0
Wednesday 5 May 2010 - 12:59
İraqdan nə xəbər :

İraqda yeni siyasi ittifaq

Story Code : 25225
İraqda yeni siyasi ittifaq
Ötən gün İraqda yeni hökumətin qurulması istiqamətində mühüm addım atılıb. İki aya yaxın davam edən siyasi proseslərdən sonra baş nazir Nuri əl-Malikinin rəhbərlik etdiyi “Qanun Dövləti” bloku ilə Əmmar əl-Həkimin rəhbərlik etdiyi İraq Milli İttifaqının birləşməsi ilə bağlı razılıq əldə olunub. İraq Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, artıq iki blokun birləşməsi ilə bağlı qərar rəsmən elan edilib.

Bununla da İraqda yeni hökumətin qurulması istiqamətində mühüm addım atılmış olub. Belə ki, bu günə qədər parlament seçkilərinin nəticələrinə əsasən Əyyad Əllavinin rəhbərlik etdiyi “Əl-İraqiyyə” bloku mandat sayına görə, öndə gedirdi. Ancaq Əllavinin qazandığı mandat sayı ən yaxın rəqibi – baş nazir Nuri əl-Malikinin blokundan cəmi iki mandat çox idi. Bu isə təkbaşına hökumət qurmaq üçün yetərli deyildi. Yeni birləşmədən sonra Əllavinin bloku birinciliyini itirməklə yanaşı, Maliki və Həkim koalisiyasının hökumət qurması mümkün olub.

Qeyd edək ki, hazırda İraqda mandat qazanmış bəzi siyasilərin Bəəs partiyasına yaxınlığı mübahisə mövzusuna çevrilib. Mərkəzi Seçki Komissiyası əksəriyyətinin Əllavinin blokundan olduğu bu şəxslərin mandatlarını ləğv etməyə hazırlaşır.

Xatırladaq ki, Nuri əl-Malikinin bloku seçkilərdə 89, əl-Həkimin bloku isə 70 mandat qazanıb. Birləşmə nəticəsində yeni koalisiya 325 yerlik parlamentdə 159 mandata sahib olacaq. Bu isə o deməkdir ki, əl-Maliki və əl-Həkim koalisiyası yeni İraq hökumətini qurmağa ən yaxın namizəd statusu qazanıb. Beləliklə, İraqın yeni hökuməti yenidən şiə koalisiyası olacaq. Bu isə Qərb və eləcə də bölgədəki Amerikaya tərəfdaş ərəb ölkələri üçün ən arzuolunmaz variant idi. Məsələ burasındadır ki, Əyyad Əllavinin də şiə olması, eləcə də əl-Malkinin dini yönümlü şəxs olmamasına baxmayaraq, Qərbdə yeni İraq hökumətinin başçısının məhz Əllavi olması daha çox arzu olunan idi. Hətta seçkilərdən sonra hökumətin qurulması istiqamətində aparılan danışıqlarda əsas xətt Əllavinin baş nazir olması idi. Xüsusən də ölkənin şiə dini camiəsinin təmsilçisi olan İraq Ali İslam Şurası sədri əl-Həkimin rəhbərlik etdiyi İraq Milli İttifaqının yenidən hökumətdə yer alması arzuolunmaz variant idi. Hətta bir qədər əvvəl İraq mətbuatı amerikalı vasitəçilərin Əllavi ilə əl-Maliki arasında danışıqlar apardığını və əl-Malikini, Əllavinin yeni hökumətin başçısı olması üçün razı salmağa çalışdığı haqda xəbərlər verirdilər. Ancaq görünür, əl-Maliki son anda seçimini şiə bloku ilə etməyə qərar verib. Qeyd edək ki, bu qərarın qəbulunda Əllavinin Amerikanı və ərəb ölkələrini İraqda hökumət qurulması prosesinə qarışmağa açıq şəkildə dəvət etməsi də rol oynayıb. Məsələ burasındadır ki, Əllavinin açıq şəkildə Amerikanı və ərəb dövlətlərini İraqda yeni hökumətin yaradılması prosesinə təsir göstərməyə çağırması ölkə daxilində siyasi dairələrdə ciddi narazılıqlara səbəb olmuşdu. Ancaq bununla belə, Əllavinin hökumət komandasından kənarda saxlanılacağı da inandırıcı görünmür. Əvvəla ona görə ki, 91 mandata (hazırkı nəticəyə görə) sahib Əllavi blokunun yeni hökumət üçün ciddi problem olacağı şübhəsizdir. Bundan qaçmağın ən asan yolu isə Əllavi blokunun hökumət kabinetinə daxil edilməsi olardı. Digər yandan, İraqda demokratiyanın qarantı rolunu oynayan Ayətullah Seyyid Əli Sistani bir qədər əvvəl bəyanatla çıxış edərək bütün siyasi qrupların hökumətdə yer almasına çağırmışdı. Bu, İraqın stabilliyi və inkişafı üçün ən optimal yoldur. Bunu əl-Maliki və digər siyasətçilər də yaxşı bilir. Ancaq görünür əl-Maliki yenidən hökumət başçısı olmaq üçün siyasi üstünlük əldə etmək üçün şiə ittifaqı ilə birləşməni seçib. Yəni birləşmədən sonra mandat üstünlüyü və dəstəyini artıran Malikinin koalisiya hökumətinin başçısı olmasına qarşı ciddi maneələr aradan qalxmış olur.
Source : haqyolu
Comment