0
Wednesday 7 July 2010 - 23:40

Əllamə Fəzlullahın həmsöhbəti olmuş azərbaycanlı

Story Code : 30423
Əllamə Fəzlullahla görüş
Əllamə Fəzlullahla görüş
Kənan Rövşənoğlu ondan müsahibə alan yeganə azərbaycanlı jurnalistdir
“Mərhum dini liderin Qarabağ münaqişəsi haqda bu qədər məlumatlı olduğunu gözləmirdim”
Xəbər verdiyimiz kimi, Livan şiələrinin və “Hizbullah” təşkilatının mənəvi lideri hesab olunan Məhəmməd Hüseyn Fədlalla (Fəzlullah) vəfat edib. Dünya mətbuatı bu ölüm vəsiləsilə hazırda Fədlalladan yazmaqda, onun personasına böyük diqqət yetirməkdədir. İslam aləmində xüsusi yeri olan mərhum dini lideri görən, onunla söhbət etmək fürsəti bulan bir azərbaycanlı var. Qəzetimizin keçmiş müxbiri, indi yazar olaraq bizimlə əməkdaşlıq edən Kənan Rövşənoğlu. Bu səbəbdən də ona müraciət edərək, mərhum Məhəmməd Hüseyn Fədlalla (Kənan bəy Fəzlullah deyir- red.) barədə danışdırdıq.
Mərhum Ayətullah üzma Seyyid Məhəmməd Hüseyn Fəzlullah müsəlman aləminin böyük alimi, müctəhidi idi. Atası da İslam alimi olub. Fəzlullah 1966-cı ilədək İraqda, Nəcəfdə yaşayıb və bu müddətdə həm təhsil alıb, həm də o dövrdə İraqda baş verən şiə ictimai-siyasi oyanış hərəkatının lideri Muhəmməd Baqir Sədrin yaxın tərəfdarı olub. Ancaq Livanda (Fəzlullahın əsli livanlı olub) ictimai-siyasi vəziyyətin gərginləşməsindən sonra bu ölkəyə gəlib. Seyyid Fəzlullah Livanda yalnız bir alim kimi fəaliyyət göstərməyib, eyni zamanda həmin dövrdə (elə indi də) bu ölkədə ən kasıb təbəqə olan şiələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün müəyyən tədbirlər həyata keçirib, bu günə qədər də bu işləri davam etdirirdi...
2008-ci ildə Suriyada olarkən mənə də bu alimlə görüşmək qismət oldu. Seyyid Fəzlullah Livanın paytaxtı Beyrutda yaşasa da, ayda iki dəfə, bəzən bir dəfə Suriyaya gəlib İmam Əlinin (ə) qızı Həzrət Zeynəbin (ə) adını daşıyan qəsəbədə onun məzarını ziyarət edir, dərs deyir və hər dəfə onu görməyə gələn möminləri qəbul edib suallarını cavablandırırdı.
Görüşümüz asan alınmasa da, çox rahat keçdi. Qeyd edim ki, mən digər İslam alimləri - müctəhidlərlə də görüşmüşəm. Ancaq Fəzlullahın onlarla müqayisədə ictimai-siyasi dünyagörüşü daha geniş idi. Mən Fəzlullahın Orta Şərqdə, eləcə də dünyada baş verən proseslərdən məlumatlı olduğunu bilirdim, ancaq Azərbaycan haqda, xüsusən Qarabağ münaqişəsi haqda bu qədər məlumatlı olduğunu gözləmirdim. Ondan digər müctəhidlərə olduğu kimi, Qarabağ məsələsinə münasibətini soruşanda mənə dedi ki, bu barədə o, hələ 15 il əvvəl münasibətini ortaya qoyub, işğalı pisləyib və müsəlmanlara çağırış edib.
Sitat: "Mən o zaman, döyüşlər davam edəndə xütbələrimdə Ermənistanın Azərbaycana təcavüzünü pisləmişəm. Biz bir müsəlman olaraq din qardaşlarımızın, ümumiyyətlə, dünyada haqları tapdanan insanların yanındayıq. Biz böyük dövlətlərin bu münaqişədə maraqları, Azərbaycan-Amerika əlaqələri haqda məlumatlıyıq. O cümlədən Ermənistana yardım edən dövlətlərin əməllərini - onların arasında təəssüf ki, müsəlman ölkələri də vardı - həm o zaman, həm də indi qınamışam".
Kənan bəy deyir ki, Seyyid Fəzlullah həm də vəhdətçi idi. İlk dəfə məhz o, şiə alimi olaraq Livanda məzhəbi qarşıdurmanın yatırılması üçün Livanın din alimlərinin bir araya gəlməsini təşkil etdi və birlik nümunəsi olaraq livanlı sünni alimi Fəthi Yekenin arxasında dayanaraq camaat namazı qıldı. Bu, məzhəbi qarşıdurmalardan əziyyət çəkən Livan üçün böyük addım idi. Bütün bu fəaliyyətləri Fəzlullahı Livanda sevdirirdi.
Mərhum Seyyid Fəzlullah bu gün torpağa tapşırılacaq.
Musavat
Comment