0
Friday 20 July 2018 - 19:54

Eldar Mahmudov, Akif Çovdarov, Hacı Məmmədov da İran agentləri idi?

Story Code : 739794
Eldar Mahmudov, Akif Çovdarov, Hacı Məmmədov da İran agentləri idi?
Eldar Mahmudov, Akif Çovdarov, Hacı Məmmədov da İran agentləri idi?
Yunis Səfərovun işini İranla əlaqələndirən görəsən bu suala necə cavab verərlər: Deyirsiniz ki, Yunis İran agentidir və Suriyada vuruşmaq üçün İranda təlim görüb daha sonra gedib Suriyada müharibəyə qoşulub. Bəs görəsən Yunis kimi cəsarətli birini "yetişdirən" İran ona silah tapıb verə bilməyib ki, o da gedib Elmarı vurmaq üçün bank mühafizəçisinin silahını zorla əlindən alıb?

Əlbəttə bu cür hadisələri dindarlara bağlamaq istəyən insanların ağlı başında deyil, çünki onların ağlı başlarında olsaydı bu hadisə baş verməzdən öncə məmurlara qulaqburması verərdilər. Amma təəssüflər olsun ki, indiyədək olan qulaqburmaları ancaq şifahi töhmət şəklində olub. Ən ağır vəziyyətdə isə aşağı təbəqəli məmurlar işdən qovulmaqla məsələyə xitam verilib. Yuxarı rütbəlilər isə ancaq hakim ailəylə üz-üzə gələndə haqlarında ciddi tədbirlər görülüb. Təbii ki, onların da içlərində eləsi var ki, onlara hələ ki, dəymək çətindir. Yüksək çinlilərdən Akif Çovdarovu tərpətmək asandırsa da Eldar Mahmudovu tərpətmək çətin məsələdir. Eldarı iki ildir cinayətkar elan edə bilməyənlər Yunisi bir həftədə vətən xaini çıxardı.

Nədənsə qanlı olayı İranın üstünə yıxmağa çalışanlar elə hər zaman silahlı, qanlı-qadalı hadisələrdə İranı günahkar çıxarmağa çalışırlar. Bir məsələ də var ki, heç bir iqtidar nümayəndəsi "kişi kimi" çıxıb rəsmən bəyanat yayıb "bu iş İranın işidir" deməyib, çünki gözəl bilirlər ki, bu sözün bədəli çox ağır olur. Amma İrandan kişi kimi rəsmilər tapılıb ki, çıxıb bu hadisənin onlarla heç bir əlaqəsinin olmadığını bəyan ediblər. Bizdə isə "qonşu ölkələr, xüsusən Ermənistan..." deməklə kifayətlənirlər. Çünki onsuz sionistpərəst mediya işçilərimiz elə sistem qurublar ki, hansı bir vətəndaş etiraz edirsə dindar olduğu bilinən ki, başlayırlar İranı günahlandırmağa.

Amma maraqlısı budur ki, İran nədənsə ölkəmizdə ancaq qanlı terror hadisələri "törədir." Heç bir dəfə deməyiblər ki, Akif Çovdarov, Hacı Məmmədov, Eldar Mahmudov İranın adamlarıdır. Heç bir dəfə deməyiblər ki, qudurğan məmur balaları İrandan idarə olunur. Heç bir dəfə deməyiblər ki, xaricdə xalqın hesabına özünə daşınmaz əmlak alan şərəfsiz məmurları bu işə İran cəlb edir. Nədənsə prezidentin qərarı olduğu halda ondan "xəbərsiz" gecə ikən məscidi sökən məmur (Yasamal icra başçısı) İran agenti çıxmadı. Nədənsə dindarları həbs edən, oğurlayan MTN-nin sabiq şefi İran adamı çıxmadı. Çünki artıq həmin məscidin müdafiəsinə qalxanlar, həmçinin Eldarın şərlədiyi adamları çoxdan İran agenti çıxartmışdılar.

Yaxşı, bura qədər anladıq, kim etiraz edirsə İranın, Ermənistanın agentidir. Yunis Səfərovu dindar yaxud dinsiz (başqa sözlə irançı yaxud ermənipərəst) olmasında qəti bir qərara gələ bilmədiniz. Bəs deyin görən indiyədək prezidenti belə boğaza yığan məmurlar və onların qudurğan balaları hansı ölkənin adamları olub? Deyin görək xaricdə villalar alan, ölkə daxilində dəbdəbəli yaşayan korrupsioner məmurlar hansı ölkənin agentləridir? Onlar da İran və ya Ermənistan agentləridir?

Axı onların xalqa etdikləri Yunisin Elmara etdiyindən qat-qat dəhşətli və təhlükəlidir. Yunis şərəfsiz bir məmuru vurubsa bu məmurlar bütöv bir xalqın qanını ağcaqanad kimi sovururlar. Yoxsa bunlar cinayət deyil? Cinayət deyilsə prezident dəli olub ki, öz-özünə narazılıq edir, iclaslarda məmurların üstünə çığırır? Yox haqlı olaraq qışqırırsa yenə dəli olub ki, onları vəzifəyə gətirir, sonra çıxara bilmir? Çıxara bilmirsə bu agentlər kimin agentləridir, hansı ölkənin adamlarıdır?
Source : Nur-az.com
Comment