0
Wednesday 4 June 2014 - 23:30

İmam Xomeyni hərəkatı və Azərbaycandakı islamı oyanış

Story Code : 389231
İmam Xomeyni hərəkatı və Azərbaycandakı islamı oyanış
İmam Xomeyni hərəkatı və Azərbaycandakı islamı oyanış
İmam Xomeyni(r.ə)-in başlatdığı islam inqilabı 20-ci əsrin sonlarında dünya nizamını və tarixin istiqamətini dəyişməklə öz səmərəsini təkcə İran xalqına deyil, digər müsəlman xalqlarına və azadlıqsevər insanlara verdi. Zülmə təslim olmamaq, hegemonçu dövlətlərin dominantlığına yox demək , müstəqil və özgür yaşamaq , ali islam dəyərlərini mühafizə etmək , amerikan islamını ifşa etməklə həqiqi Məhəmməd(s.ə.s) islamını canlandırmaq , inqilabi və siyasi islam modelini ərsəyə gətirmək , habelə məzlumların müdafiəsinə qalxaraq onları qəflət yuxusundan oyatmaq bu ilahi hərəkatın əsas fəlsəfəsini təşkil edirdi. Ona görə də 1979-cu ildə əzəmətli islam inqilabının zəfər çalmasından çox keçməmiş islahatçı obrazında çıxış edən İmam Xomeyni həzrətlərinin cahanşümul inqilabından ruhlanan müsəlman və müstəzəf xalqlar dərhal hərəkətə keçdilər.
Bu inqilabı dünya xalqları üçün həm də cazibədar edən mühüm amil “nə Şərq, nə Qərb” şüarına əsasən müstəqil bir yol tutaraq dünyada üçüncü bir qütbün bünövrəsini qoyması idi. Yeni məfkurəyə görə müsəlmanlar vahid bir ümmət olaraq islami birlik çərçivəsində öz problemlərini böyük güclərə güvənmədən həll etməlidir. Şübhəsiz ki, bu problemlərin başında o vaxt Fələstin münaqişəsi dayanırdı. Ona görə də islam inqilabı zəfər çalan kimi qəsbkar İsrail rejimi hədəfə alındı və həmin qeyri-legitim rejim islam dünyasının düz mərkəzində yerləşdirilmiş xərçəng şişi adlandırılaraq onun köklərini qurutmaq müsəlmanlara tövsiyə olundu. Təsadüfi deyil ki, İran özü konkret addımı da atdı və məşum İsrail rejiminin Tehrandakı Səfirliyini əlindən alaraq onun Fələstinlilərə verdi , sonra isə 1979-cu il avqustun 7-də İmam Xomeyni Fələstin xalqının qanuni hüququnu himayə etmək məqsədilə hər il mübarək Ramazan ayının son cüməsini Ümumdünya Qüds Günü elan etdi və istisna deyil ki, həyatda olduğu təqdirdə Qarabağın azadlığı uğrunda da analoji təşəbbüsü irəli sürəcəkdi. Əlbəttə sonrakı illərdə İmam Xomeyninin layiqli xələfi Ali Məqamlı Rəhbər Həzrəti Ayətullalül-üzma Xamenei bu yolun davamçısı olaraq tam sədaqətlə müsəlman təəssübkeşliyini nümayiş etdirdi və İslam Əməkdaşlıq Təşkilatının 8-ci Zirvə Toplantısının açılış mərasimində bildirdi ki, “Bosniyada, Kəşmirdə, Somalidə, Qarabağda və digər məntəqələrdə müsəlmanlar problemlərlə üzləşiblər. İslam Konfransı Təşkilatı xüsusi komitələrdən istifadə etməklə problemlərin həlli istiqamətində bütün üzv ölkələrin təsirli addımları ilə bunu həll edə bilər .” Və ya Ali Məqamlı Rəhbər 1994-cü il 20 aprel tarixində Həcc mərasiminin məsul və öhdədarları ilə görüşdə bildirdilər: “Bizim öz yaxınlığımızda, Azərbaycan Respublikasının Qarabağ regionunda müsəlmanların başlarına gələn faciələr həmin (Bosniya və Yuqoslaviyadakı) faciələr kimidir.”
Beləliklə də aydın olur ki, İmam Xomeyninin rəhbərlik etdiyi hərəkat öz şüalarını daha geniş coğrafiyaya yaymaq missiyasına malikdir və qarşıya qoyduğu amallarına çatmaqda güzəştə getmək fikrində deyildir. Bununla əlaqədar İslam inqilabının banisi özünün bərəkətli həyatının sonlarında Əfqanıstana təcavüz etmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçova məktub ünvanlamaqla əslində peyğəmbərlərsayağı missiyasını təkmilləşdirmək istədi.
