0
Thursday 19 August 2010 - 12:35

Kramer Bakı ilə prinsipial olmağa çağırır

Story Code : 34770
Kramer Bakı ilə prinsipial olmağa çağırır
Kramer Bakı ilə prinsipial olmağa çağırır
ABŞ dövlət katibinin keçmiş müavini Devid Kramer “Foreign Policy” dərgisində Azərbaycanla bağlı məqalə dərc etdirib. Kremer məqaləsində tezliklə Metyu Brayzanın Azərbaycanda səfir təyin olunmasının vacibliyini bildirib və Bakı ilə Vaşinqtonu söz azadlığı, demokratiya problemlərinin həllinə lazımi qədər səy göstərməməkdə tənqid edib (“Turan”).
Azadliq.info yazır ki, Kramer ABŞ dövlət katibi Hillari Klintonun Bakıya səfəri zamanı söylədiyi fikirləri şərh edib. Klinton Azərbaycanda demokratiya məsələsində böyük irəliləyişlərin olduğunu, demokratiya və fikir azadlığının müdafiəsində səylərin artırıldığını demişdi. Kramer yazır ki, Klinton Bakıdan yola düşəndən bir neçə gün sonra məhbus jurnalist Eynulla Fətullayev növbəti dəfə mühakimə olunub, bloqçular Adnan Hacızadə və Emin Milli azadlığa buraxılmayıb: “Belə olan halda Azərbaycanda fikir azadlığının və müstəqil mətbuatın müdafiəsi ilə bağlı hansı səylərdən danışmaq olar? Heç bir səydən”.
Daha sonra Kramer vurğulayıb: “Fətullayevin barəsində çıxarılan son hökm (bu, son iki ildə ona qarşı çıxarılan üçüncü hökmdür) ABŞ dövlət katibinə hörmətsizliyi bir daha göstərdi”.
Kramer Azərbaycan hakimiyyətinin sərbəst toplaşmaq hüququnu pozmaqda, siyasi partiyaların etiraz aksiyalarına qoşulanları həbs etməkdə davam etdiyini, parlament seçkisi yaxınlaşdıqca ölkədə vəziyyətin pisləşdiyini vurğulayıb.
Müəllifin fikrincə, Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obamanın onu Vaşinqtona nüvə sammitinə dəvət etmədiyinə və Azərbaycana səfir göndərmədiyinə görə özünü təhqir olunmuş sayıb. Bu fonda ABŞ Ermənistan-Türkiyə münasibətlərini yaxşılaşdırmağa çalışıb. Sonra Vaşinqton Əliyevə diqqəti artırmaq qərarına gəlib və müdafiə nazirini, onun ardınca dövlət katibini Bakıya göndərib. Lakin Kramer bu addımların çox az şey dəyişdiyini qeyd edib: “ABŞ-ın Azərbaycanda daha ardıcıl və prinsipial siyasətə ehtiyacı var və Bakıda səfirin olması buna mühüm dərəcədə kömək göstərə bilər. Brayzanın namizədliyinin Senat komitəsində təsdiqlənməsi ikitərəfli münasibətlərə dair bir sıra məsələləri aradan qaldıra bilərdi”.
Brayzanı xarakterizə edən Kramer onun təcrübəli diplomat olduğunu və demokratiyanın pozulmasına göz yummayacağını bildirib: “Ona qarşı ittihamlardan biri odur ki, onun yerli rəhbərliklə əlaqəsi olub. Lakin bu o demək deyil ki, o, demokratiya və insan hüquqları məsələsi də daxil olmaqla, ABŞ-ın maraqlarının irəliləməsindən imtina edəcək”.
Devid Kramerin sözlərinə görə, ABŞ-ın Azərbaycanda səfirə ehtiyacı var və Metyu Brayza bu post üçün əla namizəddir.
Related Stories
Comment