0
Tuesday 13 December 2011 - 16:42

Haqq Yolu-nun adını çəkmək qorxusu

Story Code : 121903
Haqq Yolu-nun adını çəkmək qorxusu
Haqq Yolu-nun adını çəkmək qorxusu
-Arzu müəllim, xoş gördük. Azərbaycan Respublikasında Haqq Yolu Elm və Mədəniyyət İnstitutu, institutun HaqqYolu.com saytı, Haqq Yolu jurnalı və eyni adlı qəzet haqqında suallar hər gün artmaqdadır. Biz institutun rəhbərliyinə suallarla müraciət edəndə əvvəlcə vaxt istədilər, bir neçə gün sonra sizinlə söhbətləşməyi tövsiyə etdilər. Nə üçün məhz siz?

-Allahın adı ilə. Sizinlə görüşdən məmnunam. Daha doğrusu, mən suallar dünyasının adamıyam. Bunu qərəzsiz tanışlar yaxşı bilir. Görünür müdiriyyət də bunu nəzərə alıb. Bir də axı indi tələbələrin əksəriyyəti ezamiyyətdədir. Yoxsa bu məsuliyyətli işə razılıq verməzdim. Gəl şərti şumda kəsək ki, xırman vaxtı davamız olmasın. Ütülü, qalstuklu cavab olmayacaq.

-Olar ki əvvəlcə öz haqqınızda qısa məlumat verəsiniz?

-48 yaşım var – deyəsən daha bir şey qalmayıb. 1985-ci ildə politexnik institutunu bitirmişəm – könülsüz! Mərhum professor Əli Xəlilov ədəbiyyata, musiqiyə bağlılığımı görüb “həyatını yandırma burada” – deyə tövsiyə verərdi. Nə isə elə məktəb dövründən ədəbiyyata marağım vardı, cızmaqara edirdim. Bu maraq həyatımın ana xəttinə çevrildi. Mühəndis işlədim, bizneslə məşğul oldum, hazırda işim sırf redaktədir. Amma yazmaq istəyi hava-su kimi ehtiyacımdır. Yazılarım çoxlarını razı salmır. Nə edim, aşiqi qınamazlar. Məcnun demişkən, sən Leyliyə (mənim şerlərimə) mənim gözümlə bax. Bir təsəllim var: çörəyim qələmdən çıxır. Qələmin ucu ən kiçik ruzi bacasıdır. Minlərlə kilometr yazmalısan ki, o qırıq-qırıq xətlərin üstü ilə atıla-atıla möhtaclıqdan qurtara biləsən. Dini mətnləri redaktə edirəm. “Həm Allahı sevir və həm də Onun Rəsulunu” cümləsində “və”-ni silib yerinə vergül qoyanda ruhum dincəlir. Axı Allah-taala bizdən çox yox, böyük yox, Onun razılığı üçün işlər istəyib.

-Bağışlayın, sözünüzü kəsirəm. Yaradıcılıq barədə ayrıca suallar olacaq. Bioqrafiyanızı xülasə şəkildə danışsaydınız maraqlı olardı.

-Qan qrupuna qədər?

-Arzu müəllim, axı sizin də öz oxucularınız var. Onlar üçün həyatınız maraqlı olardı.

