0
Sunday 2 March 2014 - 21:57

Nə üçün Türkiyə Suriya savaşında ümidsiz oldu?

Story Code : 357204
Nə üçün Türkiyə Suriya savaşında ümidsiz oldu?
Son həftələrdə Türkiyə rəsmilərinin bəyanatlarında Suriyadakı məğlubiyyət etiraf olunur, Suriya siyasətində dəyişikliklərə ehtiyac olduğu vurğulanır. Bir gün özünü regionda söz sahibi göstərən Türkiyə Suriya hadisələrində o qədər tələsdi ki, terrorçuların himayəsini rəsmi mövqeyi kimi ortaya qoydu. Misir və Tunisdə Müsəlman Qardaşlarının iqtidara gəlişi, HƏMAS-ın Türkiyə ilə yaxınlığı səbəb oldu ki, Türkiyə düzgün hesabat apara bilmədi, Bəşar Əsədin süqutu ilə Suriyada Müsəlman Qardaşlarının hakimiyyətə gələcəyinə inandı. Suriya hadisələrindən 3 il ötdü və Türkiyə hökuməti anladı ki, terrorçuların himayəsi Suriyanı ikinci Pakistana çevirəcək. Artıq Türkiyə rəsmiləri açıq şəkildə Suriya siyasətinin uğursuzluğunu etiraf edir. Türkiyə xarici siyasətinin beyni sayılan xarici işlər naziri Əhməd Davutoğlu açıq bəyan etdi ki, dünya Suriyada məğlub oldu.
Davutoğlu “Reuters”ə verdiyi müsahibəsində deyib: “Suriyada elə bir beynəlxalq strategiyaya ehtiyac yaranıb ki, bütün xarici döyüşçülər Suriyadan çıxsın və ölkədə müharibənin başa çatmasına şərait yaransın. Suriya müharibəsinin böyüməsi bütün ölkələr üçün təhlükədir. Bu gedişlə Bəşar Əsədə öz cinayətlərini davam etdirmək, dünyadakı terror şəbəkələrinə Suriyaya axışmaq imkanı yaradılır. Problem təkcə Türkiyə yox, bütün regionu hədələyir. Suriya bütün Avropa üçün təhlükəyə çevrilib. Biz həmkarlıq etməliyik və həmkarlıq vəzifəmizdir. Bu yolla asayiş yarada, terrorçuların Suriyadakı mövcudluğuna birlikdə son qoya bilərik.”
Eyni zamanda döyüş meydanından informasiya gəlir ki, Türkiyənin hərbi nüfuzu azalmaqdadır. Terrorçu “DAESH” qrupu indi Türkiyəni terrorla hədələyir. Ərəbistanın himayə etdiyi terrorçu qruplara türk hərbçilərinə yaxınlaşmaq qadağan edilib.
Azad Suriya Ordusu elan edib ki, Türkiyəyə yaxın Müsəlman Qardaşları terrorçudur. Onlar Müsəlman Qardaşlarının Suriya torpaqlarına gəlişinə mane olmağa çalışırlar. Azad Suriya Ordusunu qıcıqlandıran səbəb Müsəlman Qardaşlarının müxalifətdə rəhbər post tutmaq istəyidir. Suriya müxalifət rəsmiləri Müsəlman Qardaşlarını Suriya xalqının, sünnə əhlinin təmsilçisi kimi qəbul etmir. Məlumat verilir ki, Azad Suriya Ordusu Müsəlman Qardaşlarının tərki silah olunmasına qərar verib. Müsəlman Qardaşlarına bağlı hərbçilərə bir həftə vaxt verilib ki, Azad Suriya Ordusuna qoşulsun. Deyilənlərdən aydın olur ki, Türkiyə Suriyada hərbi nüfuzunu itirməkdədir. Vəziyyətin belə davam etməsi Türkiyə hökumətinin Suriya siyasətinə yenidən baxması ilə nəticələnəcək.
Comment