0
Saturday 9 November 2013 - 22:30

Məhrəmanə Cenevrə müzakirələrinin deşifrəsi

Story Code : 319424
Məhrəmanə Cenevrə müzakirələrinin deşifrəsi
Məhəmməd İmani bu gün Keyhanda getmiş qeydlərində yazır: Cenevrədə cümə axşamı və cümə günləri böyük izdiham müşahidə edildi. Mətbuatın səs-küyü 5+1-in İranla müzakirələrindən yaranan həyəcanı daha da artırdı. Ötən gün ABŞ xarici işlər naziri Tel-Əvivdən Cenevrəyə getdi. Məqsəd Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton, İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə üçtərəfli müzakirələrdə iştirak etməkdir. Kerri son iki həftə ərzində 3-cü dəfə Tel-Əvivə səfər edib. İsraillə müzakirələrdə əsas mövzu İranın nüvə proqramıdır. Cümə günü günortadan sonra belə bir xəbər yayıldı ki, Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri də Cenevrəyə gedir. Mətbuat hansısa razılaşmanı proqnozlaşdırdı. Bəziləri isə böyük bir razılaşmadan söz açırdı. Amma dünən gecəyə qədər müzakirələrin təfərrüatı qaranlıq qalmışdı. Əlimizdə olan informasiya əsasında deyə bilərikmi ki, Cenevrə müzakirələri yolun başlanğıcı və ya sonudur? Yoxsa Amerika İranla bərabər səviyyədə razılaşmaya hazırdır. Bu da ola bilər ki, İrana qarşı yeni bir xəyanət planı cızılır. Ötən gün Netanyahunun ehtimal olunan razılaşmaya kəskin etirazı müzakirələrin xarakterini daha düzgün göstərmirmi? Görən qənaətbəxş bir razılaşmanın hansı xüusiyyətləri olmalıdır?
 
Münasib razılaşma mövzusuna ABŞ-İsraillə bizim baxışımız fərqlidir. İran İslam Respublikasının nəzərincə danışıqlar o zaman qənaətbəxş ola bilər ki, İranın qanuni hüquqları rəsmən tanınsın, bütün addımlar beynəlxalq hüquqa münasib olsun. İran nümayəndə heyəti ümid edir ki, qarşı tərəfin bəhanələri kəsildikdən sonra ədalətsiz sanksiyalara son qoyula bilər. Belə bir proqnoz da var ki, ABŞ İranı uranın zənginləşdirilməsi kimi qanuni haqqından addım-addım uzaqlaşdırmaq istəyir. Vaşinqton sanksiyaları Demokl qılıncı kimi baş üzərində saxlamaq istəyir. Bu tədrici prosesdə Qərb tərəfi 20%-lik zənginləşdirmənin azaldılmasını nəzərdə tutur. Əlbəttə ki, sonda 10 il əvvəldə olduğu kimi zənginləşdirmənin tamam dayandırılmasını planlaşdırırlar. Bu iki baxış arasında fərq böyükdür. İran xarici işlər nazirinin müavini doktor Abbas Əraqçi mətbuat qarşısında deyib: “Ehtimalən sənəd imzalanmayacaq. Müştərək bəyanat verilməsi gözlənilir. Bu bəyanatda birinci addım, son addım, müştərək hədəflər və addımlar əks oluna bilər.” Eyni zamanda doktor Zərif mətbuata belə açıqlayıb: “Müştərək bir bəyanat ya bu qəbildən bir razılaşmaya çata bilərik. Həmin sənədin imzalanmasına ehtiyac olub-olmaması ayrıca mövzudur.” Doktor Zərif CNN-ə müsahibəsində deyib: “Uranın zənginləşdirilməsi tam şəkildə dayandırılmayacaq. Biz 2003-2005-ci illərdə zənginləşdirmə proqramını tam dayandırdıq, amma bunun müsbət nəticəsi olmadı. Bu dəfə həmin variantı sınaqdan keçirməyəcəyik. Bu söz 20% zənginləşdirmənin nisbətən azaldılması ehtimalını gücləndirir. 
 
Son günlərdə ABŞ rəsmilərinin bəyanatlarından belə görünür ki, Vaşinqton qeyri-bərabər razılaşmaya ümid edir. Obama cümə axşamı günü CNN-ə deyib: “Haqqında danışılan razılaşma sanksiyalara cüzi təsir edə bilər. Amma sanksiyaların strukturu qorunacaq. İranla belə bir razılaşma mümkündür ki, birinci mərhələdə İran nüvə proqramını genişləndirməyi dayandırsın.” Ağ Evin sözçüsü Cey Karni daha ətraflı açıqlama verib: “Sanksiyalar qismən azaldıla bilər və onların yenidən tətbiqi mümkündür. Sanksiyaların əsas strukturu saxlanılacaq. Amma İranın nüvə proqramının inkişafını dayandırması gözlənilir.”
 
Senatın bank komitəsinin rəisi Tim Conson deyib: “Cenevrədə müzakirələr başa çatandan sonra İrana qarşı yeni sanksiyalar paketi komitədə araşdırılacaq.”
 