-Onda gəlin yalnız maraqlı nöqtələri yada salım. 1987-ci ilədək əsil dünya adamı olmuşam. Şahlar kimi yaşayırdım. Desəm ki, o zamanlar Allahı tanımamışam bəlkə də yalan olmaz. Bunu məktəb, institut yoldaşlarım daha yaxşı bilir. Onlar eşidəndə ki, mən namaz qılıram şoka düşmüşdülər. Yaxşı ki, o vaxt İranla sərhədlər bağlı idi. Yoxsa namazımızı da yazardılar İranın hesabına. Nə isə sonra ölkə qarışdı. Xalq Cəbhəsi hakimiyyətə gəldi. Təbii ki, dini kəsimdə də fəallaşma baş verdi. O zaman Əliyevlər ailəsi də Rusiya, Türkiyə, İran, ABŞ, Qərb dövlətləri arasında dəstək axtarırdı. Xalq Cəbhəsi Qərbə, ölkənin sünnə əhlindən olan insanlar Türkiyəyə, şiələr də İrana meylli idi. Yəni meydana girirdinsə, hansısa xarici cəmiyyətlər, insanlarla münasibət yaranırdı. İranlılarla münasibət, dostluq mənə qarşı alibi oldu. Mətbuatda kəskin yazılarım gedirdi. Qərbpərəstliyə, sekulyarizmə qarşı yazırdım. Quma köçdüyüm günə qədər dəfələrlə MTN-də süzgəcdən keçdim, min bir bəhanə ilə. Nə bilim iranlı tutublar, blaknotunda sənin adın olub, dişinin dibində İran xurmasının lifi qalıb... Nəhayət, 2001-ci ildə dini işlərdən tamamilə uzaqlaşıb ticarətlə məşğul olduğum zaman Ben Ladeni tuturlarmış kimi evimizə basqın etdilər. Zərrəcə nəzərə almadılar ki, bu adam yazı-pozu adamıdı, əməliyyatçı deyil. Amma aralarında kişi adamlar da var. Kişiliyini, vicdanını vəzifəyə satmayan həmvətənlərin əlindən öpürəm. Sonra müəyyən “razılaşmalarla” (müflisləşdirmək hesabına) azad etdilər. MTN-ə düşəndə qibləsini itirən bir-iki axmaq dindarnüma öz həyasız böhtanlarında məni MTN-lə əməkdaşlıq həddinədək kiçiltdilər. Bu razılaşma barədə mətbuatda bir dəfə yazmışam, ağını çıxarmaq istəmirəm. Təkadamlığın zəhərini içsəm də indi qoçu-qoçu danışan bəzi yekəbaşlar kimi MTN-lə əməkdaşlığa imza atmamışam – Allahın lütfü ilə! Bir də axı əyilən, sınan adam nə üçün mühacirət etməli idi?! Yaşaya bilmədim Azərbaycanda. Amma Cəlilabadın torpağını ovuclarıma doldurub gözlərimə ovardım. Mənimçün o torpaqdan şirini yoxdu. Çernışevskinin bizə işləyən sözü var: “Vətənə xəyanət üçün insan mənəvi baxımdan fövqəladə rəzil, alçaq olmalıdır.” Demək, dindara, mənəviyyat insanına nə də yapışsa, vətənə xəyanət damğası yapışmaz. Nə edim, qoymadılar həyatımı yaşamağa. Pis deməyiblər insafən: «Məcnun dərd əlindən dağa çıxdı, dedilər bəxtəvər yaylağa çıxdı». Hicab qadağası dövrünə qalsaydım bir bəhanə ilə ilişəcəkdilər. Mənimsə yaşım keçir, bədənimdə Allahı yadıma salan ağrılar var. Bir də ki yazmaqdan başqa heç nə çəkmir özünə, inanın. Yetər? Həyatımda bundan maraqlı heç nə yoxdur, bom-boşdur. Bunlar da bəlkə elə tək özümə maraqlıdır.

-Arzu müəllim, yenə də bioqrafiyanızdan heç nə demədiniz.

-Əzizim, iki gözüm, bioqrafiya sözündə “bio” var. Bu isə mənə maraqlı deyil. Yaxşı, sən deyən olsun. Üç oğlum var. Ailəlidirlər. Fikirlərimiz tamamilə fərqlidir. Amma aramızda ata-övlad ehtiramı var. Tanımayanlar bir yerdə görəndə elə bilərlər ki, ata-bala yox, dostuq. Bəsdir, yoxsa yenə deyim? Maraqlı şey axtarırsan? Vallah, maraqlı heç nə yoxdur. Axı dindar müğənni deyil ki, həyatı macəralarla dolu olsun.

-Yetər, yetər. Mənim bir neçə fundamental sualım var.

-Bildiyim və kiminçünsə eyb sayılmayacaq məlumatlarım ixtiyarınızdadır. Buyurun.

-Haqq Yolu İnstitutu haqqında danışardınız.

