0
Friday 18 May 2012 - 08:47

Alman mediası rəsmi Bakıya qarşı tənqidləri davam etdirir

Story Code : 162949
Alman mediası rəsmi Bakıya qarşı tənqidləri davam etdirir
Alman mediası rəsmi Bakıya qarşı tənqidləri davam etdirir
Bakıda “Eurovision” mahnı yarışmasının finalı yaxınlaşdıqca Qərb mediasının və beynəlxalq ictimaiyyət təmsilçilərinin Azərbaycanda insan haqları və söz azadlığına qarşı hücumlara diqqəti də artmaqdadır. Əvvəlki kimi, Avropanın aparıcı KİV-ləri hər gün Azərbaycanda bu sahədəki problemlərdən bəhs edən məqalələr dərc edirlər. Almaniya mediası isə bu tənqidlərdə fəal olaraq qalır.

Dünən bu ölkənin “Der Tagesspiegel” qəzetində Azərbaycanda “Eurovision” yarışmasının keçirilməsi kontekstində mətbuat azadlıqlarına qarşı hücumlardan bəhs edən geniş məqalə dərc edilib. Qəzetin Bakıya ezam edilmiş əməkdaşı Klaudiya fon Zaltsen “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın üzləşdiyi şantaj kampaniyası haqda geniş bəhs edib. Müəllif yazır ki, jurnalist apardığı korrupsiya araşdırmalarına görə şantaj olunub, ancaq o qorxub geri çəkilmir. “Bu azərbaycanlı jurnalist başına gələnlərdən sonra evinin qapısını özü açmır. Qapını idmançı cüssəli gənc açır və ətrafı diqqətlə nəzərdən keçirir. Xədicə evini ancaq zərurət olanda tərk edir. Dostları deyirlər ki, onun həyatı təhlükədədir, çünki o elə şeylərdən yazıb ki, Azərbaycanda bu barədə susurlar” deyə, məqalədə bildirilir.
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov alman jurnalistə deyir ki, jurnalistlərə qarşı bu cür hücumlar onları özünüsenzura tətbiq etməyə məcbur edir. Özünüsenzuranın nə demək olduğunu “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da yaxşı bilir. “Kim hakimiyyəti tənqid edirsə çox asanlıqla həbsə salına bilər. Biz ekstremal şərtlər altında işləyirik” deyə, o bildirir. R.Arifoğlu özü də yazdıqlarına görə həbsdə oturmalı olub. 2005-ci ildə o, həbsxanada olanda hakimiyyəti tənqid edən jurnalistlərdən birini öldürüblər. Bu hadisələrdən onun həmkarlarının keçirdiyi şok hələ keçməyib. Bu gün baş redaktor öz gənc əməkdaşlarından hakimiyyətin “müəyyən fiqurlarına” qarşı açıq tənqid yazmamağı xahiş edir. “Mən onları başqa cür qoruya bilmərəm”, deyə, baş redaktor etiraf edir. “Bizə qarşı müharibə aparılır”. Bunu isə “Azadlıq” qəzetinin baş redaktorunun müavini Rahim Hacıyev deyir. O danışır ki, qəzetin əməkdaşlarından birini oğurlayıblar döyüblər və xəbərdarlıq ediblər ki, ağlını başına yığsın. Ancaq həmin əməkdaş hələ də işini davam etdirir. “Mən onu qəhrəman hesab edirəm” deyə, Hacıyev bildirir.
Prezident Administrasiyasının binasında bu tarixçələr haqda bilirlər. Bununla belə, prezidentin müşaviri Əli Həsənov deyir ki, Azərbaycanda mətbuat azaddır.

Avstriya mediasında da Bakıya qarşı tez-tez tənqidlərə rast gəlinir. Bu ölkənin “Der Standart” qəzetinin yazarı sual edir ki, 70-ə qədər siyasi məhbusun olduğu ölkədə “Eurovision” yarışmasının keçirilməsi nə dərəcədə məqsədəuyğun idi. “Əgər bu yarışmanın ilk dəfə keçirildiyi 1956-cı ilə qayıtsaydıq və onun təşkilatçısı Marsel Bezensona desəydik ki, 2012-ci ildə yarışmaya Azərbaycan ev sahibliyi edəcək, yəqin ki, o bunu zarafat hesab edərdi”. Müəllif yazır ki, indi bu cür qeyri-demokratik ölkədə “Eurovision” yarışmasının boykot edilməsi məsələsi müzakirə edilir.
Source : Müsavat
Related Stories
Comment