0
Sunday 18 May 2014 - 12:57

Öndə gedənlər…

Story Code : 383794
Öndə gedənlər…
Öndə gedənlər…
(VƏTƏNMİZDƏ İSLAMİ DƏYƏRLƏRİN QORUNUMASI VƏ ÖRPƏK QADAĞASINA ETİRAZA GÖRƏ ZİNDAN HƏYATI YAŞAYAN ALİM VƏ MÖMİNLƏRƏ HƏSR OLUNUR)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

“…Və öndə olanlar. Onlar (dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə, dini qorumaqda öndə olduqları kimi, Axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir onlar!)» (Vaqiə surəsi 10)

Tarix həmişə təkrarlanır deyənlər heç də yanılmamışlar. Tarix hər cəhətdən təkrarlanır. Hadisələr hər zaman və şəraitə uyğun baş verir. Amma, hədəf birdir. Allah-Taala həmişə və hər zaman iman və etiqad iddiasında olanları sınağa çəkir və onların kim olduqlarını bir daha özlərinə xatırladır. Bütün yaranmışlar hər gün və hər an imtahanla üzbəüzdür. Bəzən bu imtahanlar daha qabarıq və ümumi olur, bəzən də xüsusi və fərdi xarakter daşıyır. Ən başlıcası budur ki, insanlar içərisində ölkə başçısından tutmuş ən kasıb və sadəsinə kimi öz şənində hər gün və hər an ilahi imtahanla üzbəüzdür. Nə xoşbəxtdir o insanlar ki, bu imtahanı dərk edir və ondan üzü ağ çıxırlar.

Quranda oxuyuruq: “İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?” (Ənkəbut surəsi -2)

Bəli, Vətənimizdə artıq neçə ildir ki, bu imtahan ən yüksək səviyyədə başlayıb. Əlbəttə, qeyd etmk lazımdır ki, imtahan hər an var və olacaq amma, şiddət və zəifliyi ilə büruz edir. Əvvəlcə, yuxarılardan yəni, zalımlardan imtahan başlandı. Bəziləri müvəqqəti dünya həyatının şirinliyindən Allahı da yaddan çıxarıb, məscidlərin sökülməsi və azan qadağaları sifarişini icra etmək niyyətində oldular. Daha sonra isə ana-bacıların və qızların təhsil ocaqlarında örpəklə olmaları kimlərinsə xoşuna gəlmədi. Nəhayət, var qüvvələri ilə bu sahədə İslama və baş örpəyinə qarşı sifarişli proqramlara başladılar. Əslində, bu onların özlərinin xüsusi imtanhanları idi. Onlar elə hesab edirdilər ki, vəzifə, pul, məqam onları əbədi qoruyandır. Amma çox səhv edirlər. Onlar özlərinə verilən müvəqqəti möhlətin mənasını anlamadılar və anlamırlar. Onlardan bəziləri hətta, İslamı və Quranı danmaqdan belə çəkinmədilər və çəkinmirlər. Bununla da küfrə düşdülər və düşürlər. Onları böyük ilahi əzablar gözləyir. Əslində, bu zalımların imtahanı idi. Quranda bu haqda ayələr var: “Küfr edənlər (İslama, dinə qarşı çıxanlar) onlara verdiyimiz möhləti (müvəqqəti həyat, mal-pul və s.) heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar alçaldıcı bir əzab görəcəklər!” (Ali-İmran surəsi, 178)

Amma, başları dünya həyatına və ləzzətlərinə qarışan zalımlar bilmirdilər və düşünmürdülər ki, ilahi imtahan ikitərəflidir. Həm zalım və dünya həyatında məst olanlar, həm də möminlər və Allaha möhkəm iman gətirənlər üçündür. Vətənimizdə bu imtahanların ilk günlərindən bütün imkanı olanlar, əli qələm tutan alimlər və möminlər var qüvvələri ilə etiraza qalxdılar. Hacı Mövsümlər, Hacı Abgüllər, Hacı Zülfüraqlar və Hacı Talehlər kimi din alimlərimiz zindan həyatına qədər ən öndə gedən alimlərimizdən oldular. Digər alim və möminlərimiz də hər bir imkanı və gücü çatan yollarla, sözləri, çıxışları, qələmləri və əməlləri ilə mübarizəyə qalxdılar və indi də mübarizədədirlər. Onlarla möminlər alimlərə qoşuldular və onların getdikləri yolu yəni, İslamı, Quranı və Onun ehtiramı olan örpəyi qorumaq yolunda, dini alimlərimiz kimi meydanlara çıxdılar və şərlənərək zindana düşdülər. Bütün bunlar, iman sahiblərinin imtahanı və onların böyük ilahi mükafata layiq görülmələri üçün idi. Nə xoşbəxtdir o insanlar ki, bu imtahanlarda az da olsa, iştirak etdilər və Allahın razılığını ələ gətirə bildilər.

Nəhayət, məhz belə imtahanlarda, Allah-Taala həm bu dünyada və həm də Axirətdə insanları üç dəstəyə ayırır. Əvvəl, öndə gedənlər, ikinci sağ tərəfdə gedənlər üçüncü solda gedən zalımlar və onları müdafiə edənlər. Hər üç tayfa insanlar Allaha tərəf gedirlər və sonda Ona qovuşacaqlar. Amma hansı əməl və hansı mükfatla?! Ən böyük mənəvi məqam və ilahi razılıq, öndə gedənlərindir. Yəni, o kəslər və o iman sahibləri ki, ilahi imtahanlarda ən çox əziyyət çəkib, ən ağır zəhmətlərə dözənlərdir. Bu gün həmin iman sahibləri ilk növbədə, Allaha xatir zindan həyatı sürən din alimlərimiz, möminlər və bu yolda şəhid olanlarımızdır. Onlardan sonra onların yolunu gözləyən və zəhmətləri ilə yaşayan ailə və uşaqlarıdır. Quran sonda onlar haqqında buyurur: “Onlar ((dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə, dini qorumaqda öndə olanlar, Allah dərgahına, Allahın lütfünə) yaxınlaşdırılmış kimsələrdir.” (Vaqiə surəsi 11) Sağ tərəfdən gedənlər isə öndə gedəndənləri müdafiə edib, onların ardınca gələn alim və möminlərdir. Allah-Taala hər iki tərəfdən bu əməlləri qəbul etsin, İnşallah! Amin!

Faiq Vəlizadə!
Hicab və Hicab Məhbusları Müdafiə Komitəsinin sədri.
Müqəddəs Qum şəhəri
2014-05-19
Source : Hicab.org
Comment