-Əziz Dost, bu barədə institutun broşuru var, saytda ətraflı məlumat verilib, ünvan göstərilib. Mən ümumi nə danışım? Bu institutun əsas işi dini kitabların tərcüməsi və nəşri olub. İndi fəaliyyət dairəsi genişlənib, deyərdim ki, sərhəd anlamı arxada qalıb. Sayt var, jurnal, qəzet var. Haqq Yolunu Azərbaycanda tanımayan dindar yoxdur. Mən axı xahiş etdim ki, anket suallarını başqa birinə saxlayın.

-İnstitutun işini qənaətbəxş hesab edirsinizmi?
-Mən Haqq Yolu jurnalının baş redaktoruyam. Jurnalın mövzu seçimi, dizaynı 80% mənim ixtiyarımdadır. Amma İnstitutun fəaliyyət dairəsi genişdir. Haqq Yolu EMİ Qum tələbələri tərəfindən idarə olunur. Mən saytın, qəzetin, institutun işlərinə qiymət verə bilmərəm. Saytın zəngin dini kitabxanası var, dini suallara birbaşa mərcə alimlərin ofisindən cavab alınır. HaqqYoluXəbər sırf tələbələr üçün nəzərdə tutulub. Bu qəzetdə ruhani-tələbələr Azərbaycan KİV-ində yayımlanan küframiz yazılarla tanış olur. Bildiyim odur ki, Azərbaycandakı dini durumla bağlı problemlər var. Bir müxalifətçilik yaşanır institutda. Bu da təbiidir. Axı Hacı Mövsüm kimi bir insan həbs olunub, özü də şərlə. Bu ssenarilər mənə tanışdır. Məni tutanda polisə müqavimət ittihamı ilə tuturdular. Dostlar doyunca gülərdi bu ittihama. İndi Qum tələbələrinin problemləri var. Xaricdə təhsil alan tələbəyə fəaliyyət imkanı verilməyəcəksə tələbə necə razı qalsın? Mən tələbə olmadığıma görə bu barədə çox danışmaq istəmirəm. Həm də tələbələr haqlı olaraq irad tuta bilər ki, sən ki, tələbə deyilsən nə üçün bizim iç problemlərimizə qarışırsan.

-Jurnal haqqında...

-Haqq Yolu jurnalı dini jurnaldır. Biz onu imkan həddində rəngarəng etməklə maraq yaratmağa çalışırırq. Jurnalda Azərbaycanla bağlı çılpaq siyasətə yer verilmir. Haqq Yolu jurnalının maksimum məqsədi dini layiqincə təqdim etməkdir. Axı bizim nəşriyyələr hələ ki standartdan çox aşağıdır. Haqq Yolunun məqsədi zövq məsələsində normaya yaxınlaşmaqdır.

-Bu günlərdə jurnalist Eynulla Fətullayev Haqq Yolu haqqında danışıb. İcazə verin olduğu kimi oxuyum: “F.Lənkəraninin oğlu Məhəmməd Cavad Lənkəraninin R.Tağının qətlini alqışlamasına gəlincə, E.Fətullayev deyir ki, bu xəbərin dəqiq olduğuna dair dəqiq məlumatlar yoxdur: “Həmin bəyanat ”Haqq yolu” saytında dərc olunub. Bu saytla bağlı heç bir məlumat yoxdur. Bilinmir bu sayt nə vaxt yaradılıb, kimin üçün yaradılıb, harada fəaliyyət göstərir, baş redaktoru kimdir? Mən araşdırmışam, bu sayt əvvəllər də fəaliyyət göstərməyib. Üstəlik, saytın qoyduğu link də açılmır.” Nə düşünürsünüz?

