0
Wednesday 21 April 2010 - 14:32
Ali Məqamlı Rəhbər çağirişi :

İctimai azadlıq (birinci hissə)

Story Code : 24190
İctimai azadlıq (birinci hissə)
İctimai azadlıq

Mehriban və bağışlayan Allahın adı ilə
Mənim üçün bu gün çox əlamətdar bir gündür. Əlbəttə ki, əvvəllər ‒ prezident olduğum dövrdə mən bu universitetdə dəfələrlə olmuşam. Lakin, zənnimcə, bugünkü görüş özünün bəzi xüsusiyyətlərinə görə mənim zehnimdə daha da unudulmaz və xoş təəssüratlarla dolu olan bir görüş kimi qalacaq. İki-üç ay bundan əvvəl sizin belə bir görüş keçirmək istədiyinizi mənə xəbər verdilər. Çox güman ki, universitetinizin rektoru görüşün tarixini dəqiqləşdirmək üçün mənim ismarış göndərəcəyimi, yaxud dostların mənimlə görüşüb vədələşəcəyini gözləyirdi. Mən elə həmin vaxtdan sizinlə görüşə gəlməyi, bu universitetin bir neçə illik fəaliyyətinin məhsulunu öz gözlərimlə görməyi qərara aldım.

Bu universitetin bünövrəsi böyük ümidlərlə qoyulmuşdur. Şübhəsiz ki, ölkədəki ali təhsil ocaqlarının hamısının İslam İnqilabının, mövcud dövlət quruluşunun, eləcə də ölkədə elm və mədəniyyət cərəyanının inkişaf etməsində fövqəl dərəcədə böyük rolu var. Lakin bu universitet inqilabın təsis etdiyi bir universitetdir. Onun təsis olunmasında məqsəd İslam İnqilabının əli ilə ölkənin bütün ali təhsil müəssisələri üçün elmi kadrların və müəllimlərin yetişdirilməsi idi. Hal-hazırda ‒ Allaha şükürlər olsun ki, ölkədəki ali təhsil ocaqlarında İslam İnqilabının yetişdirməsi olan imanlı gənclərin çox olduğu bir dövrdə bu sözlər bəziləri üçün o qədər də böyük əhəmiyyət kəsb etməyə bilər. Lakin 60-cı illərin əvvəlində bu sözlər həddindən artıq önəmli idi.

O zaman bəzi ali məktəb müəllimləri inqilabla həmkarlıq etməmək üçün universitetlərdə işləməməyi üstün tutur, bəziləri ölkədən xaricə gedir, bəziləri isə tələbələrin dəfələrlə bizə şikayət etdiyi kimi, gördükləri işə qətiyyən can yandırmırdılar. Əlbəttə ki, imanla və pak niyyətlə ali təhsil ocaqlarında xidmət edənlər də az deyildi. Belə bir dövrdə ölkədəki universitetlərin fəaliyyətini genişləndirmək üçün vahid bir strategiyaya ehtiyac var idi. Həmin vahid strategiya isə bu universitetin yaradılması oldu. Allaha şükürlər olsun ki, bu gün mən bu universitetin kişili-qadınlı minlərlə məzunu və yetişdirməsi olduğunun şahidiyəm. Bu isə bizim üçün çox əhəmiyyətli bir fakt, unudulmaz və şirin xatirə, əsaslı təcrübədir.

Əziz bacı və qardaşlarım! Mən bu mövzuda bircə cümləni də sizin diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün ali təhsil ocaqlarındakı ziyalı gənc nəsil xüsusi məsuliyyət daşıyır. Bu gün sizin ölkəniz, sizin inqilabınız və sizin iftixar doğuran, İslami əsaslara söykənən dövlət quruluşunuz elə bir həssas dövrünü yaşayır ki, rəy və analitik düşüncə sahibi olan bütün insanlar bu quruluşun, onun ideologiyalarının daha da məhsuldar olması üçün idarəedici orqanlarla səylərini cəmləşdirməli və həmkarlıq etməlidirlər. Biz çox çətin mərhələləri artıq arxada qoymuşuq. Müharibənin getdiyi dövrdə də, həmçinin müharibədən sonrakı mərhələdə də çoxlu problemlərlə və çətinliklərlə üzləşmişik.

