurumları yaratmağa dəyərdi. Bu konfranslar Azərbaycan dini kəsiminin, ruhaniyyətin bir aparıcı qüvvə olaraq mövcudluğunu ortaya qoydu. Mübariz ruhanilər hakimiyyətin şər nizələrinə sinələrini dirədilər, rəzil həyatdansa şərəfli ölümü seçirik dedilər. Konfranslarda təkcə hicab və dindar məhbuslar məsələsi qabardılmadı. Prioritet mövzulardan biri də Qarabağ idi. Biz bu günə qədər Qarabağın işğal altında qalmasında hakimiyyəti müqəssir sayırıq. Gücünü, az qala ordusunu müxalif düşüncəli insanların üzərinə yeridib. Görün şəhid Mübariz nə qəhrəmanlıq göstərdi! Görün insan ölümdən qorxmayanda, şəhadət arzusuyla meydana çıxanda hansı əbədiyəti qazanır!
Fəaliyyətlərimiz davam edir. Qeyri-rəsmi hicab qadağası rəsmi ləğv edilənədək, bütün hicab qadağası məhbusları azad olunanadək mübarizəmiz davam edəcək. Biz yalnız cavab veririk. Sabitlik istəyən hökumət qaşınmayan yerdən qan çıxarıb dini dəyərləri ayaq altına almaz.

- Azərbaycanda HHQM MK və MRC-yə münasibət necədir?

-Kimin münasibəti?

-Dövlətin, dini kəsimin, xalqın.

-Dövlətin münasibəti repressiyalardan görünür. Dini kəsim MK və MRC-yə lap sirli bir qüvvə kimi sevgi ilə yanaşır. Mübariz Ruhanilər Cəmiyyəti xalqı yox, xalq bu cəmiyyəti meydana çəkir. Anti-islam qüvvələrin başqa dini təşkilatlarla MRC arasında münasibəti pozub fitnə törətmək cəhdi də baş tutmadı. Hamı bir araya gəldi, hərə öz xətti haqqında açıqlama verdi və qarşı tərəfdən xeyir-dua aldı. Heç bir dini təşkilatla problemimiz yoxdur. Danışılanlar şayiə və cahil adamların fantaziyasıdır.

-Nə danışırlar ki?

-Bu mövzunu açsaq düşmənə işləmiş olacağıq. Qısaca onu deyim ki, MRC Azərbaycan Respublikası ərazisindəki bütün dini liderləri, hətta dini dəyərlərə hörmət qoyan müxalifət liderlərini qardaş olaraq qəbul edir. Hətta hakimiyyətdə hicab qadağasını ciddi səhv sayan yetkililər var və biz bu insanlara minnətdarlığımızı bildiririk. Amma hicab problemini yaradan və dəstəkləyən Təhsil Naziri, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, BAXCP kimi təşkilatlarla münasibətimiz necə ola bilər?! Hakimiyyətdə də, müxalifətdə də Allah qanunlarına hörmətlə yanaşanlara hörmətimiz var. Əgər hakimiyyəti başdan-başa İslama müxalif saysaydıq biz də istefa tələb edərdik. Müxalifətçi qardaşlarımızla baxış fərqimiz də budur. Biz islahatlara ümid edirik. Prezidenti ideoloji sahəyə cavabdeh məmurları cəzalandırmağa çağırırıq. Əlbəttə ki, həmkarlıq əlimiz sondək havada qalmayacaq. Hələ ki hakimiyyət dini kəsimə qarşı heç bir barışdırıcı tədbir görməyib. Hacı Zülfüqar azad edilirsə, bizə minnət qoymamalıdırlar.
Əksinə, Hacı Zülfüqarın heç bir günhsız həbsdə qaldığı günlərə görə məsuliyyət daşıyanlar var.

-Siz hesab edirsiniz ki, Əliyev hökuməti həqiqi islahat aparmaq gücündədir?