-Eynulla dostumuz inciməz bizdən. Siserondandır bu fikir: “Özünə vurğun (özünü sevən) insanın rəqibi olmur.” Yəni beləsini kimsə sevməz. Bizim tanınmış insanlarda özünəvurğunluq var. Onlar bir mövzuda oxumadan elə danışırlar ki, məlumatsız kütlənin gözünə alim görünürlər. Bu hadisəni Siserondan gözəl dəyərləndirən olubmu, bilmirəm. Oxumayan haradan biləcək! Eynulla əzizimiz açsın HaqqYolunu, yuxarı sol küncdə “Təsisçidən” təqdimatı var. Sonra versin səhifəni aşağı ünvanı oxusun. Eynulla mənim üçün mərhum Elmarın silahdaşıdı. Elmar müqəddəs adamdı, min rəhmət. Azərbaycan xalqını təkcə Elmara görə tərifləmək olar. Mən ucuz, qara kağızda çap olan, kiosklarda altdan satılan, yubandın tapılmayan Monitorun oxucusu olmuşam. İkincisi, Eynulla haqq söz üstündə tutulub. Bu gün Haqq Yolu haqqında dedikləri məni çox sıxır. Əgər bunu siyasi gediş olaraq edirsə, yenə də alicənablıq baxımından həzm edə bilmirəm. Eynulla Fətullayev Google-də “Eynulla Fətullayev Haqq Yolu” sözlərini axtarışa versəydi bəlkə də bu sözləri dilə gətirməzdi. HaqqYolu.com dini sayt olmasına baxmayaraq Eynulla Fətllayev haqqında ən çox yazmış saytlardan biridir. İnstitutun ünvanı da iyirmi ilə yaxındır efirdədir: Müqəddəs Qum şəhəri, Süməyyə prospekti, 188 (bir dəfə ünvan və ad dəyişib). Nə üçün aşağılayıcı münasibət bildirir? Bunu onun özündən soruşun. Yəqin ki, onun da Haqq Yolu kimi ünvanı, telefonunu internetdən əldə etmək olar. Mən bilmirəm, bilsəydim sizə verərdim.

-Mən qeydlərimə baxıram, qorxuram mənə verilmiş tapşırığı lazımınca yerinə yetirə bilməyim. Bəzi cavablarınız çox xülasə olur, oxucuları qane etməyə bilər. Mən bir daha əvvəlki suala qayıdıram. Xahiş edirəm cavab verin. Eynulla Fətullayevin Haqq Yolunu belə yaddan çıxmış təqdim etməsinin başqa səbəbi yoxdur?

-Axı danışdıq ki, bu barədə söhbəti uzatmayaq. Eynullanı deyə bilmərəm, amma əksəriyyət HaqqYolu adından qorxur.

-Qorxur deyirsinizsə, bunun səbəbini göstərməməyiniz düz olmazdı. İki kəlmə ilə.

-Bütün cəmiyyətlər liberaldır. Fərqli fikir qorxu yaradır. Dekart insandakı qorxunu onun ümidsizliyi ilə əlaqələndirir. Başqasını deyə bilmərəm, dindar haqq sözdən, işdən qorxursa, demək imanı zəifdir. Axı Allaha sığınan nədən qorxmalıdır?! Əzizim, HaqqYolu İranda fəaliyyət göstərir. Əslində Qumda fəaliyyət göstərmək İranda fəaliyət göstərməkdən fərqli bir hadisədir. Qum elm şəhəridir. Siz ki bilirsiniz, Qum dünyanın elmdən əlavə nəşriyyat mərkəzlərindəndir. Necə deyərlər booksite-dir. Amma bunu görməyənlər və görmək istəməyənlər var. İranla Azərbaycan arasındakı münasibətlər göz qabağındadır. HaqqYolunun İran dövlətinə bağlı olduğu iddia olunur. Bəlkə də iddiaçılar dövlətlə ruhani zümrəni səhv salır. HaqqYolunun İran dövlətinə bağlılığına şahid olmamışam. Əksinə, ünvanımıza iradlar var. Amma bu institut din alimlərinin baxışını bölüşür. İranda ruhanilər azaddır. Onlar dövlətdən fərqli düşünə bilir. HaqqYolu da dövlətə yox, ruhaniyyətə bağlıdır. Amma bu bağlılıq mənəvi bağlılıqdır. Əgər bizim axirət qardaşlarımız sayılan dini saytlar HaqqYolunun adını çəkməkdən ehtiyatlanırsa başqalarından inciməyə dəyməz. Şəxsən mən heç dini saytların da “görməməzliyindən” incimirəm. Birincisi, özüm də Azərbaycanda olanda İrandakı dostlarla rahat ünsiyyət saxlaya bilmirdim, çünki xəfiyyələr bəhanə axtarırdılar. İkincisi, işimiz Allaha xatirsə, nə fərqi var ki, ad çəkilsin ya yox. Fədakar adamlar isə az qala hər gün zəng vurur, İrana yolları düşəndə institutun ofisinə gəlirlər.

