0
Monday 7 July 2014 - 23:15

Əbu Bəkr Bağdadi kimdir?

Story Code : 397960
Əbu Bəkr Bağdadi kimdir?
"IslamTimes" "Əl-Aləm"ə istinadən bildirir ki, Əbu-Bəkr Bağdadi İŞİD-in dördüncü rəhbəridir. "İraq İslam Dövləti"nin 2006-cı ildən məhv edilmiş rəhbəri Əbu Musəb Zərqavi, 2010-cu ildə ABŞ-ın hava hücumları zamanı qətlə yetirilmiş Əbu Həmzə Əl-Mühacir və Əbu Ömər Bağdadidən sonra Əbu Bəkr Bağdadi bu terror təşkilatına rəhbər seçilib. Bu şəxs hazırda dünyanın ən təhlükəli adamı hesab olunur. 
Bağdadi, Əbu Dəa, Əl-Kərrar ləqəbləri ilə məşhur olan bu şəxsin tam adı İbrahim bin Əvad bin İbrahim bin Əli bin Muhəmməd Bədri Haşimi Qərəşi Hüseynidir. O 1971-ci ildə Samirra şəhərində anadan olub və hazırda təqribən 43 yaşı var.
Bağdadi ilk dəfə terrorçuluq fəaliyyətinə Əl-Qaidə təşkilatına üzv olmaqla başlayıb. 2010-cu ildə ABŞ tərəfindən qətlə yetirilən Üsamə Ben Laden Bağdadini Əl-Qaidənin İraqdakı qoluna rəhbər təyin etmişdi. Ben Laden öldürüləndə Bağdadi and içdi ki, amerikalılardan Ben Ladenin intiqamını alacaq. O bundan sonra İraq və ABŞ hərbçilərinə qarşı bir neçə dəhşətli terror əməliyyatı ilə öz andına əməl etdi.
 
Bağdadinin başına 10 milyon dollar mükafat
 
İddia edilir ki, ABŞ 2006-cı ildə həyata keçirdiyi hava hücumları ilə Bağdadinin gizləndiyi məkanı bombalayıb. İraq dövləti də 2012-ci ilin dekabr ayında onu həbs etməyə çalışdı. Amma bu iki təlaşın hər ikisi səmərəsiz oldu. Bundan sonra ABŞ Əbu Bəkr Bağdadini beynəlxalq terrorist adlandırdı və onun başına 10 milyon dollar mükafat təyin etdi. 
Bağdadi ilə bağlı ən şübhəli məqam budur ki, o 2005-ci ildən 2009-cu ilədək İraqdakı ABŞ qüvvələrinin həbsxanasında olub. ABŞ komandirlərinin iddiasına əsasən həmin zamanda Bağdadi olduqca sakit, məğrur və qorxmaz bir şəxs olub. O 5 il məhbusluq dövründə nadir hallarda amerikalılar üçün problem yaradıb. Bağdadi zindanı tərk edən an hərbçilərlə son söhbətində belə deyib: “Nyu-Yorkda görüşəcəyik.” ABŞ hərbçiləri Bağdadinin bu sözlərini ABŞ əleyhinə aşkar təhdid kimi qəbul edib. ABŞ qüvvələri İraqı tərk etməzdən öncə Əl-Qaidə üzvü olan bir çox təhlükəli terrorçuları İraq dövlətinə təhvil vermək əvəzinə sərbəst buraxıb. 
 
İŞİD-in düşünən beyni
 
Əbu Bəkr Bağdadi terrorçuluq fəaliyyətlərində yeni üsul tətbiq etdi. Belə ki, o artıq keçmişdəki kimi ibtidai vasitələrdən istifadə ilə deyil müasir silahlardan istifadə edərək qırğınlar törədirdi. Eyni zamanda o İŞİD-də sabiq əqidələrini, inanclarını qoruyub saxlamağı bacardı. Bağdadi İraqdakı son fəaliyyətləri, bir neçə şəhəri ələ keçirməsi səbəbindən dünya KİV-ində müzakirə olunan şəxslərdən birinə çevrilib.
 
Əz-Zəvahiriyə xəbərdarlıq
 
Bağdadinin İraqdakı işğalçı əməliyyatlarından sonra verdiyi ən mühüm mesaj Əl-Qaidə rəhbəri Ayman Əz-Zəvahiriyə xəbərdarlığı olub. O Zəvahirinin İxvanul-Muslimin və Məhəmməd Mursiyə dəstəyinə qarşıdır. Bağdadi Mursini mürtəd adlandırıb. Bağdadi həmçinin Zəvahiridən istəyib ki, onunla oyun oynayan, onu təhqir edən şəxslərdən uzaq olsun və xilafətin təşkilində yardımçı olsun.
Əbu Bəkr Bağdadi hazırda Suriya və İraqda bəzi məntəqələri işğal etməyi bacarıb və öz xilafət röyasının çox kiçik bir hissəsini gerçəkləşdirib. O hazırda dünyadakı ən təhlükəli fərd hesab edilir.
 
Əl-Qaidədə parçalanma
 
Əbu Bəkr Bağdadinin terrorçu əməliyyatların idarəsindəki yüksək məharəti və onun bu sahədə Üsamə Ben Ladendən də önə keçməsi Əl-Qaidə arasında parçalanma yaranmasına səbəb olub. Terroristlər arasında Bağdadiyə beyətə meyl yaranıb. Amma Ayman Əz-Zəvahiri özü beyət etməkdən boyun qaçırıb. Bu səbəbdən Zəvahirinin tabeçiliyində olan bəzi dəstələr ondan uzaqlaşıb. Digər tərəfdən Misirdə “Ənsari Beytul-Müqəddəs” adlı Əz-Zəvahiriyə bağlı qrup Bağdadiyə beyət etdiyini bildirib və misirlilərin Bağdadi ilə beyət etməsi üçün çalışır.
Comment