0
Sunday 18 July 2010 - 06:40

ABŞ VERGİLƏR NAZİRLİYİNƏ RÜŞVƏT VERİB

Story Code : 31356
ABŞ  VERGİLƏR NAZİRLİYİNƏ RÜŞVƏT VERİB
ABŞ VERGİLƏR NAZİRLİYİNƏ RÜŞVƏT VERİB
Viktor Kojeni qalmaqalı davam etməkdə ikən məlum olub ki, Birləşmiş Ştatların gəmiçilik şirkəti gəlirlərini gizlətmək üçün Azərbaycanın Vergilər Nazirliyinə rüşvət verib. “The Maine Justice” portalında yer alan xəbərdə deyilir ki, “Tidewater Inc” şirkəti ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Federal Komissiyası (United States Securities and Exchange Commission-SEC) ilə Azərbaycanın vergi instansiyalarına və Nigeriyanın gömrük orqanlarına korrupsiyalaşmış ödənişlərə dair mübahisəni yoluna qoymaq üzrədir. Portal bu xəbəri SEC-in şirkət barədə apardığı yoxlamaların nəticəsində hazırlanmış protokoluna və “Tidewater Inc”in press-relizinə istinadən yayıb.
“Tidewater Inc” dünyada enerji sektorunda işləyən şirkətlərə gəmiçilik xidməti göstərən və geniş imkanlara malik olan ən iri şirkətlərdən biridir. Mərkəzi ofisi ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) yerləşir, enerji şirkətlərinə lazım olan böyük həcmli qurğuların daşınmasında və çatdırılmasında xidmətlər göstərir. 350-dən çox iritutumlu gəmiyə malikdir, dünyanın 60-dan çox ölkəsində işləyir, bp, “Statoil”, “ExonMobil” kimi iri şirkətlər onun müştəriləri arasındadır.
Məlumatda bildirilir ki, şirkətə qarşı sözügedən korrupsiya ittihamı 3 il əvvəl irəli sürülüb. Amerikanın hüquq-mühafizə orqanları aşkar ediblər ki, şirkət Azərbaycanda aldığı sifarişlərlə bağlı gəlirlərini az göstərib, bu zaman yerli vergi instansiyalarına milyonlarla dollar rüşvət verib və nəticədə həm ABŞ büdcəsinə köçürülməli olan vergiləri gizlədib, həm də Xarici Korrupsiya Aktını pozub. Xarici Korrupsiya Aktı Amerika şirkətlərinə və vətəndaşlarına biznes qurduqları xarici ölkələrdə yerli hakimiyyətlərə rüşvət verməyi qadağan edir və bunun üçün cinayət məsuliyyəti nəzərdə tutur. Həmçinin məlum olub ki, şirkət Nigeriyanın gömrük orqanlarına da rüşvət verib. Hüquq-mühafizə orqanları şirkətə qarşı cinayət işi qaldırmaq üçün materialları toplayarkən “Tidewater Inc” Azərbaycan və Nigeriyada rüşvət verdiyini etiraf edib və federal hakimiyyətlə anlaşma təklifi ilə çıxış edib. Aparılan danışıqlar nəticəsində razılaşdırılıb ki, şirkət ona qarşı cinayət işinin qaldırılmamasının əvəzində mülki cərimələr şəklində 11,4 milyon dollar, habelə gəlirlərinin gizlətdiyi hissəsini dövlətə ödəsin.
SEC bu sövdələşmə şərtlərinə razılıq versə də şirkət bildirir ki, məsələni hələ ABŞ Ədliyyə Nazirliyi ilə razılaşdırmaq lazımdır. Çünki SEC-lə əldə edilən istənilən razılaşma şirkətə qarşı rəsmi ittihamların irəli sürülməsi və iri məbləğdə cərimə sanksiyaları üçün əsas rolunu oynaya bilər. Bildirilir ki, şirkət Azərbaycanda vergi orqanlarına rüşvət verilməsini aparılan daxili təhqiqatlar nəticəsində təsdiqləyib. Bu araşdırma “Steptoe & Johnson LLP” audit şirkəti tərəfindən aparılıb. Məlum olub ki, Azərbaycanda şirkət öz gəlirlərini aşağı göstərmək və vergilərdən yayınmaq üçün aidiyyəti rəsmi qurumlara qanunsuz ödənişlər edib. Daha sonra SEC tərəfindən aparılan araşdırmalar da bu faktı təsdiqləyib. Şirkətin Azərbaycanda rüşvət qalmaqalı ilə üzləşməsi ötən ay “Tidewater Inc”in səhmdarlarının toplantısında da müzakirə olunub. Məlumat verilib ki, federal hakimiyyətlə bu məsələnin məhkəməyə çıxarılmadan həll edilməsi üçün danışıqlar gedir.
“Yeni Müsavat”ın araşdırması zamanı məlum oldu ki, “Tidewater Inc”in Bakıda “Tidewater Marine Alliance” adlı törəmə şirkətinin ofisi fəaliyyət göstərir. Lakin şirkətin əlaqə nömrəsinə dəfələrlə zəng etsək də cavab verən olmadı. Azərbaycanda işləyən xarici şirkətlərin hakimiyyət orqanları ilə korrupsiya əlaqələri içərisində olması yeni məsələ deyil və indiyədək bu barədə bir neçə dəfə qalmaqallar olub. Eləcə də iri enerji şirkətlərinin vaxtilə sərfəli neft müqavilələri qazanmaq üçün yüksək hakimiyyət çevrələrinə rüşvət verdiklərinə dair xarici mətbuat yazıb. Məhz məşhur çex biznesmeni və fırıldaqçısı Viktor Kojeni də Azərbaycanda rüşvət verməklə istənilən məqsədə çatmağın mümkünlüyünə inandığı üçün 90-cı illərin sonlarında ARDNŞ-ni özəlləşdirmək fikrinə düşmüşdü.
Kojeni bu məqsədlə Azərbaycan hakimiyyətindəki şəxslərə yüz milyonlarla dollar rüşvət versə də onu aldatdılar. Sonradan isə Kojeninin pullarını mənimsədiyi amerikalı investorlar onu məhkəməyə verdilər və iş “Praqa piratı”nın Baham adalarında həbs edilməsinə qədər böyüdü. Amerika məhkəməsi Kojeniyə və onun keçmiş ortaqlarına qarşı Xarici Korrupsiya Aktı əsasında ittiham irəli sürüb və iş üzrə adı keçənlərdən birinə artıq hökm çıxarılıb. Kojeninin keçmiş ortağı Fredrik Bourk Xarici Korrupsiya Aktı üzrə cəza çəkən ilk iş adamıdır.
Daha bir belə qalmaqal isə belə görünür ki, məhkəməyə çıxmadan həll olunmaq üzrədir. Əgər iş məhkəməyə çıxsaydı, şübhəsiz ki, “Tidewater Inc”in Vergilər Nazirliyində konkret kimlərə rüşvət verdiyi də açıqlanmalı idi.
/Musavat/
Comment