-Azərbaycan hakimiyyəti Qum tələbələrinə nə üçün həssasdır?

-Müxalifətə həssaslıq təbiidir. Məgər hakimiyyət İctimai Palataya, Ziyalılar Forumuna həssas deyil? Rüstəm İbrahimbəyov, Rafiq Əliyev kimi şəxsiyyətlərə həssaslıq olan yerdə tələbəyə necə biganə qalsınlar. Bir də elektorat məsələsi var. Hamı etiraf edir ki, Azərbaycanda potensial müxalifət dini kəsimdir. Çünki ən yüksək postdakı məmurun evində də İslam var, din var. Yəni dini müxalifət ailədən başlayır. Bir az da dərinə getsək din insanın öz içindən də qiyam qaldıra bilər. Bir də görürsən qatı ateist qatı dindar olub. Həssaslığa dəyər.

-Azərbaycan müxalifəti haqqında nə düşünürsünüz?

-Biz dindarıq. Dindar üçün ixlas, hüzuri-qəlb, təqva kimi xarakteristikalar taleyüklüdür. Quran ayələrinə nəzər salaq: “Sizə ayıb yerlərinizi örtəcək geyim, bəzəkli libas nazil etdik. Lakin təqva libası daha yaxşıdır “; “Allaha çatacaq olan yalnız sizin təqvanızdır”. Bu sözləri dərinə varmadan “səmimiyyət” kimi tərcümə edə bilərik. Demək, bizim üçün müxalifət, iqtidar anlayışları şərtidir. Əsas səmimiyyətdir. Hakimiyyətdə təmsil olunmuş istənilən şəxs desə ki, Hacı Mövsüm və digər dindar məhbusların suçu terrora cəhd yox, dini haqların tələbidir, biz onun əlini sıxarıq. Əksinə, müxalifətdə olan biri deyir ki, bu adamlar İrana işləyir. Normal adam dərk edir ki, öz millətinin zərərinə xarici ölkənin mənafelərinə xidmət edən insan dünyasına işləyir. Həbs olunan dindarların maddi durumuna baxın. Digər tərəfdən, İslam millətin zərərinədirmi? Başqa sual: dindarın İran din alimlərindən aldığı mənəvi dəstəyin çəkisi ağırdır, yoxsa iki dövlət arasında iqtisadi partnyorluğun? Xaricdən gələn ərzaq məhsullarına ifrat həssas olan İranda Azərbaycan istehsalı Jalə suları yeri-göyü götürüb. Və minlərlə “Jalələr”! Bəs dindar nə qazanır İranla yaxınlıqdan: mühacirət, təqib, həbsxana, yoxsulluq? Hansı imtiyaz verilib azərbaycanlı tələbəyə? İranlı tələbələrin imtiyazları çoxdur, yoxsa azərbaycanlıların? Bir sözlə, ruhani-tələbənin dünyası yoxdur. O, şüurlu şəkildə həyatını Allah yolunda fəda edib. Əlbəttə ki, hər yerdə olduğu kimi tələbələr arasında da tək-tük parazitlər var.

- Sizcə müxalifət hakimiyyətə gələ bilərmi?

-Mən belə proqnozlardan uzaq adamam. Bizi dini dəyərlərə hörmət maraqlandırır, kimin hakimiyyətdə olması yox. Mən Xalq Cəbhəsinin hakimiyyətdə olduğu dövrdə də MTN-də az sıxıntı çəkməmişəm. Bu gün prezident İlham Əliyev dövlətlə dindar arasında uçurum yaradanları üzə çıxarsa, cəzalandırsa, hicab məhbuslarını azad etsə, onun birinci dəstəyi dindarlardan olacaq. Əlbəttə ki, bu sözümə görə məni qınaya bilərlər ki, bütün anti-islami layihələrin arxasında şəxsən prezidentin xeyir-duası dayanır. Bu şübhələr ciddidir. Hətta bütün oyunları hansısa məmur qurursa yenə də prezident cavabdehdir.