Artıq bu gün elə bir dövr gəlib çatmışdır ki, biz bilik və elm sahəsində yüksək intellekt, gərgin əmək nümayiş etdirməklə ölkəmizin uzunmüddətli diktatura ağalığı dövründə düçar olduğu geriliyi aradan qaldırmalıyıq. O dövrdə istedadların çiçəklənməsinə heç vəchlə imkan verilmir, bu millətin həqiqi simasının ortaya çıxması üçün şərait yaradılmırdı. Müxtəlif sənaye məhsullarını ölkəyə idxal etməklə həm Qərbin elm və sənayesinin inkişafına nail olur, həm də ölkəni Qərbdən asılı vəziyyətdə saxlayırdılar. Habelə, mədəni-intellektual məhsullar da ölkəyə xaricdən gətirilirdi. Onların ilk növbədə həyata keçirdikləri plan bu ölkənin savadlı təbəqəsində öz varlığına, öz mədəniyyətinə, öz adət-ənənəsinə, öz biliyinə, İran xalqında olan parlaq və tükənməz istedada inam hissini boğmaq oldu. Bu özünəgüvənc hissinin yoxluğu uzun illər boyu öz acı nəticələrini verdi. Həmin məfkurənin ‒ iranlının təhqiri ideyasının bu ölkəyə gətirildiyi və xalqın seçilmiş təbəqəsinin varlığının dərinliklərinə qədər nüfuz etdiyi gündən Qərbin bu planın ilk nübarını daddığı günə qədər, əlbəttə ki, uzun illər ötdü. Lakin son nəticədə onlar istədiklərinə nail oldular və bunun bariz nümunəsi ölkəmizdə müşahidə etdiyiniz həmin bu gerilikdir. Bu qədər insan potensialına, bu qədər maddi resurslara, malik olduğumuz əlverişli coğrafi mövqeyimizə, parlaq tarixi keçmişimizə və nəhəng elmi-mədəni irsimizə rəğmən bizim hazırkı vəziyyətimiz lazımi səviyyədən kifayət qədər aşağıdır. Elm və texnika meydanında müxtəlif elmi nailiyyətlər əldə etməli olduğumuz bir vaxtda biz çox geridə qalmışıq.

Ölkəmizin tarixini, coğrafiyasını, ədəbiyyatını başqa xalqlar bizim özümüzdən daha çox tədqiq etmişlər. Hələ ki, İran xalqının parlaq istedadı mövcud geriliyin əmələ gətirdiyi boşluğu doldurmağa müvəffəq olmamışdır. Şübhəsiz ki, İslam İnqilabının qələbə çaldığı gündən indiyə qədər inanılmaz bir dönüş, möcüzə baş vermişdir ki, məhz həmin möcüzə sayəsində xalqımızın psixologiyasında “özünəinam” hissi formalaşmışdır. Xalqın təhtəlşüurunda yerləşdirilmiş əvvəlki həqarət və cılızlıq hissi isə artıq yoxa çıxmışdır. Lakin irəlidə görüləsi işlər hələ çoxdur.

İslam İnqilabının ilk illərində, xüsusilə də 8 illik məcburi müharibə dövründə problemlərimiz həddən artıq çox idi. Bu gün sizin öhdənizə düşən ən mühüm vəzifə budur ki, çalışıb-vuruşasınız və bütün səylərinizi cəmləşdirərək İslamın nüfuzunu qaldırmağa, İslam Respublikası olan İranın müstəqilliyini qoruyub-saxlamağa nail olasınız. Həmçinin ölkəmizin azadlığını və müstəqilliyini hər cəhətdən təmin edəsiniz. Əlbəttə ki, azad və müstəqil olmaq ölkənin xaricə çıxış sərhədlərini bağlamaq mənasına gəlmir. Şübhəsiz ki, bu ağlabatan iş deyil və heç kəs belə bir təkliflə çıxış etmir. Tarix boyu bəşər övladları bir-biri ilə əlaqələr yaratmış, bundan faydalanmışlar. Lakin iki bərabərhüquqlu, bərabərsəlahiyyətli və bərabərsəviyyəli varlığın özünün intelektual və maddi mülkiyyətini bir-biri ilə paylaşması, mübadilə etməsi birinin digərinin qapısında əl açıb təhqir olunaraq ondan pay gözləməsindən tamamilə fərqlidir. Ölkəmizdə həmin bu hal inqilabdan əvvəlki dövrə qədər bu və ya digər dərəcədə müşahidə olunub.