-Biz islahat gözləsək də, Əliyevi günahsız saymırıq. Çünki Azərbaycanda baş verənlər xidmət yox, xəyanətdir. Biz sadəcə buna ümid edirik. Həzrət Əli (ə) Müaviyyə kimi birini dönüşə çağırdı, “dünya səndən bezib, axirət sənə yaxınlaşıb” buyururdu. Həzrət buyurur ki, zalımın atdığı daşı özünə qaytar, şərin cavabı şərdir. Əlbəttə ki, qisas hökmünün də vaxtı var. Azərbaycan müsəlmanlarının səbri hüdudsuz deyil.

-Bəziləri, hətta dini kəsimdən olanlar hicab aksiyalarının dövlətin xeyir-duası ilə baş tutduğunu iddia edir. Guya dövlət qərbə mesaj verir ki, biz getsək fundamentalistlər gələcək.

-Bu versiyanı qəbul etmirəm. Azərbaycanda hələ Əliyevdən qabaq anti-islam layihələr həyata keçirilirdi. Məscidlər uçuruldu, azana qadağa qoyuldu. Hakimiyyətdə təmsil olunan bəzi harın oliqarxlar islamı öz varidatı üçün təhlükə sayır.
İkinci və çox mühüm nöqtə? Allah vəd verir ki, xalis niyyətlə vuruşanlara qarşı hiylələri boşa çıxaracaqğam. Aydın olur?

-Bəli, çox yerinə düşdü bu açıqlama. Başqa bir təhlükəli nöqtə: dindar meydana çıxmır ki, imanım zəifdir və həbs olunsam sına bilərəm, dinin ziddinə danışdırıla bilərəm. Bundansa kənarda dayanmaq yaxşıdır!

- Əgər bunu Allah əmr edirsə, necə kənarda dayanmaq olar?! Əmmar Yasiri yada salın. İşgəncə verdilər, onları razı salacaq sözlər dedi. Amma azad olan ki, mübarizəsini davam etdirdi. Azərbaycanda da nümunələr var. İslam partiyası fəalları həbs olunanda peşman olduqlrını deyb azadlığa çıxır və elə həmin gün mübarizə younu davam etdirirdilər. Muxtarın da üsulu belə olub. Həbs ediləndə vəd verib ki, qiymdan çəkiləcək. Amma çıxan kimi işini görüb. Namərd, hiyləgər adamlara qarşı taktika budur. Dindarlar qorxmasın ki, həbsdə zorla verdikləri ifadələr görə kimsə onlara satqın deyər. Deyən desin. İslam bunu qəbul etmir. Əmmar Yasirin müdafiəsinə Allah qalxdı.
Bir nöqtə də var: Allah vəd verir ki, meydana xalis niyyətlə daxil olanların düşməndən qorxusunu Özündən qorxuya çevirsin.

-Şəxsən sizin haqqınızda deyilir ki, ananaız sizi mübariz tərbiyə edib, şəhadətə hazırlayıb.

-Mən özümdəki mübariz əhval-ruhiyyəyə görə ata-anama borcluyam. Amma insafsızlıq olar ki, ustadları yaddan çıxarım.


-Söhbətimiz yekunlaşdı. Əgər yaddan çıxan bir şey qaldısa buyurun.

-Mən 6 mayda qəhrəmanlıq göstərən mömin qardaşlara, xüsusilə Hacı Talehə minnətdarlığımı bildirirəm. Həzrət Əli (ə) buyurur ki, mübarizə yolunda yer üzündə tək qalsam və hamı əleyhinmə olsa, mübarizədən əl çəkmərəm - çünki mənim yolum haqq, onların yolu batildir.
Ey Azərbaycan xalqı, Allah səni azad yaradıb, kimsəyə qul olma. Qorxma istibdaddan, sənin, Lut qövmünü nəsillərə ibrət olsun deyə daşa döndərən Allahın var. Bir şərtlə - niyyətin saf olsun, İmam Mehdinin (əc) himayələrini də unutma.

-Uğur olsun, Qardaşımız!

Müsahibəni hazırladı
Babək Təbrizli

/Hicab.org/
Comment