0
Thursday 8 March 2012 - 16:25

Onun dünyaya gəlişi Azərbaycanın azadlığını qazanması idi

Story Code : 144021
Onun dünyaya gəlişi Azərbaycanın azadlığını qazanması idi
Onun dünyaya gəlişi Azərbaycanın azadlığını qazanması idi
Islam times.org/az/ - Yazılan və bir daha silinməyən tariximizdə əsas yer tutan ,əsl Azərbaycanlımız,Azərbaycanın qurucusu Məmməd Əmin Rəsulzadəni hamımız qəlbimizdə fəxrlə yaşatmalıyıq.

Bu gün Azərbaycan Demokratik Respublikasının əsasını qoyan Məmməd Əmin Rəsulzadənin vəfatından 57 il keçir.Məmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Din xadimi olan atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş və buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir.

Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir.

1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaratmışdır. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. M.Ə.Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Bu müşahidələr sonralar M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığında təsirsiz qalmır. Məmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran demokrat partiyasının əsasını qoyur. O, "İrane Nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olur.

1909-cu il avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil "İrane Nou" 2-3 min nüsxə ilə İranın ən böyük qəzeti oldu.O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur.M.Ə.Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində "Tənqidi-firqeyi-etidaliyyun" adlı kitabını çap etdirmişdir.

1911-ci ildə isə Ərdəbildə müəllifin farsca "Səadəti-bəşər" adlı kitabı nəşr olunmuşdur.Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən çıxarılmasını İranın şah hökumətindən tələb eləyir.

M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin may ayında İstambula gedir.Bu illərdə M.Ə.Rəsulzadə ədəbi-publisistik fəaliyyətini də davam etdirir.1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və M.Ə.Rəsulzadə vətənə qayıdır.

1917-ci il oktayabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavatın birinci qurulutayında Məmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilmişdir. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında "Azərbaycana muxtariyyət" şüarı altında milli hərəkat başlandı. Həmin dövr tarixinə Milli Azərbaycan hərəkatı kimi daxil olmuşdur.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir.Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi.

Fətəlixan İsgəndər oğlu Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün islam şərqi aləmində ilk dəfə olaraq respublika qurdu. İyunun 17-də Azərbaycan milli şürasının iclasında M.Ə.Rəsulzadə öz alovlu nitqində deyirdi:

"Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz müh&
uml;m dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa çocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor".

1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışında M.Ə.Rəsulzadə demişdir:
"Biz o zaman, bizim üçün ən yaxşı məsələni – Azərbaycan muxtariyyətini müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq. Sağdan bizə deyirdilər ki, azərbaycanlılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla – Allah yıxsın – siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. Buna baxmayaraq "Müsavat" partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır."

Bakı Dövlət Universitetinin yaranması da M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan Parlamentində çıxış etmiş və universitetin açılmasını qəti tələb etmişdir. Azərbaycan istiqlalının ildönümü ilə əlaqədar olaraq 1919-cu ildə Bakıda bircə nömrəsi çap olunmuş, lakin geniş oxucu kütləsinə çatdırılmamış "İstiqlal" jurnalında M.Ə.Rəsulzadənin "Azərbaycan respublikası" adlı əsəri işıq üzü görmüşdür.

Bakıdakı türk hərbi qüvvələrinin köməyi ilə hakimiyyəti yerli bolşeviklər ələ aldıqdan sonra tezliklə müsavat tərəfdarlarının həbsi başlayır, Şamaxıda həbs olunan Rəzulzadə 6 sentyabr 1920-ci ilədə Bakıya gətirilir. Cəmil Həsənliyə görə isə Lahıçda gizlənən Rəzulzadə 17 avqust tarixində Göyçay yaxınlığındaki Qaraməryamdə həbs olunub.

Əsrimizin əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalinlə ilə M.Ə.Rəsulzadənin tanışlığı olmuşdur. İstanbulda çıxan "Dünya" qəzetindəki M.Ə.Rəsulzadənin "Stalin ilə inqilab" adlı silsilə xatirə-məqaləsinə görə hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini fəhlələri tətilə dəvət etdiyi üçün neft quyusuna atmaq istəmişlər, ancaq M.Ə.Rəsulzadə onu ölümdən xilas etmişdir və o, Müsavatçılar tərəfindən Stalinin Bayıl həbsxanasından qaçırılmasının da təşkilatçısı olmuşdur.

1920-ci ilin noyabr ayının əvvələrində Oktyabr inqilabın ildönümü ilə əlaqədər Bakıda olan İ.V.Stali Rəsulzadının həbsdə olduğunu öyrənir. Stalin XII Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verir və özü şəxsən həbsxanaya gedib cni azad edir. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran M.Ə.Rəsulzadə qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi.

1922-ci ildə Petroqraddan Finlandiyaya qaçan Rəsulzadə, qərbi Avropaya, oradan da Türkiyəyə gəlir.1923-ci ildə İstanbulda M.Ə.Rəsulzadənin "Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti" kitabı çap edilir. "Əsrimizin səyavuşu", "İstiqlal məfkurəsi və gənclik" kitabları çap edilir.

1923-27-ci illərdə onun redaktorluğu ilə İstanbulda "Yeni Qafqasya" jurnalı nəşrə başlayır, ancaq Moskvanın tələbi ilə kamalist hökümət jurnalı bağlayır və Rəsulzadə Avropaya getməyə məcbur olur, Varşava və Berlində yaşayır.. Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyərək vəfat etmişdir.

Ankara radiosu martın 7-də saat 22:45-də sabiq Azərbaycan milli şürasının sədri M.Ə.Rəsulzadənin vəfat etdiyini təəssüflə bildirdi.O, Ankarada, Əsri qəbirstanlığında dəfn edilmişdir.Rəsulzadənin parlamentin açılışı münasibətilə öz alovlu nitqinin sonunda söylədiyi "Bir kərə yüksələn bayraq, bir daha enməz!" şüarı xalqın dilində çox məşhur olmuş və Azərbaycan xalqının azadlıq hərəkatının şüarına çevrilmişdir.

Vətəni üçün bu qədər əzab-əziyyət çəkmiş M.Ə.Rəsulzadəyə vətənində qəbri nəsib olmadı.Doğru gələcəyə xalqı aparan bir liderin vətəni üçün apardığı mübarizəni bizlər heç bir zaman unutmayacağıq.Ancaq təəsüflər olsun ki,Azərbaycanda bu dahi şəxsiyyəti unutmaq və unutdurmaq istəyənlər çoxdurlar.Ancaq Məmməd Əmin davamçıları heç zaman onu və bu vətəni unutmayacaqlar.

ISLAMTIMES - ELVIN
Source : islamtimes
Comment