O Həzrət 1989-cu il yanvarın 1-də Mixail Qorbaçova ünvanladığı məktubunda yazmışdı: “Sizin başlıca probleminiz Allah-Taala, varlıq və yaranışın mənşəyilə uzun müddətli faydasız, mənasız mübarizənizdir. 70 ildən sonra sizin bəzi respublikalarınızın məscidlərinin minarələrindən Allahu Əkbər səsi ucalanda, doğru Məhəmmədi (s) İslamın bütün tərəfdarlarını sevincdən ağlatdı. Açıq-aşkar elan edirəm ki, İran İslam Respublikası islam dünyasının ən qüdrətli və ən güclü bazası kimi çox rahatlıqla sizin rejiminizin düşüncə boşluğunu doldura bilər. Hər halda, bizim ölkəmiz keçmişdə olduğu kimi, yaxşı qonşuluq və qarşılıqlı əlaqəyə inanır və onu möhtərəm sayır”.
İmam Xomeyninin bu məktubu tezliklə öz təsirini göstərməyə başladı və Sovet tərkibində yaşayan müsəlmanlar, o cümlədən Azərbaycan Respublikasının müsəlman əhalisi İmamım düşüncələrini daha dərindən öyrənməyə həvəs göstərdi və SSRİ-nin qaranlıq illərində ürəklərində gizlicə yaşatdığı dini dəyərləri ortalığa qoymağa başladı. 1989-cu il hadisələrində İmam Xomeyninin şəkillərini əllərində tutmaqla Azərbaycan müsəlmanları islam dəyərlərinin keşiyində durduqlarını əyani şəkildə Araz çayının sahilində nümayiş etdirdilər. Bu isə ateist kommunist rejimi qəzəblənmişdi. Kommunist ateistlərin qəzəbi o zaman kulminasiya nöqtəsinə çatdı ki, Azərbaycan Respublikası müsəlman xalqı İranla olan süni sərhəddə quraşdırılmış tikanlı məftilləri heç bir qorxu olmadan qırmışdı. Bu isə Azərbaycan Respublikası xalqının azadlığının simvolu hesab olunurdu.
Yeri gəlmişkən Azərbaycan xalqının nümayəndələri sırasında İmam Xomeyni məktəbinə sarılmış dahilərdən İslam Partiyasının keçmiş rəhbəri Hacı Əlikram Əlizadənin adını çəkmək lazımdır. Sovet İttifaqının süqut etməsi və Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonra 1992-ci ildə Azərbaycan İslam Partiyasını təsis etdi.
Digər tərəfdən İmam Xomeynin adı ilə tanınan islam inqilabının Azərbaycan Respublikasına buraxdığı təsiri İran İslam Respublikasının eks-prezidenti, hazırda Sistemin Məsləhət Müəyyənləşdirən qurumunun rəhbəri “1370-ci ilin xatirələri” adlı kitabında belə təsvir edib: “SSRİ-nin dağılmasından sonra yeni istiqlal tapmış respublikaların xalqlarının nəzəri bizə cəlb olmuşdu. Azərbaycan Respublikasının xalqı İranla dostluq üçün açıqcasına maraq göstərirdi. Arazın iki sahili hər gün iranlıların və azərbaycanlıların toplaşması və qardaşlıq şüarlarının şahidi idi. 1990-91-ci illərdə Bakıya olan səfərimdə xalq məhəbbətlə qarşıladı. Hələ SSRİ-nin dağılmasından əvvəl İrana aid olan film və şəkillər orda xalq arasında əldən-ələ gəzirdi. Sair respublikalarla da əlaqələrimiz yüksək səviyyədə idi. Bu ölkələrin başçıları istisnasız olaraq İranı özlərinə bir sığınacaq bilirdilər və bəzən İranı özləri üçün ikinci ev adlandırırdılar. Hətta Azərbaycanda erməni müharibəsi məsələsi yarananda cənab Heydər Əliyev rəsmi iclasların birində çox açıqca Azərbaycanın şəhərlərini öz şəhərləriniz bilin və onları qorumaq üçün yardım edin- deyə bildirdi”.
Bu faktlar onu deməyə əsas verir ki, islam inqilabı , İmam Xomeyni və İran İslam Respublikası Azərbaycan xalqı üçün həmişə doğma olublar və bu doğmalıq birbaşa dini inanclara , islam birliyinə , şiəlik təfəkkürünə və ortaq maraqlara söykənir.

Müəllif: Qəhrəman Nurani
Source : Islamtimes
Comment