Sizlər ölkəmizi inkişaf baxımından tələb olunan səviyyəyə çatdırmalısınız. Bu, ölkənin savadlı, ziyalı gənc nəslinin üzərinə düşən böyük bir məsuliyyətdir. Zənnimcə, bu baxımdan sizlərin ­‒ bu universitetdə təhsil alan bacı və qardaşlarımızın çiyinlərinə düşən yük daha ağırdır. İnşallah, gələcəkdə siz öhdənizə düşən vəzifəni yerinə yetirməkdə günü-gündən daha artıq müvəffəqiyyət qazanacaqsınız.

Bu gün mənim məqsədim, əlbəttə ki, sizinlə görüşmək və ünsiyyətdə olmaq idi. Bugünkü görüşümüzdə mən hökmən konkret bir mövzu barədə söhbət etmək niyyətində deyildim. Sizin suallarınızı dinləyib cavablandırmaq və sizlərlə ünsiyyətdə olmaq mənim üçün çox xoş olardı. Lakin müəyyən məqamlar vardır ki, ölkənin hazırkı vəziyyətində onları sizin üçün şərh etməyin faydalı ola biləcəyini düşündüm. İndi həmin mövzularda apardığım qeydlər əsasında qısaca icmal şəklində sizinlə söhbət etmək istəyirəm.

“Azadlıq” məsələsi ilə bağlı iki mühüm məqamı qeyd etmək yerinə düşər. Hal-hazırda “azadlıq” mövzusunun ölkə mətbuatında, analitik düşüncə və rəy sahibi olan şəxslər arasında geniş yayılması təqdirəlayiq bir faktdır. İslam İnqilabının ortaya qoyduğu əsas və prinsipial məsələlərin müzakirə obyektinə çevrilməsi, ayrı-ayrı şəxslərin həmin məsələlər barədə öz rəyini bildirməsi bizim üçün daim gözlənilən bir şey olmuşdur. Digər müxtəlif məsələlər ətrafında da bu cür təhlillər az-çox aparılmışdır. Hal-hazırda da bu məsələ gündəmdədir. Mən də mətbuatda yazılanları, səslənən müxtəlif fikirləri mümkün qədər izləməyə çalışır, özlüyümdə onları araşdırır və hətta bəzən onlardan istifadə də edirəm. Ortaya qoyulan rəylər və fikirlər çoxcəhətlidir, yəni hamı eyni istiqamətdə düşünüb yazmır. Bir-birinə müxalif olan tərəflərin hər ikisinin sözündə düzgün və haqlı olduğu məqamlar müşahidə olunur. Polemikaların davam etdirilməsi müsbət bir haldır. Mən istərdim ki, bizim analitiklərimiz prinsipial məsələləri mətbuat tribunasında şərh və təhlil etməyə təşviq olunsunlar, mətbuatımızı məhdud əhatəli mövzuların çərçivəsindən çıxararaq düşündürücü və istiqamətləndirici mövzulara doğru yönəltsinlər. Biz daim tövsiyə edirik ki, İslam İnqilabının cəmiyyətimizə gətirdiyi mədəniyyəti möhkəmlən­dir­­mək lazımdır. Bunun əsasında isə həmin məsələlər durur.