-Ziyalılar Forumu necə?

-Ziyalılar Forumu Azərbaycan tarixində mühüm hadisədir. Təmin olunmuş, siyasi ambisiyasi olmayan insanlar rahat həyatlarını riskə qoyaraq yüksək tribunadan hakimiyyətə “belə olmaz” dedilər. Mən bu insanlar qarşısında baş əyirəm. Bəzən müxalif insan o qədər həyəcanlı olur ki, zalım hakimi hədəfə alanda dinə də bir daş atır. Ziyalılar Forumu hələ ki bütün zümrələrin maraqlarını nəzərə alaraq irəli gedir. Dostlarla söhbətdən də belə anlamışam ki, Ziyalılar Forumuna münasibət müsbətdir. Allah ZF-ni o gündən qorusun ki, onlar da dindara qarşı qərəzli söz deyələr. Axı dünyada və Azərbaycanda öndə gedən əksəriyyəti birləşdirən bir mövzu var: öncə İran, sonra İslam. Bu gün Azərbaycanda gənc qələm adamları var ki, elə bil İslamı aşağılamaq üçün doğulublar. Heyf!

-Rafiq Tağının qətli barədə nə deyə bilərsiniz?

-Burada iki hadisə var: Rafiq Tağının vurulması və ölümü. Fərqli hadisələrdir. Mən bu iki hadisədən baş açmadığım üçün heç nə deyə bilmərəm. Mərhum Ayətullah-üzma Fazil Lənkəraninin hökmünə isə onun oğlu Ayətullah Şeyx Cavad münasibət bildirib. Bu mövzu fundamental mövzudur. Mən kiməm ki, Allahın hökmünü müzakirəyə çıxarım. İnsan haqlarından dəm vuran ABŞ-da və bir çox başqa ölkələrdə ölüm hökmü qalır. Müzakirə mövzusu bu ola bilər ki, Rafiq Tağı cinayətə yol vermişdi ya yox? Dini inancımıza görə, Peyğəmbəri təhqir mürtədlikdir və belə bir adamın cəzası ölümdür. Mövzuya ikili yanaşmayaq. Dünyada dini inancına görə hər gün (məsələn, İraqda) onlarla insan qətlə yetirilir. Naxçıvanda Turac nə üçün öldürüldü? Sayı iki milyarda çatan bir toplumun inancını təhqir etməyin cəzası nədir? Allah buyurur ki, ölümdür!

-Demək, Rafiq Tağının öldürülməsini dəstəkləyirsiniz?

- Bu hadisə ilə bağlı münasibət bildirmək vətəndaş borcu kimi zəruri sayılır. Bəs nə üçün ikili? Politologiya, hüquq sahəsində mütaliəli dostlardan birinin bu mövzuda mövqeyini bölüşürəm. O deyir: Rafiq Tağının vurulması və ölümü hadisəsini beynəlxalq hüquq, söz azadlığı müstəvisində dəyərləndirənlər səmimi deyil. Bu adamların əksəri Ramil Səfərovun Azərbaycan bayrağını təhqir etmiş ermənini baltalamasını, Mübariz İbrahimovun atəşkəs dövründə erməni mövqelərində 18 yaşlı erməni əsgərlərini qətlə yetirməsini təqdir edir. Mən də təqdir edirəm, amma İslam mövqeyindən. Bəs onlar? Ramil Səfərovun, Mübariz İbrahimovun haqlı olaraq qəhrəmanlıq saydığımız fədakarlıqları hansı hüquq normaları ilə izah edilir? Buna deyirlər təəssüb. Təəssüb olan yerdə həqiqət yoxdur.

Dostum, mən sizdən şübhələnməyə başlayıram. Sizi mənim fikrim maraqlandırır, yoxsa Allahın əmri?! Azərbaycana səfər öncəsi mənə qarşı dosye hazırlayırsınız?

-Mən sizin sözləri zarafat kimi qəbul edirəm. Özünüz deyirsiniz ki, müsahibə müsahibdən heç zaman deməyəcəyi sözləri qoparmaqdır.

