0
Wednesday 27 August 2014 - 22:40

Dəməşq dünyanın sonunda

Story Code : 406990
Dəməşq dünyanın sonunda
Hazırda Suriyanın paytaxtı olan Dəməşq və ya Şamda rəvayətə görə İmam Hüseynin bacısı həzrət Zeynəb vəfat edib. Xanımın pak məzarı Dəməşqin Zeynəbiyyə məntəqəsində yerləşir. Xalid ibn Vəlid qəməri 14-cü ildə həmin torpaqları istila edib və bu nəsil orada təqribən min il hakimiyyətdə olub. Müaviyə qəməri 36-cı ildə Şamı özünə qərərgah seçdi. Mərvan ibn Məhəmməd 127-ci ildə Həranı paytaxt qərar verdi. O zaman Dəməşq əməvilərin paytaxtı idi. Bəzilərinin nəzərincə dəməşq sözü bu şəhərin banisinin adından götürülüb. Şəhərin Cirun ibn Səəd ibn Ad ibn Ərəm ibn Sam ibn Nuh tərəfindən salındığı bilindirilir. Rəvayətə görə Dəməşqdə həzrətin Nuhun evi yerləşib. Nuh öz gəmisini Livan dağlarındakı ağaclardan düzəldib.

Dəməşqdə zühur əlamətləri, fitnələr haqqında rəvayət çoxdur. Bu torpaqda böyük qiyamlar, müharibələr, zəlzələlər olacağı bildirilir. Süfyaninin Dəməşqdən ayağa qalxacağı mühüm xəbərlərdəndir. Bəzi rəvayətlərdə bu azğın qövmün Suriya və İordaniya arasındakı Yabəs vadisindən zühur edəcəyi bildirilir. Bəzi rəvayətlərdə isə onların zühur edəcəyi şəhər kimi Şam göstərilir.

Nemaninin “Qeybət” kitabında İmam Baqirdən (ə) belə nəql olunur: Dəməşqdən qəfil ucalacaq Süfyani fəryadının intizarında olun. Bu fəryadda sizin üçün böyük qurtuluş var. Bu fəryad sizin üçün qələbə müjdəsidir…
Süfyaninin gəlişi barədə həzrət Peyğəmbərdən (s) də rəvayətlər nəql olunub: Şamda bir kafir həlak olan zaman qiyam qalxar, amma çox keçməz ki qiyamçı da öldürülər…
“Yəvmul-xəlas” kitabının müəllifi Kamil Süleyman deyir: Hədisdə paytaxt sözü işlədilir və bu Dəməşqə işarədir. Bu şəhərdə süfyanilər Əshəbi öldürər…
Başqa bir hədisdə deyilir: Bəni Abbasın dəyirmanı fırlanan zaman Şamda zeytun ağaclarına bayraqlar sancılar. Allah Əshəbi həlak edər, Süfyani ordusunun əli ilə onları məhv olar. Bu zaman ciyər yeyən Hindin oğlu Dəməşq minbərinə əyləşər…
Ciyər yeyən Hindi oğlu deyəndə Əbu Süfyan nəslindən olan Süfyani nəzərdə tutulur. İlk işğal olunacaq torpaq haqqında həzrət Əli (ə) buyurur: Süfyani cümə günü xüruc edər, Dəməşq minbərinə qalxar. Onun ələ keçirəcəyi ilk minbər Dəməşq minbəridir. Xütbə oxuyub xalqı cihada çağırar. Xalqdan beyət alar ki, heç vaxt ona qarşı çıxmasınlar. Kimdənsə istəyi soruşulmaz…
İmam Sadiq (ə) buyurur: Süfyani Dəməşqə yaxınlaşanda Dəməşq hakimi qaçar. Ərəb tayfaları onun başına toplanar. Rəbii, Cərhəmi, Əshəb və başqa qiyamçılar ona qarşı qalxar. Amma Süfyani onları məğlub edər, Şama hakim olar…
Həzrət Peyğəmbər (s) buyurur: Süfyani Dəməşq, Həms, Hələb, İordaniya, Qənnəsrinə hakim olandan sonra 9 ay sayın…
Hədislərə görə İmam Zamanın zühurundan sonra Süfyani ordusu Beyda adlanan səhrada yerə batacaq. Onlardan iki nəfər qalacaq. Mələyin silləsi ilə hər ikisinin üzü arxaya dönəcək. Birini həzrət Mehdinin düşmənlərinə xəbərdarlıq üçün göndərəcəklər, digərini İmamın qoşunu arasına gətirəcəklər. Bəşir adlı bu şəxs Süfyani qoşununun məğlubiyyətini İmam xəbər verəcək.
Həzrət Əli (ə) Süfyani ordusunun sonu barədə buyurur: Süfyani ordusu qısa vaxtda məhv olar. Həzrət Mehdi Süfyanini tutub budaqları Təbəriyyə çayına uzanan ağacın altında öldürər və Şama hakim olar…
Başqa bir hədisdə həzrət Əli (ə) nəql edir: Misir üçün minbər düzəldər, Dəməşqi viran qoyaram. Yəhudiləri ərəb torpaqlarından çıxararam, ərəbləri əsamla qovaram… Bütün bu işləri mənim soyumdan olan biri həyata keçirər!
Başqa bir hədisə görə həzrət İsa Dəməşqin şərqində səmadan enər. Belə görünür ki, Dəməşq Süfyaninin ələ keçirəcəyi beş məntəqədən biridir. Bu şəhərin axirüz-zəmanda böyük rolu var.

Nur-az/havza
Source : Nur.az
Comment