Mənim “azadlıq” məsələsi barədə qeyd etmək istədiyim iki əsas məqamdan biri budur ki, biz digər bir şüarımız olan “istiqlal” şüarını həyata keçirməliyik. Başqa sözlə desək, müstəqil surətdə düşünməliyik, şüurumuzu hər cür təqlidçilikdən və asılılıqdan qorumalıyıq. İnkişafımızın əsasında duran bu məqamda başqalarını təqlid edib hadisələrə yalnız Qərbin təfəkkür tərzini bizə təlqin edən prizmalardan baxsaq, böyük bir səhvə yol vermiş olarıq və gələcəkdə bunun acı nəticələri ilə üzləşərik.

Əvvəldə qeyd etdim ki, “azadlıq” mövzusu Qurani-Kərimdə və məsum imamlarımızın (ə) kəlamlarında dəfələrlə və təkidlə toxunulan bir mövzudur. Şübhəsiz ki, biz “mütləq azadlıq” barədə danışmırıq. Dünyanın heç bir yerində “mütləq azadlıq” ideyasının tərəfdarı yoxdur. Mənim fikrimcə, dünyada “mütləq azadlıq” ideyasının carçısı olan bir şəxs belə tapılmaz. Bizim məqsədimiz İslam dinində, xüsusilə də İslam irfanının ən ali mərhələlərində şərh edilən “mənəvi azadlıq” anlayışı da deyil. Bu, bizim söhbətimizin mövzusu deyil. “Mənəvi azadlıq” mənəviyyata etiqadı olan bütün insanların qəbul etdiyi bir məfhumdur. Onu nə rədd etmək, nə də məcburi surətdə kiməsə qəbul etdirmək qeyri-mümkündür. Bizim burada bəhs etdiyimiz “azadlıq” məhz “ictimai azadlıq”dır. Biz bir insanın real hüquqları olan fikir, söz, seçim və digər bu kimi azadlıqlarından danışırıq. Həmin bu mövzu İslam dininin müqəddəs kitabında, İslam Peyğəmbərinin (s) və məsum imamların (ə) ənənəsində və buyurduqları kəlamlarda yüksək qiymətləndirilmiş, təqdirə layiq görülmüşdür.

الَّذِينَ يَتَّبِعُونَ الرَّسُولَ النَّبِيَّ الأمِّيَّ الَّذِي يَجِدُونَهُ مَكْتُوبًا عِنْدَهُمْ فِي التَّوْرَاةِ وَالإنْجِيلِ يَأْمُرُهُمْ بِالْمَعْرُوفِ وَيَنْهَاهُمْ عَنِ الْمُنْكَرِ وَيُحِلُّ لَهُمُ الطَّيِّبَاتِ وَيُحَرِّمُ عَلَيْهِمُ الْخَبَائِثَ وَيَضَعُ عَنْهُمْ إِصْرَهُمْ وَالأغْلالَ الَّتِي كَانَتْ عَلَيْهِمْ فَالَّذِينَ آمَنُوا بِهِ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَاتَّبَعُوا النُّورَ الَّذِي أُنْزِلَ مَعَهُ أُولَئِكَ هُمُ الْمُفْلِحُونَ

“O kəslər ki əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula – ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər)”.

(“Əraf” surəsi, ayə 157)

Allah-Taala bu ayədə buyurur ki, Peyğəmbərə (s) xas olan xüsusiyyətlərdən biri də insanları onların azadlığını məhdudlaşdıran buxovlardan, إِصْر [əsr], yəni “əsarət zəncirləri”ndən, yəni məcburi surətdə onların üzərinə qoyulmuş öhdəçiliklərdən azad etməkdir. Bu, çox maraqlı və geniş bir anlayışdır. O dövrdə cəmiyyətə hakim olan dini və ümumilikdə sosial mühiti nəzərə alsaq, görərik ki, həmin “əsarət zəncirləri”, insanların zorla boynuna qoyulmuş müxtəlif öhdəliklər, sazişlər bir sıra batil, xurafat mahiyyətli inanclardan, mütləqiyyət, eyni zamanda qaydaları təhrif edərək xalqın avamlığından istifadə edən şəxslər tərəfindən insanlara yük edilmiş yanlış sosial qanunlardan qaynaqlanır. Hamıya məlumdur ki, elə ayədə keçən الأغْلال [əğlal] sözünün mənası da “buxovlar” və “zəncirlər” deməkdir.

