0
Tuesday 27 July 2010 - 07:17

İşğalçı, terrorçu və… demokratik Ermənistan

Story Code : 32300
İşğalçı, terrorçu və… demokratik Ermənistan
İşğalçı, terrorçu və… demokratik Ermənistan
Cənab Əhmədoğlu sonra buyurur: "Azərbaycanda gəlirlərin əsas hissəsi təbii ehtiyatlar və tranzit potensialı, Gürcüstanda - tranzit imkanlarıdırsa, Ermənistanda isə əsas və alternativ gəlir mənbəyi konflitogenlikdir". Lap sonra söylənir ki, Ermənistan rəhbərliyi hakimiyyət komandasını yeni gəlirlərlə təmin etmək və sistemi ayaqda saxlamaq üçün yeni münaqişə arzulayır.
Cənab Əhmədoğlunun dediklərini izafi şərhə ehtiyacı yoxdur, çünki o, faktiki olaraq hakimiyyət rəsmilərinin açıqlamalarını bir qədər yumşaq formada təkrarlayır. Ermənistan Azərbaycana düşməni dövlətdir və ərazilərimizin də bir hissəsini işğal edib.
Lakin bu, heç bir halda Ermənistanın yeganə resursunun terrorçuluq və ətrafdakı qonşularda düşmənçilik olduğunu söyləməyə rəvac vermir. Rəsmi İrəvan bizim təbliğatın dediyinin tam əksinə olaraq, düşünülmüş və uzaq perspektivli siyasət yürüdür. Bakının diplomatiyasından fərqli olaraq ermənilərin bəlirlənmiş strategiyası, ən başlıcası isə Azərbaycanla bağlı taktikası var.
Əfsuslar olsun ki, indiki durumda Ermənistanın hakimiyyət dairələrinin Azərbaycandakı sistemlə müqayisədə mövqeləri daha səbatlı təsir bağışlayır. Halbuki ermənilərin şərtləri daha pisdir.
İstisnasız olaraq bütün beynəlxalq təşkilatları Ermənistanı işğalçı dövlət hesab edir və İrəvandan qoşunnlarını Dağlıq Qarabağda işğal altında saxladığı ərazilərdən çıxarmasını tələb edir.
Amma faktiki olaraq heç nə dəyişməyib.
Məntiqlə Ermənistan terrorçu və işğalçı dövlətdirsə, bunu da Qərb etiraf edirsə, Dağlıq Qarabağ münaqişəsinin indiyədək çözülməməsi gerçəkdən də maraqlı məsələ təsiri bağışlaya bilər.
Halbuki burada qəribə adlandıra biləcəyimiz bir nəsnə yox.
Dağlıq Qarabağdakı ermənilər izeuit davranışını seçiblər.
Onlar deyirlər ki, bəlkə də Azərbaycanın tərkibində qalmağa razı olardılar - fəqət, indiyədək bir dəfə olsun belə, demokratik seçkilərin keçirilmədiyi, insan haqlarının kütləvi şəkildə pozulduğu, vətəndaşın heçə sayıldığı bir məmləkətdə yaşamaq nə dərəcədə məqbuldur?
Ermənilər sonra onu da söyləyirlər ki, Azərbaycan hakimiyyəti onların hüquqlarını təmin edə biləcəkmi? Çünki Bakıdakı iqtidar siyasi təqiblər siyasəti yürüdür. Ermənilər bu sözü fasiləsiz təkrarlayırlar. Təbii, düşmənin dediklərini həyasızlıq kimi dəyərləndirmək də olar. Amma Qərb hər dəfə bu kəlmələri eşidəndə düşünür, Azərbaycandakı situasiyanı bir daha dəyərləndirir və görür ki, işğalçı, separatçı olsalar da, ermənilərin sözlərini birmənalı olaraq rədd etmək mümkün deyil. Dağlıq Qarabağ münaqişəsinin indiyədək çözülməməsinin əsas səbəblərindən biri, bəlkə də başlıcası Azərbaycanın demokratiya və insan haqlarının təminatı baxımından bərbad durumda olmasıdır. Bunu deyənlər xilafi-hakimiyyət sayılsa da, həqiqətdən hara qədər qaçmaq olar - Ermənistanla sərhədə qədərmi, yoxsa ondan da o tərəfə?! Avropa Birliyindəki siyasi ekspertlər də Ermənistan-Azərbaycan münaqişəsini çözməyə başlayanda mütləq şəkildə hər iki ölkədəki vəziyyəti müqayisə etməyə başlayır. Və onda bəlli olur ki, Ermənistan işğalçı-terrorçu hakimiyyət sistemi tərəfindən idarə olunsa da, orada insanlar istədikləri vaxt istədikləri yerə yığışaraq etirazlarını bildirə bilirlər.
Bakıda isə 30-40 insan bir yerə yığışan kimi polis onların başının üstünü kəsir, dəyənəkləri işə salıb vəhşicəsinə döyür, sonra da sürüyüb idarəyə aparır ki, ictimai asayişi xəyanətkarcasına pozan zərərli elementlərdir.
Qərb bütün bunları görür və ona görə də Azərbaycana yalnız ərazilərinimn bir hissəsi qonşu dövlətin hərbi hissələrinin işğalına uğramış, sərhəd toxunulmazlığı pozulmuş dövlət qismi kimi baxır.
Ölkəmizin demokratik dövlətlər sırasında olmaması isə təbii ki, bizə olan münasibəti formalaşdırmaqla yanaşı, problemlərimizin həllində də bütünlüklə başqa dövlətlərdən asılı vəziyyətə salır.
Bu səbəbdən də ölkədə demokratiya olmayınca, insan haqlarına sayğı duyulmayınca Qarabağ problemi də həllini tapan deyil.
Daha bunun Ermənistanın münaqişəyə meylli olmaqda suçlanması ilə iqtidarımıza haqq qazandırmaq cəhdləriylə pərdələnməsi ilə ört-basdır edilməsinə nə ehtiyac? Sistemin görünən kəndə bələdçi axtarmaq cəhdləri gerçəkdən də, maraqlıdır.
Bəlkə Qərb qəflətən kor və kar olub, bizlər hələ də anlamırıq?

Hüseyn BAKUVİ /Bizimyol/
Comment