-Demək, əməliyyatçıların “vsyo çto vı skajete mojet bıt ispolzovano protiv vas” prinsipi ilə gedirsiniz? Bu öz yerində. Amma nəzərə alın ki, bu dünyada şairlərin dərisini soyur, boynunu vurur, onları Sibirə göndərirlər. Ona görə də bəzi sözlər elə insanın qəlbində boğulsa yaxşıdır.

-Hansı şairi oxuyursunuz?

-Mən hansı şairi sevdiyimi deyim: Cavidi. Olsun ki oxumağa vaxt az olur. Amma mərhum Cavidin çap olunmuş bütün yazılarını ən azı bir dəfə oxumuşam. Yüz dəfə oxuduğum yazısı da var.

-Hansıdır?

-Məsələn... Bütün aləm dağılsa, od tutsa,

Bizə lazımdı indi zövqü-səfa.

Bir müsəlman ki onda qeyrət var

Sevinər, keyf edər, çalar, oynar...


Əlbəttə ki, Cavid bunu istehza ilə deyir. O dahidi. Allah rəhmət etsin.

-Ramiz Rövşən necə?

-Mən onun haqqında “mədhiyyə” yazmışam. Ramiz Rövşənin istedadı necə deyərlər OK. Amma Cavidin İslam kontekstində həyat proqramı vardı, hara getdiyini bilirdi. Ona görə də poemalar yaranırdı. Ramiz Rövşən bəlkə də Caviddən istedadlıdır, amma yetkin deyil, həyat haqqında təsəvvürləri pərakəndədir. Cavid əsrlərin, Ramiz Rövşən anların şairidir. Qumdan Bakıya üz tutub Ustad Ramiz Rövşəndən üzr istəyirəm.

-Necə düşünürsünüz Azərbaycanda əsil hüquq müdafiəçisi varmı?

-Əvvəla söhbətimiz çox uzandı, biz belə danışmamışdıq. Amma belə bir sual umurdum. Azərbaycanda bir Xanım var, əsil Xanım, O Leyla Yunusdur. Cəmiyyət çox vaxt kimlərə borclu olduğunu gec başa düşür.

-Qələm adamları haqqında nə deyə bilərsiniz?

-Sırf dini baxımdan mərhum Baba Pünhanın adını çəkə bilərəm. Onu formaya görə sevsələr də, məzmunu bir dünyadır. Qəbri nurla dolsun. Başqaları haqqında nə deyim? Həmid Herisçi çox dəyərli yazardır. İstedadlı gənclər də çoxdur. Amma əksərində bir qeyri-müəyyənlik var. Ən pisi eqoist bir nihilizm hakimdir mətbuata. Dini dəyərlərin üç-beş yazar tərəfindən topa tutulmasında da “mən varam” xisləti özünü göstərir. Bu cəmiyyətimizin problemidir. Cəmiyyətin səviyyəsi aşağısa bu onun dindarına da, şair-yazıçısına da, aliminə də təsir göstərir. Ən çox çatışmayan səmimiyyətdir. Məsələn, mən bir Azərbaycan yazarına açıq məktub yazıb, “qardaşım” müraciəti ilə irad bildirirəm. O isə köşə yazısında “bəziləri mənə irad tutur” deyib cavab ötürür... Mən yoruldum.

-Son söz.

-Dəyərli xalqımıza dünya və axirət səadəti arzulayıram. Allah kimliyindən aslı olmayaraq – bu gün YAP, sabah Musavat, o biri gün kim – Azərbaycan hökumətinə insaf versin, onun gözünü açsın. Görsünlər ki, bu torpaq da, bu insanlar da qızıldır. Var-dövləti neftdə, dollarda yox, öz insanlarında axtarsınlar.

-Bəlkə iki misra da şeir?

-Yalnız Allaha müraciətlə yazdığım şeirlər yadımda qalır:

Amandı göndərmə ölüm mələyin
O gün ki günahla dolu ətəyim.
Bir ildə bir anlıq açır çiçəyim,
Xəzan vaxtı dərib etmə xar məni.

-Yenə də görüşəcəyikmi?

-İnsaalah, ömür vəfa qılsa.

Söhbətləşdi: S. Cavid
Hicab.org
Related Stories
Comment