Əmirəl-möminin Əli (ə) haqqında olan “Ədalətin səsi” adlı məşhur kitabın müəllifi Corc Cordaq həmin əsərdə Həzrət Əlinin (ə) və ikinci xəlifə Ömərin dediyi iki cümlə arasında müqayisə aparır. Xəlifə Ömərin hakimiyyəti dövründə bir gün vilayət hakimlərindən bir neçəsi onun hüzurunda durmuşdular. Həmin şəxslərdən şikayət daxil olduğuna görə xəlifə onlara qarşı çox qəzəbli idi. O, üzünü həmin valilərə tutaraq belə bir yaddaqalan cümlə deyir:

استعبدتم النّاس و قد خلقهم الله احرارا؟
“Siz insanları qul etmisiniz, halbuki, Allah onları azad yaratmışdır”.

Həzrət Əli (ə) isə başqa bir cümlə deyir ki, həmin fikir “Nəhcül-Bəlağə”də də öz əksini tapmışdır. Əli (ə) buyurmuşdur:

لاتکن عبد غيرک وقد خلقک الله حراً
“Özündən başqasına qul olub, ona boyun əymə. Allah səni azad xəlq etmişdir”.

Corc Cordaq həmin cümlələri bir-biri ilə müqayisə edir və Əmirəl-mömininin (ə) dediyi fikri Ömərin dediyindən qat-qat üstün hesab edir. Çünki Ömər sözünü elə şəxslərə deyirdi ki, onlar azadlıq və hürriyyətə heç bir zəmanət vermirdilər, onların özləri Ömərin: 

استعبدتم النّاس
“İnsanları özünüzə qul etmisiniz, indi isə onları azad buraxın”

– deyə irad tutduğu kəslər idilər. Burada biz xəlifə Ömərin konkret müraciət tərzini, danışıq metodunu müşahidə edirik. Digər bir metod isə budur ki, Əmirəl-möminin (ə) həmin insanların özlərinə müraciət edir və əslində, dediyi sözün icrasına zəmanəti elə sözün öz həqiqi mənasında qoyur: 

لاتکن عبد غيرک و قد خلقک الله حراً

“Özündən başqasına qul olma, Tanrı səni azad yaratmışdır”.



Bu kəlamların hər ikisində “azadlıq” məfhumuna xas olan iki xüsusiyyətə rast gəlinir. Şübhəsiz ki, Həzrət Əlinin (ə) kəlamı daşıdığı mənanın icrasına zəmanət verdiyi üçün daha üstündür. Qeyd etdiyim xüsusiyyətlərdən biri budur ki, “azadlıq” insan fitrətinin bir parçasıdır (الله حراً و قد خلقک ) .
 Mən bu gün Qərb təfəkkür tərzi ilə İslami təfəkkür tərzini müqayisə edib “azadlıq” məfhumunun insan təbiətinə, insan fitrətinə xas bir cəhət olduğunu qeyd etmək istəyirəm.

Əlbəttə ki, bu gün həmin mövzuda tam təfsilatı ilə danışmaq fikrində deyiləm. “Azadlıq” məfhumu barədə qeyd olunası bir çox vacib məqamlar da vardır ki, Allahın köməkliyi ilə mən başqa bir vaxt, başqa bir görüşümüzdə, İnşallah, bu mövzuda daha ətraflı danışaram. İndi isə iki mühüm nöqtəni qeyd etmək istəyirəm ki, bunlardan biri elə həmin “azadlıq” mövzusu barədə azad və müstəqil surətdə düşünmək, fikir yürütməkdir.

