0
Friday 12 May 2017 - 14:45

Imam Zaman(ə) - Varlıq aləminin mehvəri

Story Code : 636018
Imam Zaman(ə) - Varlıq aləminin mehvəri
Şiə məktəbinə və dini təlimlərə əsasən, imam Allahın nemətlərini bütün dünya varlıqlarına çatdıran vasitədir. O, varlıq aləminin əsasını təşkil edir. Əgər o olmazsa, aləm, insan, cin, mələk, heyvan, canlı və cansız – heç bir varlıq həyatda qala bilməz. İmam Sadiqdən (ə): “Yer üzü imamsız qala bilərmi?” – deyə soruşulduqda, Həzrət buyurdu: “Yer üzü imamsız qalsa, məhv olar.”[1]

İmam Allahın əmrlərini insanlara yetirməkdə və onları kamala çatdırmaqda əsas vasitədir. Varlıqlara çatan lütf və nemətlər onun varlığının bərəkətindəndir və bu, inkaredilməz həqiqətdir. Çünki Allah-Taala insanlıq karvanını öncə peyğəmbərlər, sonra da onların xəlifələrilə hidayət yoluna çatırtmışdır. Məsumların buyruqlarından belə aydın olur: “İmamlar Allah tərəfindən böyük-kiçik nemətlərin məxluqata çatmasında vasitədir və Allah tərəfindən məhz, həmin məqsədlə imamət məqamına seçilmişlər. Daha aydın desək, varlıq aləmi imamın vasitəsilə ilahi feyzlərə şamil olur. İmam daim onların varlıqlarının qaynağı və faydalandıqları bütün nemətləri onlara çatdıran səbəbdir.”

İnsana “imamı tanımaq”da yol göstərən “Camieyi-kəbirə” ziyarətnaməsinin bir hssəsində deyilir: “(Ey imamlar!) Allah-Taala hər bir işi sizinlə başlayır, sizinlə də sona çatdırır, sizin varlığınız sayəsində yağış yağdırır və səmanı yerə tökülməkdən qoruyub-saxlayır.”[2]

Demək, imamın varlıq aləmindəki təsiri yalnız zühuru ilə məhdudlaşmır, əksinə onun varlığı qeybdə olsa da, bütün varlıqlar üçün həyat qaynağıdır. Mütəal Allah onun bütün yaranmışlardan üstün və kamil olması ilə ilahi lütf və mərhəməti məxluqata çatdıran bir vasitə olmasını iradə etmişdir. Bu mənada onun qeybi ilə zühuru arasında heç bir fərq yoxdur.

Bütün varlıqlar onun varlığından faydalanırlar. İmam Mehdinin (ə) qeybdə olması buna heç də zərər yetirmir. O həzrətdən qeybi dövründə məxluqatın ondan necə faydalanacağı soruşulduqda, belə buyurmuşdur: “Qeyb dövründə mənim varlığımdan faydalanmaq, eynilə buludların üstünü örtdükdə gözlərin görə bilmədiyi günəşdən faydalanmaq kimidir.”[3]

İmamın (ə) qeybinin buludlar arxasındakı gizli günəşə bənzədilməsində bir çox gizli nöqtələr yatır. Bu nöqtələrdən bir neçəsini diqqətinizə çatdırırıq:

Günəş öz sisteminin mərkəzidir. Digər planetlər və kürələr onun ətrafında fırlanır. İmam Zaman (ə) da günəş kimi varlıq aləminin mərkəzi sayılır.

بِِبَقائِه بَقِيتِ الدّنيا و بِيمنه رُزِق الوَرى و بِوُجُودِهِ ثَبَتَتِ الأرضُ وَ السَّماء

“Dünya onun vasitəsilə durur, onun varlığı sayəsində aləmə ruzi verilir, yer və səma həyatına davam edir.”[4]

Günəş bir an belə, işığını əsirgəmir. Hər kəs günəşlə əlaqəsi qədər ondan faydalanır. İmam Zaman (ə) da Allah tərəfindən maddi və mənəvi nemətlərin insanlara çatdırılmasında vasitədir. Lakin hər kəs kamallar qaynağı olan Mehdi (ə) ilə əlaqəsi qədərincə ondan faydalana bilir.

Əgər buludlar arxasında günəş olmazsa, şiddətli soyuq və qaranlıq bütün dünyanı örtər və həyatı qeyri-mümkün hala çevirər. Eyni zamanda, əgər aləm imamın varlığından məhrum olsa (qeyb pərdəsi arxasında olsa da), çətinliklər, çirkinliklər və müxtəlif bəlalar həyatı mümkünsüz edər.

İmam Mehdi (ə) Şeyx Müfidə yazdığı məktubunda şiələrə xitabən buyurmuşdur: “Biz, heç bir zaman sizi özbaşınıza buraxmarıq və unutmarıq. Əgər bizim lütfü-nəzərimiz olmasaydı, sözsüz, bir çox bəla və çətinliklə qarşılaşar və düşmənlər sizi məhv edərdilər.”[5]

Demək, İmamın günəş kimi vücudu aləmə işıq saçır və feyzini çatdırır. Ümumiyyətlə, imam bütün insanlığa, xüsusən, müsəlman ümmətinə və şiə cəmiyyətinə bərəkətdir.

Rza Şükürlü (Maide.az)

[1] “Üsuli-kafi”, 1-ci cild, səh.201.

[2] ”Məfatihül-cinan”, “Camieyi-kəbirə” ziyarətnaməsi.

[3] “Əl-ehticac”, 2-ci cild, səh.542.

[4] ”Məfatihül-cinan”, “Ədilə” duası.

[5] “Əl-ehticac”, 2-ci cild, səh.598.
Source : Maide
Related Stories
Comment