0
Friday 25 July 2014 - 21:38

İlham Əliyev Leyla Yunusdan niyə qorxur?

Story Code : 401502
İlham Əliyev Leyla Yunusdan niyə qorxur?
İlham Əliyev Leyla Yunusdan niyə qorxur?
O belə deyəndə hamı kimi mən də gülmüşdüm; “Ilham Əliyev Leyla Yunusdan niyə qorxsun ki?” Ilham Əliyevin əli Azərbaycanın boğazında, Leyla Yunus boğazdan aşağıda – müqayisəyə belə gəlmir. Gülüb üstündən keçdiyim bu sözlərdən az sonra baş verənlər göstərdi ki, Ilham Əliyev doğrudan Leyla Yunusdan qorxurmuş. Leyla Yunusdan deyəndə, əslində onun yalan gəlməyən dilindən, cəsarətindən, sözübütövlüyündən, möhkəmliyindən qorxurmuş. Belə olmasaydı bu “balaca qadın”ı tutmaq, dama basdırmaq üçün bunca əlləşməzdilər. Dünən oxudum; aprel ayında qanunsuz olaraq, həm də kobudluqla aeroportdan qaytarılan hüquq müdafiəçisini üçüncü dəfə prokurorluğa çağırırlar, amma dindirə bilmirlər. Leyla xanım çağırışlara getmir; ondan alınan sənədləri tələb edir. Hər kəs kimi özünün də hüquqlarını yaxşı bilir, sonacan onları qorumağa çalışır. Dörd aydır adamdan aldıqlarını geri qaytarmırlar. Əcəba nədən qorxurlar? O sənədlərin içində Azərbaycan vətəndaşları olan Leyla və Arif Yunusların xarici pasportları da var. Məsələnin gülməli və məntiqsiz tərəfi budur: əgər vətəndaşın ölkədən çıxmasına qadağa qoyulubsa, pasportun kimdə olmasının nə fərqi? Leyla Yunusun evdən çıxması problemlidirsə, ölkədən necə çıxa bilər. Hesablarına həbs qoyulubsa, o sənədlərdən necə istifadə edə bilər? Deməli, sənədlərin qaytarılmaması təzyiq forması, situasiyanı gərginləşdirməkdir. Həbsə doğru addım-addım irəliləməkdir. Leyla Yunusa, bütünlükdə vətəndaş cəmiyyətinə qarşı hücumdur. Hər dəfə prokurorluğa çağırış xəbəri yayılanda hakimiyyət və ona yaxın mətbuatda Leyla Yunusa qarşı yalan məlumatlar yayılır. Onlardan birinə baxaq. Azərbaycan dilinin qrammatikasını, jurnalistikanı bir tərəfə qoyaraq baxaq:

“Leyla Yunusun ”2015 planı”: Şok detallar

Sülh və Demokratiya Institutunun rəhbəri, hüquq müdafiəçisi hakimiyyətə qarşı növbəti aksiyaya hazırlaşır. Hüquq müdafiəçisi bu dəfə 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarını boykot etməyi düşünür. Belə ki, o, ölkədə siyasi məhbusların olduğunu iddia edir və buna görə ölkədə beynəlxalq tədbir keçirilməməlidir. Məlumata görə, L.Yunus məsələ ilə bağlı avropalı dostlarını məlumatlandıracaq”.

Deməli, hakimiyyət, hakimiyyət Ilham Əliyev olduğuna görə o, Leyla Yunusun aksiyasından qorxurmuş. Leyla Yunus Olimpiya oyunlarını boykot edəcəyini düşünürmüş və onun nə düşündüyünü hakimiyətdəkilər özündən tez biliblər. Qarşısını alıblar, avropalı dostlarıyla görüşünə mane olublar. Bərəkallah! Leyla Yunus 2015-in oyunlarını boykot edəcək, bununla keçirilməsinə əngəl yarada biləcək gücdəymişsə, balaca yox, böyük qadınmış. Ondan qorxmağa dəyərmiş. Əslində boyun balacalığı, ya böyüklüyü ağılın azlığına-çoxluğuna dəlalət etmir. Ağıl yaşda olmadığı kimi, vəzifədə də deyil. Və Leyla Yunus hüquq müdafiəçisi olaraq çox böyüklərdən böyük qadındır./azadlıq/
Source : Azadliq
Comment