Baxın, müasir dünyanın siyasi terminologiyasında işləndiyi mənada “ictimai azadlıq” prinsipinin kökləri müqəddəs Qurani-Kərimə gedib çıxır və XVIII əsr Avropa liberalizmi dövrünə qayıdıb Kantın, Jan Stüart Milin və yaxud başqalarının bu barədə irəli sürdüyü fikirləri araşdırmağa heç bir lüzum yoxdur. Bizim öz sözümüz və öz məntiqimiz var. Mən qətiyyətlə deyərdim ki, yuxarıda adlarını çəkdiyim insanların dedikləri fikirlər müəyyən dəlillərə əsasən bu mövzuda bizə bələdçilik edə bilməz. Bilin ki, “azadlıq” kateqoriyası birmənalı şəkildə İslam dininə məxsusdur! Əlbəttə ki, zənnimcə, “azad­lıq” məfhumunun İslam dininə, müsəlman ümmətinə aid edilməsinin, özümü­zün­­küləşdirilməsinin əleyhinə çıxan və bu işdə bir-biri ilə həmkarlıq edən iki insan qrupu mövcuddur:

Bunlardan biri daim sonuncu iki-üç yüzillik ərzində Qərb fəlsəfəsində “azadlıq” kateqoriyası haqqında irəli sürülən fikirləri misal gətirən, “Filankəs bu cür demişdir”, yaxud “Filankəs bu cür yazmışdır” – deyə təkrar edən şəxslərdir. Şübhəsiz ki, konkret filosofların və fəlsəfi cərəyanların adını çəkib onlardan nümunə gətirən insanlar nəcib və alicənab insanlardır. Lakin mətbuatda çıxış edən bəzi “filosoflar” da var ki, Jan Stüart Milin, yaxud başqa bir fransız, alman və ya amerikalı filosofun irəli sürdüyü fikri yazır, əsil müəllifin adını isə qeyd etmir, bununla da başqalarının dediyi sözləri öz adlarına çıxarırlar! Belələri fırıldaqçılıq və plagiatla məşğul olmaqla yanaşı, həm də “azadlıq” məfhumunun, “ictimai azadlıq” kateqoriyasının Qərbə məxsus bir prinsip – Qərbin bizə olan bir “hədiyyəsi” fikrini formalaşdırırlar!

Həmin insanlara özləri də bilmədən dəstək olan digər qrup insanlar isə “azadlıq” məfhumunun adı çəkilən kimi qorxu və dəhşət hissi keçirməyə başlayan, “Amandır, din əldən getdi!” – deyə fəryad edən kəslərdir. Xeyr! Əsla belə deyil! Din azadlığın ən böyük elçisi və müjdəçisidir! Din nə üçün əldən getməlidir ki?! Sağlam və məntiqli azadlıq dinin bir xalqa və cəmiyyətə verdiyi ən böyük töhfədir. Azadlığın bərəkəti sayəsində düşünən beyinlər inkişaf edir, istedadlar çiçəklənir. İstibdad isə istedadın əleyhinədir! Zülmün, istibdadın olduğu hər bir yerdə istedadlar qol-qanad aça bilməz. Halbuki, İslam dini insanların daha da canlanması, ruhlanması və inkişaf etməsini istəyir. Nəhəng təbii resurslar kimi nəhəng insan potensialı da üzə çıxarılaraq aşkar edilməli, dünyanı abadlaşdırmalıdır. Məgər azadlıq olmadan bu mümkündürmü? Yalnız əmr və qadağalarla bu, mümkün ola bilərmi? Elə buna görə də “azadlığın” din üçün təhlükə törətdiyini düşünənlər yanlış fikirdədir. Beləliklə, bu iki qrup ‒ “qərbmeyillilər” və “azadlıqdan çəkinənlər” (onları şərti olaraq belə adlandıraq) əslində, özləri də bilmədən “azadlıq” məfhumunun İslamın əhatə etdiyi kateqoriyalar sırasından tamamilə uzaqlaşdırılmasında əlbir olurlar. Halbuki, bu həqiqətə uyğun deyil və “azadlıq” İslam dininə tam aidiyyatı olan bir məfhumdur.
......

İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Pedoqoji Universitetinin məzunlarının buraxılış mərasimində etdiyi çıxışı (12.06.1377)
Source : leader.ir
Comment