Digər tərəfdən New-York Times xəbərdarlıq edir ki, ABŞ İrandan tələbləri açıq bəyan etməsə də bir dövlət rəsmisinin sözünə görə müzakirələrdə zənginləşdirmə faizinin endirilməsi, nüvə proqramı inkişafının dayandırılması əsas mövzulardır. Bu şəxsin sözlərinə görə nüvə proqramının 6 ay ərzində dayandırılması nəzərdə tutulur. Bunun müqabilində İranın xarici banklarda dondurulmuş yatırımlarının bir hissəsi azad oluna bilər. 
 
Əslində ABŞ tərəfi sanksiyaları az da olsa azaltmaq fikrində deyil. Vaşinqton 3-10 milyard dollar civarında dondurulmuş İran pullarını qaytarmaq barədə düşünür. “Daily Telegraph” deyilənləri Senatdakı mənbəyə istinadən təsdiqləyərək yazır: “Ehtimal olunan razılaşmaya əsasən İrana qismən zənginləşdirmə icazəsi veriləcək. Amma nüvə proqramı 6 ay ərzində dayandırılmalıdır. Birinci addımda 20% zənginləşdirmə dayandırılır, 20% zənginləşdirilmiş uran ehtiyatı azaldılır, Ərakda ağır su reaktoru bağlanılır. Əvəzində ABŞ bəzi dondurulmuş sərmayələri azad edir.” Bu xəbəri Fransa mətbuatı da yazıb. Reuters bir ABŞ rəsmisinin mətbuatda yayılmış sözünü yada salır: “Biz ilk addımda sanksiyalardan danışmayacağıq. İranı danışıqlar stoluna gətirmiş sanksiyalar qüvvədə qalır. Biz İran dövlətinin strategiyasını dəyişmək istəyirik. Konqresdən istədik ki, qısa müddətli razılaşmaya imkan verilsin. Biz hamımız sanksiyalara tərəfdarıq. İran haqqı olmadığı halda uran zənginləşdirir. İlk addımda bu sahədə inkişafı dayandırmalıdırlar. Bizim nəzərimizcə İran və başqa heç bir ölkənin uranı zənginləşdirmək hüququ yoxdur.”
 
Bu ssenari ilə sionist rejim özünü müxalif göstərmək istəsə də Netanyahunun Kerri ilə görüşdən sonra bəyanatından anlaşıldı ki, Tel-Əviv Amerika ilə həmfikirdir. Haartez çərşənbə günü yazıb ki, ABŞ İranın nüvə proqramının dayandırılmasını tələb edəcək. İsrail rəsmiləri deyir ki, ABŞ-İran razılaşması sanksiyalara təsir göstərməyəcəksə, eyni zamanda İranın nüvə proqramı dayandırılacaqsa Tel-Əviv bu razılaşmaya qarşı çıxmayacaq. Başqa bir İsrail rəsmisi bildirib ki, ABŞ sanksiyaları dayandırmaq əvəzinə Qərb banklarındakı İran pullarından 3 milyard azad edə bilər. Başqa bir İsrail rəsmisi vurğulayıb ki, Tel-Əviv sanksiyaların azaldılmasına aparan danışıqlara qarşıdır.
 
İran tərəfi Amerikanın danışıqlarda səmimi olmadığına əmindir. Çərşənbə günü İranın sabiq danışıqlar heyətinin üzvü olmuş Hüseyn Musəvinin məqaləsi çap olunub. Müəllif işarə edir ki, sabiq İran prezidenti sanksiyaların tədricən ləğvinə müsbət yanaşırdı, amma ABŞ tərəfi müzakirələrdən çəkindi. Yeni mərhələdə ABŞ və İsrail sanksiyaları ləğv etmədən, dondurulmuş pulların azad olunmasını imtiyaz kimi göstərməyə çalışır. İranın bu təklifi qəbul etməsi sanksiyaları qüvvədə saxlayır. Bu vəziyyətdə həm pullar həbsdə qalır, həm də sanksiyalar aradan qalxmır. Hər halda ABŞ-ın təklifi Troya atından başqa bir şey deyil. Bu siyasət vəziyyəti nəinki dəyişmir, onu daha da ağırlaşdırır. Amerika sanksiyaları ləğv etməsə müsbət razılaşma gözlənilmir.”
 
Hazırda ən optimist İran diplomatları da ABŞ-ın imtiyaz adı ilə irəli sürdüyü təklifləri hiyləgərlik kimi dəyərləndirir. Şübhə yoxdur ki, Qərb mətbuatının böyük razılaşma kimi təqdim etdiyi ehtimali razılaşma hiylədən başqa bir şey deyil. Cenevrə müzakirələri eniş-yoxuşlu bir yolun başlanğıcıdır. İran diplomatiyasını himayə etməklə yanaşı həqiqətdən uzaq proqnozlardan çəkinmək lazımdır. Bu sahədə Qərb mətbuatı və onun daxildəki  himayədarları gözdən pərədə asır, Troya atını imtiyaz kimi göstərmək istəyir. Onlar İran nüvə proqramını 10 il əvvəlki vəziyyətinə qaytarmaq istəyir. Həmin vaxt nüvə proqramının dayandırılması İrana böyük xəsarətlər hesabına başa gəldi. 
Comment