0
Wednesday 9 December 2009 - 16:01

BAKI KƏNDLƏRİNDƏ ETİRAZ AKSİYALARI

"Nardaranlılar yaxın günlərdə kəndin mərkəzində çadırlar quraraq etiraz aksiyasına start verəcəklər"
Story Code : 16617
BAKI KƏNDLƏRİNDƏ ETİRAZ AKSİYALARI
Bakı Kəndlərinin Əhalisini Müdafiə Komitəsinin sədri Rasim Əlizadə Nardarandakı vəziyyətin acınacaqlı olduğunu deyib:

“Heç bir əsas göstərilmədən Nardaran sakinlərinin adına 340 min manat işıq pulu borcu yazılıb. Kənd camaatının bunu ödəmək imkanı yoxdur. Dərdimizi deməyə adam qalmayıb. Ona görə də nardaranlılar yaxın günlərdə kəndin mərkəzində çadırlar quraraq etiraz aksiyasına start verəcəklər. Biz əvvəlcədən deyirik: Nardaranlılar sabah baş verə biləcək hər hansı qarşıdurmaya görə məsuliyyət daşımırlar”.

Kənd sakinləri, həmçinin Heydər Əliyev Hava Limanından Sumqayıtadək çəkilməsi nəzərdə tutulan Bakı dairəvi yolunun inşasına da etiraz edirlər.

R. Əlizadə sözügedən yolun çəkilməsi üçün bir qrup Nardaran sakininin evinin sökülməsinin nəzərdə tutulduğunu bildirib:

“Bakı dairəvi yolunun çəkilməsi ilə əlaqədar kənddə elan olunub ki, xeyli sayda ev, habelə kənddə iki il əvvəl inşa olunmuş, “Təzə Məscid” kimi tanınan ibadət ocağı söküləcək. Lakin kənd sakinlərinə kompensasiya ödənilib-ödənilməyəcəyi barədə heç nə deyilməyib.

Biz məscidin sökülməsinə etiraz olaraq və əhaliyə veriləcək kompensasiyanın müəyyənləşdirilməsi tələbi ilə Nəqliyyat Nazirliyinə məktub ünvanlamışıq. Yolun çəkilişini aparan şirkətə isə bir həftə vaxt vermişik. Dediyimiz məsələlər həllini tapmasa, yerli sakinlər yol çəkilişinə imkan verməyəcəklər”.

Nardaran sakinləri kənddə bələdiyyə seçkilərinin baş tutmayacağını da bəyan ediblər.

R. Əlizadə 27 nəfərdən 12-nin namizədliyinin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qeydə alınmadığını bildirib. Qeydiyyata alınmış 15 nəfərdən 5-i isə artıq namizədliyini geri götürməsi ilə bağlı MSK-ya müraciət edib. Qanunvericiliyə əsasən, Nardaran bələdiyyəsinin 13 nəfərdən formalaşmalı olduğunu əsas gətirən sakinlər 10 namizədlə kənd bələdiyyəsinə keçiriləcək seçkilərin baş tutmayacağını qeyd ediblər.

Nəqliyyat Nazirliyi katibliyinin rəhbəri Namiq Həsənov isə APA-ya bildirib ki, dövlət əhəmiyyətli obyektlərin, o cümlədən yolların tikintisi üçün torpaqlar dövlət sifarişləri əsasında alınır. Nardaranda əraziyə düşən obyektlərin sökülməsi və ya köçürülməsi qanunvericiliyə uyğun tənzimlənəcək, qanuni tikilmiş obyektlərin, evlərin sahiblərinə bazar qiymətlərinə uyğun kompensasiya veriləcək.

N. Həsənov onu da qeyd edib ki, hazırda Nardaranda yolun keçəcəyi ərazidə araşdırmalar aparılır, kompensasiyanın məbləği araşdırmalardan sonra bəlli olacaq.

Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev isə APA-ya deyib ki, Nardaran bələdiyyəsinə keçiriləcək seçkidə iştirak edəcək namizədlərin sayı ilə bağlı MSK-ya rəsmi məlumat daxil olmadığından konkret söz deyə bilməyəcək.
Related Stories
Comment