0
Thursday 21 April 2011 - 21:06

Aldıqlarımızı qaytaraq!

Story Code : 66991
Aldıqlarımızı qaytaraq!
Aldıqlarımızı qaytaraq!
Axar-da Vüsal Lənbəranlı adlı gəncin “İranı yox, ABŞ-ı dəstəkləməliyik!” adlı maraqlı bir yazısı gedib, lap çoxdan. Yazıda əsrin havası çalınır: hədəfdə İrandır! Marağı ondadır ki, bu yazının hər cümləsinə ikicə kəlmə ilə münasibət bildirmək olur. İnanmırsınız? Buyurun.

* * *
İran adlanan ölkə iri addımlarla savaşa doğru irəliliyir. (Çatmadı bəs?)
Amerika və İsrail hər an bu dövlətə hücum edib atom stansiyalarını bombalıya bilər. (Şimali Koreya kimi?)
Bu savaş gec-tez olacaq. (Fal göstərir?)
Ona görə də çalışmalıyıq ki özümüzü və Güney Azərbaycanımızı qoruyaq. (Qarabağ nə olsun?)
ABŞ bölgədə məqsədinə çatacaq - İraqda və Əfqanıstanda olduğu kimi. (Hansı məqsədə?)
Əsas məsələ güneyli soydaşlarımızın az itkilər verməsinə nail olmaqdır. (Hansı güclə?)
İranla Amerika seçimində ABŞ-ı dəstəkləməyimiz vacibdir. (Şəriət hökmüdür?)
Ən yeni tarixə nəzər yetirək. (İbrət keçmişdədir)
Amerika İraqa girmək üçün Türkiyədən yardım istədi. (Daha nə istədi?)
Türkiyə bu yardımı verməkdən imtina etdi, yəni öz ərazisinə Amerika ordusunun girməsinə imkan vermədi. (Dedi ki, varam!)

Sonuc nə oldu? (Üzü ağlıq!)
Amerika yenə İraqı işğal etdi, yenə öz istəyinə nail oldu, kürdlərdən dəstək aldığı üçün onlara Erbil şəhəri paytaxt olmaqla muxtariyyət verdi . (Muxtariyyatı ABŞ verir?)
Türkiyə əsas projelərdən uzaqda qaldı, kürd lider İraqda dövlət başına gətirildi. (Əliyev türkdür!)
Türkiyə yardım etmədiyi üçün etiraz edə bilmədi. (İstəyirdi etsin?)
Bununla yanaşı, İraqdakı türkmanlar əzablara düçar oldu. (Kefdə olan var?)
Səddam dönəmində pis vəziyyətdə yaşayan türkmanlar daha dözülməz şəraitdə yaşamağa məcbur qaldılar. (Bizim kimi)
Türkiyə 2003-cü ildə Amerikaya yardım etsəydi, İraqda türkmanların vəziyyəti, Ankaranın bölgədə rolu başqa cür olardı. (Xoş arzudu)
Eyni ssenari bu dəfə farslara tətbiq edilir. (Yol Azərbaycandandır?)
Yenə atom mövzusu müharibəyə əsas səbəb kimi ortaya qoyulub. (Yenə yalan)
Əlbəttə, İran İraq deyil, düzdür. (Yazıya yaddır)
Amerika bunu nəzərə alıb ssenaridə bir az dəyişikliklər edəcək. (Məsələn nə?)
Biz bir dövlət olaraq bitərəf qaldıq, qalmadıq, Tehran rejimi Azərbaycan türklərinə basqılarını artıracaq, həbslərə, edamlara əl atacaq. (Yəni heç kimik?)
Mənə elə gəlir ki bu savaş Güney Azərbaycan üçün ən böyük şansdır, bu şansdan məharətlə istifadə edə bilmək bizim hakimiyyətin xarici siyasətindən asılıdır. (Hakimiyyət məşğuldur)
İran ermənilərə yardım edəndə bizi düşünmədiyi kimi, biz niyə "müsəlman" deyib İrana kömək edək axı? (Aldıqlarımızı qaytaraq!)

* * *

Nə almışıq? Rəsmi?

Trend. İran İslam Respublikasının (İİR) İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycandakı nümayəndəliyinin xətti ilə Azərbaycana təqribən 200 ton həcmində növbəti humanitar yardım gətiriləcək. Adıçəkilən komitənin mətbuat xidmətindən «Trend» ə bildiriblər ki, yardım İmdad Komitəsinin himayəsində olan qaçqın, məcburi köçkün, əlil, şəhid ailə başçısını itirmiş, tənha və digər aztəminatlı ailələr arasında paylanacaq.
O da bildirilib ki, hər il Azərbaycanın 19 rayonunda, 500-ə yaxın qəsəbə və kəndində müxtəlif təbəqələrdən olan 40 000-ə yaxın qaçqın, məcburi köçkün, şəhid ailəsi üzvləri, əlil və ailə başçısını itirmiş, tənha və kimsəsiz insan İmdad Komitəsinin müxtəlif növ yardımlarından bəhrələnir. İmdad Komitəsi son illərdə öz inkişaf proqramı çərçivəsində Azərbaycanda işsizliyin aradan qaldırılması istiqamətində kənd təsərrüfatının müxtəlif sahələrində 1000-dən artıq iş yerinin açılmasına yardım edib.

APA.Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan “İmam Xomeyni İmdad Komitəsi”nin sədri Hüseyn Ənvarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, Z. Əsgərov qonşu və dost ölkə olan İranla münasibətlərin genişləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu deyib: “Azərbaycanda sizin təşkilatınızın fəaliyyəti yüksək qiymətləndirilir. Bu günə qədər komitə Azərbaycanın qaçqın və məcburi köçkünlərinə, eləcə də aqrar sahənin inkişafına 33 milyon dollar məbləğində yardım göstərib. İnanırıq ki, bu yardımlar bundan sonra da davam etdiriləcək”. “İmam Xomeyni İmdad Komitəsi”nin sədri Hüseyn Ənvari rəhbərlik etdiyi təşkilatın 14 ildir ki, azərbaycanlı qaçqın və məcburi köçkünlərə yardım göstərdiyini deyib: “Bizim yardımlarımız bundan sonra da davam etdiriləcək. Düşünürük ki, bu problem tezliklə həll olunmalıdır”.

Ayıbdır, dalını saymayaq.

Samir Tac
HaqqYolu üçün

Related Stories
Comment