0
Thursday 13 December 2012 - 00:43

Kərbəla mesajları: Düşmənin sayca çox olmasından qorxmamaq

Story Code : 220781
Kərbəla mesajları: Düşmənin sayca çox olmasından qorxmamaq
Kərbəla mesajları: Düşmənin sayca çox olmasından qorxmamaq
Islam times.org/az/ - Məlum olduğu kimi Kərbəla məktəbi özündə çoxlu ibrət və dərslər cəmləşdirir. Bu ibrət və dərsləri öyrənib onu öz həyatında tətbiq edən xalq, millət və ya hər hansı bir şəxs həmişə azad və qeyrətli bir ömür sürər, həyat yaşayar.

Heç təsadüfi deyil ki, Hindistan azadlıq hərəkatının rəhbəri Mahatma Qandi azadlığa qovuşmaq istəyən xalqı qarşısında çıxış edərək bu sözləri demişdir: “Mən Həzrət Hüseynin (ə) - İslamın o böyük şəhidinin həyatını diqqətlə oxumuşam və kifayət qədər Kərbəla tarixinin səhifələrinə diqqət yetirmişəm. Mənə aydın olub ki, əgər Hindistan azad bir ölkə olmaq istəyirsə, gərək Həzrət Hüseyndən (ə) örnək alıb onun yolu ilə getsin.”

Bəli, həqiqətən də İmam Hüseynin (ə) Kərbəla məktəbindən dərs alaraq yaşayan xalqlar həmişə üzü ağ və başı uca olmuşlar. Məhz İmam Hüsyenin (ə) inqilabı səbəbindəndir ki, 1400 ildir ki, haqq sevər insanlar zalım və zalım rejimlərə qarşı mübarizə aparırlar. Hətta zalımların sayca çox olmasına baxmayaraq onların qarşısında mərdi-mərdanə duraraq haqqı müdafiə edirlər.

İmam Hüseynin (ə) Kərbəla məktəbinin bizlərə vermək istədiyi dərslərdən biri və ən mühümmü də zalımların və düşmənin sayca çoxluq təşkil etməsindən qorxmamaqdır. Aşura günü İmam Hüseyn (ə) 72 nəfərlə 30 minlik ordunun qarşısına çıxmaqla ta Qiyamətə kimi bütün azadlıq sevər insanlara böyük bir mesaj verdi.

İmam Hüseyn (ə) bu əməli ilə göstərdi ki, əgər haqq və həqiqət, din, vətən, namus təhlükədə olarsa, bu zaman düşmənin sayca çox olması səni qorxutmasın və bil ki, düşməndən böyük və qüdrətli Allah var. Bu əqidə və prinsip ilə yaşayan insan və xalq heç vaxt rəzilliyi və alçaqlığı qəbul etməz və həmişə düşəmənin qarşısında durar. Bu məktəbdən dərs alan şəxs və ya millət heç vaxt məğlub olmaz.

Dövrümüzün zalım hakim və rejimləri bugün insanları saylarının çox olması və gücləri ilə qorxudurlar. Onlara qarşı çıxanları müəyyən bəhanələr ilə həbs edərək digər insanların gözlərini qorxudurlar. Bəli, ey zalım rejim, bunu etməklə dünya pərəst insanları qorxuda bilərsən. Ancaq bilməlisən ki, bu əməlinlə sən heç vaxt İmam Hüseyn (ə) eşqini qəlbində yaşadan və həyatını Kərbəla məktəbi prinsipləri üzərində quran bir şəxsi və ya xalqı qorxuda bilmərsən. Çünki bu insanlar öz rəhbər və müəllimlərindən şəhadət dərsi öyrəniblər.

Bax düşmənin qəlbinə qorxu salan da məhz Kərbəla məktəbinin bu prinsip və əqidəni özündə cəmləşdirməsidir.
Həqiqətən də tarix boyu Kərbəla məktəbi çox böyük möcüzələr yaratmışdır.

Allah təala sanki bu hadisə ilə bütün dünya məzlumlarına bir düstur vermişdir. Yəni əgər məzlum olmaq istəmirsənsə, haqqının tapdalanmasını və zalımların sənə rəhbərlik etməsini istəmirsənsə, bu zaman qarşında Kərbəla deyilən bir düstur var ki, gərək ona əməl edəsən.

Buna əməl etdiyini təqdirdə Allah da sənin əməlini bərəkətli edəcəkdir. Heç uzağa getməyək. Bu yaxınlarda hamımız seyyid Mübariz İbrahimovun şücaət və qəhramanlığına şahid olduq. O hər bir şeyi göz ardına alaraq təki vətən sağolsun deyib düşmən üzərinə atıldı və Kərbəla məktəbindən aldığı dərsi əməldə göstərdi. O düşmənin sayca çox olmasına baxmayaraq Allaha güvənərək düşmən üzərinə getdi və görün Allah da onun bu əməlini necə bərəkətli etdi.

O sanki yatmış şücaət və qəhramanlıqları oyatdı. O öz əməli ilə bir daha sübut etdi ki, insan gərək hqqın müdafiəsi uğrunda düşmənin çox olmasından və gücündən qorxmaya və hər nəyin bahasına olursa olsun həyatını qurduğu dəyər və prinsiplər uğrunda hər bir şeyini qurban verməyə hazır olsun.

Bugün xarici və daxili düşmənlərdən qorunmaq üçün Kərbəla məktəbi Azərbaycan xalqına su və hava kimi lazımdır. Çünki, 20% torpaqlarımız neçə illərdir ki, vəhşi və namus –qeyrət qanmayan ermənilərin əlindədir.

Gərək hər an torpaqlarımızı düşmən əlindən xilas etməyə hazır olaq. Ancaq bu o zaman mümkün olar ki, daxildəki düşmənlərimizi tanıyıb və onlara qarşı mübarizə aparaq. Bugün Azərbaycanda insanlara qarşı mənəvi terror siyasəti yeridilməkdədir.

İnsanlarımızın haqq və hüquqları tapdalanmaqdadır. İnanclı və mərd insanlarımız həbsdədir. Azərbaycan xalqına qarşı sanki bir repressiya əməliyatı həyata keçirilir. Biz İmam Hüseyn (ə) aşiqləriyik. Gərək bu məqamda aşiq olduğumuzu sübut edək. Düşməndən qorxmayaq.

İmam Hüseyn (ə) Kərbəlada öz canını verərək qələbə qazandığı kimi gərək biz də düşmən müqabilində nəinki zindanlara, hətta ölümə belə hazır olaq. Bax o zaman sən Həzrəti Zəhranın qəlbini şad etmiş olarsan ki, Həzrəti Zəhra hicabını qorumaq üçün bu yolda canından belə keçəsən.

ISLAMTIMES - HƏSƏN ƏLİZADƏ
Source : İslamtimes
Comment