0
Wednesday 2 September 2009 - 21:02

İSLAMAFOBIYA ƏHATƏ DAIRƏSINI GENIŞLƏNDIRIB

Story Code : 10987
İSLAMAFOBIYA ƏHATƏ DAIRƏSINI GENIŞLƏNDIRIB
Bildiyiniz kimi son zamanlar Azərbaycanda məscidlərə qarşı geniş bir kampaniya başlayıb. Bu kampaniyanın ilkin mərhələsində məscidlərin bağlanması dururdusa, artıq proses yeni bir mərhələyə qədəm qoyub və məscidlərin bir-bir sökülməsinə başlanılıb. Artıq bu prosesin başlanması üçün ilk məhkəmə baş tutub və məhkəmədə İslam Mədəniyyətinin paytaxtı seçilmiş Bakı şəhərinin Suraxanı rayonunda tikintisi yarımçıq dayandırılmış Fatimeyi Zəhra (s.ə) məscidinin sökülməsinə qərar verilib. Bu bəlkə də dünyada ilk belə bir haldır ki, tikintisi üçün yer ayırmış, büdcəsinə pul köçürmüş bir icra orqanı sonradan verdiyi qərarın əksinə olaraq məhkəməyə müraciət edərək, məscidin tikintisinin qanunsuz olduğunu bildirir.

Və artıq İcra Hakimiyyətinin, məhkəmənin bu ədalətsiz qərarı ilə bağlı ilk etiraz aksiyası keçirilib. Sözügedən aksiyada polis dinc aksiya iştirakçılarıyla etikadankənar davranıb güc tətbiq ediblər. Son zamanlar baş verən belə hadisələrə münasibət bildirmək üçün Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədova müraciət etdik. Sözünə Bağışlayan və Mehriban Allahın adıyla başlayan AİP sədri baş verən hadisələrdən narahatlığını dilə gətirərək bunları söylədi: “Bildiyimiz kimi Azərbaycanada bu son aylarda məscidlərə böyük təzyiqlər başlayıb. Ümumən İslamın müqəddəs ayinlərinə təzyiqlər başlayıb, məxsusən əvvəlcə hicab, azan kimi ayinlərə qadağa qoyulub. Əvvəl-əvvəl tədris ocaqlarına başıbağlı şəkildə gələn ana-bacılarımıza mane olurdular. Sonra ardınca azan məsələsi gəldi ki, onda da azanın səsgücləndirici vasitələrlə verilməsinə qadağa qoydular. Sonradan dini kitabların da satışının qarşısını müxtəlif vasitələrlə aldılar. Bu gün isə islamafobiya öz əhatə dairəsini bir az da genişləndirərək artıq məscidləri hədəfə götürüb. İlk öncə Şəhidlər məscidinin qapısı təmir adı ilə ibadət edənlərin üzünə bağlanıldı. Daha sonra isə BDU-nun İlahiyyət fakültəsinin məscidi sürüşmə zonasında olması bəhanəsiylə bağlanıldı. Bununla da kifayətlənməyib tikintisi gedən “Peyğəmbər” (s) məscdinin dağıdılmasına qərar verdilər. Sonra isə biz Neft Daşlarındakı məscidin dağıdılmasına şahid olduq.

Təəsüflər olsun ki, Azərbaycan tarixində məscidlərin sökülməsi halları analoqu olmayan bir haldır, misli görünməyən hadisədir.

Bu günlərdə - avqust 31-də İqtisad Məhkəməsi Günəşli massivində olan Həzrət Zəhra (s.ə) məscidinin sökülməsinə qərar verdi. Sözügedən qərar müsəlmanların, möminlərin ən diqqət etdiyi və ilahi rəhmət ayı sayılan mübarək Ramazan ayında verildi.

Əlbəttə ki, bu bizim dinimizə, mənəviyyatımıza hədsiz dərəcədə olan zülmdür. Əgər nəzərə alsaq ki, Azərbaycanda yüz minlərlə narkoman var, Azərbaycan xalqının minlərlə övladları, qızları xaricdə əxlaqsızlığa görə zindanlara salınır, fəsad və əxlaqsızlıq baş alıb gedir, bunların əksinə olaraq məscidlərdə isə insanları paklığa, mənəviyyata, ailələrin möhkəmlənməsinə çağırışlar edilir. İnsaniyyətin kamilləşməsinə xidmət edən ilahi mərkəzlərə olan bu cür addımları, Allah–təala Qurani-Kərimdə “Bəqərə” surəsində ən böyük zülm kimi adlandırıb. Ayədə belə buyurulur: “O kəslər ki, məscidin qapısını bağayarlar, orada Allah-təalanın adının zikr olunmasına qoymazlar və oranın viran olunmasında, xarab olunmasına çalışarlar. Bunlar ən böyük zülmdür. Bu zülmü edənlər isə ən böyük zalımlardır.”

Bildiyimiz kimi dünən də buna etiraz olaraq Bakı şəhər İcra Hakimiyyətinin qarşısında bir qrup mömin, oruc tutmuş əziz balalarımız, qardaşlarımız etirazlarını bildirdilər. Orada da böyük acınacaqlı hadisə ilə üzləşiblər. Onların sözlərini eşidib, fikirlərini dinləyib əməl etmək əvəzinə, oruc tutan insanlar polislər tərəfindən dəyənəklərlə vəhşicəsinə döyülüb. Dinc aksiya iştirakçılarıyla çox pis rəftar olunub. Bu aksiyada möminlər döyülərək yaralanıblar, hətta bəzi möminlər polis dəyənəyindən başlarından ağır xəsarətlər alıblar. Təəssüflər olsun ki, bu məsələ ilə əlaqədar ölkə rəhbərliyi, müvafiq orqanlar heç bir münasibət bildirmirlər.

Əlbəttə ki, bu məsələlər Azərbaycan xalqını hiddətləndirir. Əlaqədar orqanların bu cür davranışları qarşıda xalqın böyük bir etiraz aksiyasına gətirib çıxara bilər. Ona görə də biz müvafiq orqanlardan tələb edirik ki, Allah-təalanın müqəddəs məkanı sayılan məscidlərə qarşı olan təzyiqlər dayandırılsın. Və o kəslər ki, dünənki hadisədə möminlərlə qeyri-insani rəftar ediblər, onlar da cəzalandırılsın.

Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuh.
Source : Faktxeber.com
Comment