0
Saturday 6 April 2019 - 12:15

AKP İstanbulda seçkinin nəticələri ilə razılaşmır

Story Code : 787168
AKP İstanbulda seçkinin nəticələri ilə razılaşmır

Türkiyədə martın 31-də keçirilmiş seçkilərdən sonra mübahisəli dairələrdə səslərin yenidən sayılması prosesi davam edir. Ümumilikdə səslərin yenidən sayılması ilə bağlı Türkiyədə 81 vilayətdən yarıdan çoxunda şikayət olsa da, indi əsas diqqət İstanbula yönəlib.
 
Ötən sayımızda da qeyd etdiyimiz kimi, Türkiyə Yüksək Seçki Qurumu (YSK) İstanbulun 18 rayonunda səslərin yenidən sayılması barədə qərar verib. 15 rayonda etibarsız bülletenlər, 3 rayonda isə bütövlükdə səslərin yenidən sayılması barədə qərar qəbul olunub.
 
Ötən gün CHP sədrinin müavini və partiya sözçüsü Faiq Öztrak bildirib ki, İstanbulun 17 rayonunda etibarsız hesab olunan 119 min 652 bülletenin yenidən sayılması nəticəsində 2184 səs AKP namizədi Binəli Yıldırıma, 785 səs isə CHP namizədi Əkrəm İmamoğluna yazılıb. Bununla da namizədlər arasındakı fərq yekun olaraq 18 min 742 səsə düşüb.
 
Məsələ ondadır ki, İstanbulda 39 rayon var və hakim partiyanın tələbi ilə bu rayonlardan 18-də səslərin tamamilə və ya qismən - etibarsız bülletenlərin - sayılması baş verib. Və 17 rayonda səslərin yenidən sayılmasından sonra fərq seçkidən sonrakı ilk gündə qeydə alınan 25 mindən 18 minə enib. Bu isə o deməkdir ki, digər 22 rayonda seçkilərin nəticələri bu şəkildə yenidən sayılsa belə ümumi nəticəyə təsir edə bilməz.
 
Lakin indi AKP rəhbərliyi şübhələrin daha geniş olduğu qənaətindədir. Ötən gün Türkiyə mediası AKP-nin yerli Böyükçəkməcə rayonu təşkilatının İstanbulda seçkilərin nəticələrinin ləğv olunması ilə bağlı şəhər seçki komisisyasına müraciət etdiyi və bu müraciətin rədd edildiyi ilə bağlı xəbərlər yayıb. Lakin sonradan AKP sədrinin müavini Əli İhsan Yavuz bu məlumatı təkzib edib. Eyni zamanda o deyib ki, hazırda seçici siyahılarında yanlışlıqlar araşdırılır. Qeyd edək ki, hakimiyyət Böyükçəkməcə rayonunda 21 min saxta seçici qeydiyyatı aparıldığı ilə bağlı iddia qaldırıb.
 
Ötən gün daha bir açıqlama isə İstanbul bələdiyyə sədri namizədi Binəli Yıldırımdan gəlib. O bildirib ki, səslərin yenidən sayılması prosesində aradakı fərq azalıb. Yıldırım deyib ki, səslərin təkrar sayılması nəticəsində aradakı fərq 29 mindən 18 minə enib. Və əlavə edib ki, proses davam edir, daha bir çox məntəqələrdə səslər yenidən sayılacaq.
 
Ötən gün daha bir açıqlama isə prezident Ərdoğandan gəlib. Türkiyə prezidenti bildirib ki, seçki prosesi bitib, artıq məhkəmə prosesi başlayıb. Və əlavə edib ki, seçkilərə etirazlar 3 mərhələdə aparılır: Rayon, vilayət və nəhayət YSK səviyyəsində. Son sözü isə YSK deyəcək və bundan sonra proses başa çatacaq. Türkiyə prezidenti deyib ki, hakim partiyanın YSK-ya şikayət etmək hüququ var və onlar bu hüquqdan istifadə edirlər.
 
Türkiyədəki 30 böyük şəhər bələdiyyəsindən 15-ni AKP-nin qazandığını xatırladan Ərdoğan hakim koalisiyanın səs faizinin 53 olduğunu qeyd edib. Eyni zamanda CHP-nin İstanbul bələdiyyəsi sədrliyinə namizədi Əkrəm İmamoğlunun hərəkətlərini, xüsusən də Ankarada Anıtqəbir memorialını ziyarətini tənqid edən Ərdoğan onun mövcud qanunlar və seçki qaydalarına riayət etmədiyini bildirib.
 
Ərdoğanın ittihamlarına İmamoğlunun cavabı gecikməyib. CHP namizədi bildirib ki, Anıtqəbiri ziyarət mövzusunun indi müzakirə etməyin yeri yoxdur, Anıtqəbirə isə hər dəfə yolu düşəndə gedir.
 
İmamoğlu bildirib ki, səslərin yenidən sayılması nəticələri dəyişməyəcək. Onun sözlərinə görə, hakimiyyət İstanbulda məğlub olsa da, bunu qəbul etmək istəmir.
 
Source : Deyerler
Related Stories
Comment