0
Monday 28 December 2009 - 23:14

İMPIÇMENT - ƏHMƏDINEJAD HÖKUMƏTININ ÜZƏRINDƏKI KÖLGƏ

Trend News-un Fars redaksiyasının icmalçısı Təmkin Cəfərov
Story Code : 17579
İMPIÇMENT - ƏHMƏDINEJAD HÖKUMƏTININ ÜZƏRINDƏKI KÖLGƏ
Ötən gün İran Parlamentinin ictimai komissiyasının sədri Süleyman Cəfərzadə bildirib ki, Əhmədinejad hökumətinin sənaye və mədənlər naziri Əli Əkbər Mehrabiyanın Parlamentdə hesabat verməyə çağrılması (impiçment) üçün 60 parlament nümayəndəsi tərəfindən layihə hazırlanıb. Onun sözlərinə görə, hazırda 100 Parlament nümayəndəsi bu layihənin icra olunmasının tərəfdarıdır.

Layihəni hazırlayanlar sənaye və mədənlər nazirinin vəzifə səlahiyyətlərini düzgün icra edə bilməməsini və həmin nazirliyin elan etdiyi statistikaların Mərkəzi Bank və Araşdırma Təşkilatı tərəfindən elan edilən statistika ilə üst-üstə düşməməsini impicment üçün üçün səbəb kimi göstəriblər.

İran Konstitusiyasının 136-cı maddəsinə əsasən, parlamentdə səlahiyyətləri təsdiqləndikdən sonra əgər Nazirlər Kabineti üzvlərinin yarısından çoxu dəyişərsə, kabinet üzvlərinin səlahiyyəti yenidən parlamentdə təsdiqlənməlidir.

Əhmədinejad ötən prezidentlik dövründə Nazirlər Kabinetinin səlahiyyətlərinin yenidən baxılması təhlükəsi ilə üzləşmişdi. Xüsusilə, prezidentlik dövrünün sonlarında kabinetdə baş vermiş dəyişikliklər, istefalar və impiçmentlər nəticəsində bu təhlükə daha çox nəzərəçarpan idi. Əhmədinejadın ötən prezidentliyi dövründə Əhmədinejad tərəfindən istefaya göndərilən və könüllü olaraq istefa verən nazirlərin sayı 8 olub. Bir nazir isə vəfat etdiyi üçün başqası ilə əvəzlənmişdi. Ötən prezidentlik dövründə Əhmədinejad hökumətinin sabiq daxili işlər naziri Əli Kordanın parlamentə hesabat üçün çağırılması ən qalmaqallı impiçment olmuşdu. Onun fəxri diplomunun saxta olması Parlament nümayəndələrinin etirazına səbəb olmuş və o, nazir vəzifəsindən uzaqlaşdırılmışdı.

İran Parlamentinin ictimai komissiysının sədri Mehrabiyanı hesabat üçün Parlamentə çağırmamışdan öncə gələn həftə Parlament nümayəndələrinin Əhmədinejad və ya onun birinci müavini Rəhimi ilə Mehrabiyanla bağlı müzakirə aparacaqlarını bildirib. O əlavə edib ki, Mehrabiyana üç ay möhlət verilə bilər və əgər o, Sənaye və Mədənlər Nazirliyində müvafiq islahatlar aparmazsa, onun hesabat üçün parlamentə çağırılması gündəliyə salınacaq.

Mehrabiyan nazir olduğu müddətdə sənaye sahəsində vəziyyətin normal olduğunu vurğulayıb və bu sahədə heç bir problemin olmadığını bildirib. Lakin ekspertlər hesab edirlər ki, həmin müddət ərzində İranda sənaye sahəsində çalışan sahibkarlar banklara olan borclarını qaytarmaq üçün ya öz işçilərinin sayını və ya istehsal potensiallarını azlatmaq məcburiyyətində qalıblar. Ekspertlərin fikrincə, mövcud statistikaya əsasən, İranda 100 faizlik istehsal potensialından hazırda 40 faizi fəaldır. Mehrabiyan isə həmin problemlərin həlli üçün çalışmaq əvəzinə, həmişə "sənaye sahəsində heç bir problemin olmadığını və dünya maliyyə böhranının belə iranın sənaye iqitsadiyyatına təsir etməməsini" bildirib.

Ekspertlər İran Prezidenti Mahmud Əhmədinejadın yeni hökumətinin əsas problemlərinin ölkədəki iqtisadi böhran və hökumətin müxalif düşərgə tərəfindən legitimliyinin tanınmaması ilə bağlı olduğunu bildirirlər.

Əhmədinejadın birinci dövr prezidentliyində inflyasiyanın 26 faizə çatması, işsizlik səviyyəsinin isə 12 faizi ötməsi ikinci dövr prezidentliyində də müəyyən iqtisadi problemlərlə üzləşəcəyindən xəbər verirdi. Hazırkı vəziyyətdə sanaye və mədənlər nazirinin ölkənin istehsal sahəsindəki siyasəti onun hesabat vermək üçün Parlamentə çağırılmasını qaçılmaz edir.
Source : Trend AİA
Comment