0
Friday 23 March 2012 - 11:49

Zəmanənin İmamını (ə.f.) tanıyırıqmı?

Story Code : 147681
Zəmanənin İmamını (ə.f.) tanıyırıqmı?
Zəmanənin İmamını (ə.f.) tanıyırıqmı?
Bugünkü ağır şəraitdə əllərimizi Allah dərgahına qaldırıb deyirik: Pərvərdigara, həqiqətən biz Peyğəmbərin aramızdan getməsindən, İmamımızın qeybə çəkilməsindən, düşmənlərimizin çoxluğundan, dostlarımızın azlığından, fitnələrin bizə və dövrümüzə hakim kəsildiyindən Sənə şikayət edirik.

Biz Quran ayələrinin və Peyğəmbər sünnətinin təlimləri əsasında bütün varlığımızla etiqad bəsləyirik:
Bəşərin ruhi xəstəliklərinin dərmanı yalnız elə bir İslama üz gətirməkdədir ki, onda İmam Zaman (əleyhissalam) aşkar şəkildə bəyan olunsun və bütün dəvətlər, səylər və hərəkatlar Allah kitabının və Peyğəmbər itrətinin təlimlərinin dirçəldilməsi istiqamətində olsun.
Məhdi (əleyhissalam)-a inam, bu etiqada dəvət, adının hər yerdə çəkilməsi, onun varlıq aləmində və İslam dünyasında ifa etdiyi rolun və təsirin araşdırılması sadəcə bir fərdin və ya xüsusi qrupun vəzifəsi deyildir. Çünki İslamın əsaslarından olan Məhdəviyyət dərin köklərə və dolğun məzmuna malik olan əqidələrdən sayılır.

Əgər Allahın kitabı və Peyğəmbərin itrəti həmişəlik olaraq ayrılmaq kimi elan olunubsa, onda nə üçün bu gün o iki əmanətin arasına ayrılıq salınıb?! Məgər bunların bir-birindən ayrılması İslam ümmətinin azğınlığa, zəlalətə düşməsi deyilmi?!
Məgər Peyğəmbər (s) insanların zəlalətə düşməməsinin əsas rəmzini Allahın kitabı və İmam Zaman (ə) məsələsinin bir yerdə olmasıyla əlaqələndirməmişdirmi?

Doğrudan da, görəsən qeyri-islami əqidələrdə, həmin qrupların həqiqi rəhbərlərinə də bu qədər etinasızlıq rəva görülürmü? İmam Zaman əleyhissalama diqqət yetirməmək, ona biganə yanaşmaq İslam barəsində inanc və əndişələrin müxtəlifliyi deyilmi?!

Əli əleyhissalam sanki həyəcanlı fəryadlarla bizim dövrümüzün qarışıq və hərc-mərclik vəziyyətinə xitab edərək buyurur:
Necə də qəribədir bu həqiqətlər!! Əcaba, bu camaatın öz aralarında, bir-biri ilə bu barədə icad etdikləri əyrilikdən, iki tirəlikdən heyrətdə olmayım?! Nə Rəsuli-əkrəmin (s) ayininə itaət edirlər, nə də ondan sonra onun canişinin tövsiyələrinə qulaq asırlar! Nə qeyb aləminə etiqadları var, nə də çirkinliklərdən uzaq olurlar! Qəlblərini şübhəli və naməlum şeylərə bağlayıb, nəfsani istəklərinin yerinə yetirilməsi yolunda başlarından-canlarından keçirlər.

Hər nəyi çox istəyirlərsə nəzərlərində yaxşı cilvələndirir və hansı şey xoşlarına gəlməsə, onu inkar edib xoşagəlməz bilirlər.
Çətinliklərdə və müşküllər tufanında öz xəstə ruhlarının sığınacağına pənah aparırlar. Məchul və qarışıq məsələlərdə öz gümanlarına arxalanırlar. Sanki onlardan hər biri təklikdə özünə İmamdır. Zahiri gözləri ilə gördüklərinə iman gətirir, öz puç xəyallarına əsasən dəlillər düzəldib onlara istinad edirlər və beləliklə özlərini asudə edirlər.

Düzdür ki, həzrəti Məhdi (əleyhissalam) barəsində nəinki səthi bir səviyyəyə, hətta istidlali görüşlərə qane olmaq bizim razılığımıza səbəb ola bilməz. Təkcə, Həzrətin adını və ləqəbini bilməklə, bəzən öz islami risalətimizi hal-hazırkı ağır şəraitdə yerinə yetirməyimiz və İmam Zamanın həqiqi adıcıllardan olduğumuzu deməyimiz sadəcə özümüzü aldatmaq və qəlbimizə təskinlik verməkdir!!!

Amma bundan xəbərsizik ki, yeganə məsum, ilahi rəhbər, qeyb aləminin vasitəsi, bütün peyğəmbərlər və ilahi övliyaların şəriksiz varisi, bütün asimani kitabların bəyan edicisi olan o həzrəti əsaslı şəkildə, elmi və məntiqi şəkildə müdafiə etmirik. İslami ideologiya-mızın müdafiəsi sayılan bu işi lazımı şəkildə yerinə yetirməməyimiz bağışlanmaz səhvdir.

İmam Əli ibni Məhəmməd (əleyhissalam) sanki belə bir vəziyyəti nəzərdə tutub buyurur:
Əgər sizin Qaiminiz qeybə çəkildikdən sonra alimlər arasında camaatı İmam Zaman əleyhissalama tərəf dəvət və hidayət edən, ilahi bürhanlarla dinin keşiyində dayanan, Allahın zəif bəndələrini İblis və onun dostlarının hiylələrindən Əhli-beyt düşmənlərinin tələlələrindən xilas edib qurtara bilən adamlar olmasa, onda heç kəs bir yerə çata bilməz və hamı Allahın dinindən dönər.
Belə alimlər Allahın yanında ən yaxşı insanlar sırasındadır.

İmanlı, pak əndişəli insanlar bilirlər ki, hər qövm üçün bir hidayət edən vardır Hər əsrin bir İmamı vardır. İmam Əli, İmam Həsən, İmam Hüseyn, İmam Sadiq, İmami-əsr Həzrət Höccət İbnil-Həsən və ümumiyyətlə on iki imamın hər biri bizim ilahi rəhbərimizdir. Qeyd etdiyimiz kimi, hər bir imanlı müsəlman bu haqq İmamı tanımaqda, tanıtdırmaqda, onun həqiqi və müqəddəs yolunda addımlamaqda vəzifə və məsuliyyət daşıyır.
Source : islamazeri
Comment