0
Thursday 10 May 2018 - 15:15

‘’Hökumət qurumları insanları bir-birinə qarşı qoyub‘’

Story Code : 723686
‘’Hökumət qurumları insanları bir-birinə qarşı qoyub‘’
“Tutaq ki, mənim təzə yerim düşüb qonşunun köhnə yerinə, gedirəm, deyirəm, qonşu, çıx burdan, sənə təzə yer verilib, get oranı ək, biç, bura mənlikdi... Deyir, get bu yerə aid Dövlət Aktını gətir, çıxım. Bu da dava-dalaşa səbəb olur, qohum-qonşu bir-birinə düşmən kəsilir”.
 
Bu sözləri Siyəzənin Dağ quşçu kənd sakini deyir.
 
1998-ci ildə torpaq islahatları aparılarkən Dağ quşçu kənd sakinlərinə də pay torpaqları olaraq ot, arpa, taxıl yerləri ayrılıb. Həmin vaxt adamların bu pay torpaqlarının üzərindəki hüquqlarını təsdiqləyən Dövlət Aktları da paylanıb. Ancaq 2000-ci illərin əvvəli kənddə yenidən torpaq islahatları aparılıb və pay torpaqlarının irimiqyaslı yerdəyişmələri baş verib.
 
Dövlət aktının olmaması məhrumiyyətlər yaradıb
 
Kənd sakini Yusif Bağırov deyir, o vaxt keçmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən şöbəsi kəndlilərdən Dövlət Aktlarını yığıb ki, torpaq yerdəyişmələrindən sonra təzələri ilə əvəz eləsin. Ancaq 15 ilə yaxındır ki, kəndlilər təzə Dövlət Aktlarına sahib ola bilmirlər. Bu isə onlara müxtəlif problemlər yaradır. Məsələn, onlar illərdir ki, ünvanlı sosial yardımdan məhrum olublar. Çünki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tələb olunan sənədlər arasında bu sənəd də vacibdir. Ancaq dərd ünvanlı sosial yardımla bitmir. Dövlət Akrtlarının olmaması ucbatından onlar yerləri dəyişdirilmiş torpaqlarından istifadə edə bilmirlər. Torpağın köhnə sahibi təzə sahibindən sənəd tələb edir, bu isə narazılığına səbəb olur.
 
Təzə bölgü narazılıq yaradıb
 
Yusif Bağırov danışır:
 
“Söhbət 2005-2006-cı illərdən gedir. O vaxtdan qanuni istifadəmizdə olan pay torpaqlarımızın yerləri dəyişdirilsə də, indiyədək təzə Dövlət Aktlarımız bizə verilməyib. Ot yerimizi də veriblər, arpa yerimizi də, buğda yerimizi də... Ancaq təzə bölgü insanlar arasında narazılıq yaradıb. Bir də görürsən ki, hansısa buğda sahəsində əlbəyaxadır. Biri gəlib şumlamağa, o biri deyir: “mənimdir, çıxmıram”. Sakinlər tez-tez polisə düşürlər. Gedirik bələdiyyəyə, icra hakimiyyətinə, dərdimizi deyirik, belə olmaz axı, kəndliləri üz-üzə qoymusuz, adamlar bir tikə çörəyin əlində qalıb, birinin əsəbi dözməsə, vurub o birini öldürsə, necə olacaq? Deyirlər, dövlət var, qanunu var, vurar, gedər cəzasını çəkər. Sanki qəsdən insanları bədbəxt etmək üçün planlayırlar hər şeyi...”
 
10 ildir ot sahəmə yaxın düşə bilmirəm
 
Dağ quşçuda əhali əsasən əkinçilik hesabına dolanır. Əsasən də buğda əkirlər, ot çalırlar. Mövsüm çatanda otu tayalayıb bazara çıxarırlar. Kənd sakini Rasim Əzizov deyir, 10 ilə yaxındır ki, bu məşğuliyyətdən kənarda qalıb. Çünki ona ayrılmış ot sahəsinin xeyrini başqası görür:
 
“Bir dəfə yerin köhnə sahibi ilə az qaldıq bir-birimizi yabadan keçirək. Çıxmır sahəmdən. Halbuki, ona da başqa yerdən təzə sahə verilib, gedib oranı əkib-biçməlidir. İş orasındadır ki, o yerin də köhnə sahibi oradan çıxmır. Hökumət qurumları insanları bir-birinə qarşı qoyub. Versinlər hərənin sənədini özünə, adamlar bilsinlər ki, nəhayət, hara onlarındı, hara yox...”
 
Rəsmi qurum: Gəlsinlər, araşdıraq
Sakinlər iddia edirlər ki, dəfələrlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Siyəzən Şöbəsinə gediblər, ancaq onlardan Dövlət Aktlarına görə rüşvət istənilib. Xidmətin Siyəzən Şöbəsindən isə Meydan TV-yə bildirilib ki, vətəndaşların rüşvətlə bağlı dedikləri həqiqətəuyğun deyil. Dövlət Aktlarının verilməməsi vətəndaşlardan tələb olunan sənədlərin təqdim olunmaması və başqa səbəblərdəndir:
 
“Rüşvət yox, dövlət rüsumu tələb oluna bilər. Vətəndaşlar rüsumla rüşvəti səhv salırlar deyəsən. Səbəblərdən biri də o kənddə sakinlər arasında torpaq mübahisələrinin olmasıdır. Sizə danışan sakinlər şəxsiyyət vəsiqələri ilə şöbəmizə yaxınlaşsınlar, araşdıraq, görək, kimin sənədi niyə ləngiyir”.
 
Hüquqşünas Vaqif Alıyev deyir, əgər vətəndaşlar müvafiq sənədləri dövlət qurumuna təqdim ediblərsə, qanunvericilikdə nəzərdə tutulan müddət ərzində sənədləri verilməli idi. Əks halda, vətəndaşlar kütləvi şəkildə məhkəməyə müraciət edə bilərlər.(meydan.tv)
 
Source : Deyerler
Comment