0
Tuesday 14 January 2014 - 00:02

Xilaskara fərqli baxışlar

Story Code : 341147
Xilaskara fərqli baxışlar
Xilaskara fərqli baxışlar
Sual yaranır ki, bütün dinlər dünyanın sonunda zühur edəcək xilaskara eyni münasibətdədir, yoxsa baxışlar fərqlənir? Əhli-beyt davamçılarına zühuru, İmam Zamanı xatırladan hadisələrdən biri də rəbiüləvvəl ayının 9-da Həzrətin imamət məqamına çatmasıdır.

Əksər məktəblər, dinlər və məzhəblərdə dünyanı zülmdən xilas edəcək ilahi şəxsiyyətin gəlişinə etiqad var. Deyə bilərik ki, bütün insanlar kamil br şəxsin gəlişi intizarındadır. İnsanlar inanır ki, həmin ilahi şəxs yer üzündə zülmə son qoyacaq, ədaləti bərpa edəcək. Hindular da, buddistlər də, zərdüştilər də, yəhudilər də, məsihilər də xilaskarın gəlişinə inanır. Çox az ideologiyalarda, o cümlədən materializm və nihilizm məktəbində gələcək tam qaranlıqdır və belə bir inanc yoxdur.

İslam dinində də xilaskarın gəlişinə etiqad var. Fərq bundadır ki, İslamda xilaskarın vəzifələri, proqramları, hədəfləri ətraflı şəkildə bəyan olunmuşdur. Həzrətin kimliyi, şəxsiyyəti tam şəkildə məlumdur. Həzrət Peyğəmbər (s) aydın şəkildə buyurur: "Mənim canişinlərimin sayı Bəni-İsrailin canişinlərinin sayı qədərdir." Bu say Quranda 12 nəfər qeyd edilmişdir. Bütün İslam məzhəbləri bu mövzuda müştərək inanca malikdir. Əvvəla, hamı inanır ki, həzrət Mehdi gələcək. O, Fatimeyi-Zəhranın (s) övladlarındandır. Bəzi məzhəblər belə hesab edir ki, həzrət Mehdi (əc) şiələrin inandığı kimi İmam Hüseyn (ə) yox, İmam Həsənin (ə) övladıdır. İmam Bəqirdən (ə) sonra həm İmam Həsən (ə), həm İmam Hüseyndən (ə) olan imam var. Yəni bu məsələ o qədər də mühüm deyil.

Bütün məzhəblər bu fikirdədir ki, dünyanın sonuna bir gün də qalmış olsa İmam zühur edəcək və yer üzündə ədalət bərqərar olacaq. Həzrət İsa nazil olub İmama iqtida edəcək. İslam məzhəbləri arasında təsadüfü şəxslər xilaskar mövzusuna fərqli yanaşır.

Bu mövzuya baxışda Əhli-beyt məktəbi ilə sünnə əhli arasında nə fərq var? Şiələrin mövzuya baxışı sünnə əhlinin baxışından bir nöqtədə fərqlənir. Şiələr inanır ki, xilaskar, Peyğəmbərin 12-ci canişini sağdır. Bu inanca görə Həzrət hicri-qəməri 255-ci ildə anadan olub, 261-ci ildə İmam Həsən-Əsgərinin (ə) şəhadətindən sonra imamət məqamına çatıb. Onun kiçik (suğra) qeyb dövrü 69 il çəkib. Kiçik qeyb dövründən sonra böyük qeyb dövrü (kubra) başlayıb və hazırda davam etməkdədir. Amma o biri məzhəblər xilaskarın bundan sonra doğulacağına inanırlar. Bəs şiələr bu iddalarını necə əsaslandırırlar?

Bəzən təhsil müəssisəsində materialist düşüncəli müəllimlər tələbələrin əqidəsinə təsir göstərir. Təəssüf ki, zehnində şübhə yaranmış gənclərin bir hissəsi sualına cavab axtarmır. Dəlil axtaranlar üçün dini mətnlərdə kifayət qədər dəlil var. Şeyx Müfid buyurur: "Əhli-beyt məktəbində olan bizlər ağıl, düşüncə övladlarıyıq. Bizim möhkəm əqli dəlillərə etiqadımız var. Harada əqli dəlil varsa biz onun arxasınca gedirik." İmam Mehdi ilə bağlı mövzular Məhdəviyyət adı altında ayrıca bir fənn kimi tədris olunur. Bu sahədə əqli və nəqli dəlillərdən danışan kifayət qədər ədəbiyyat var. Ayrıca məqalələr və araşdırmalarda xilaskar barədə tutarlı fikirlər yer alıb. Bu kitablardan biri də "İmamət və yaranışın fəlsəfəsi" kitabıdır. Bu kitabda Məhdəviyyət mövzusunda xeyli dəlil toplanıb. Həmin dəlilləri nəzərdən keçirək.

Məhdəviyyət mövzusunda dəlillərdən biri lütf dəlilidir. Bu dəlili imamiyyə və mötəzilə alimləri peyğəmbərliyin sübutu üçün irəli sürüblər. Bu dəlil olduqca sadədir. Allahın varlıq aləmi və insanı yaratmaqda məqsədi var. Məqsəd insanı kamala çatdırmaqdır. Bəli, varlıq aləminin yaradıcısı bir olan Allahdır. O hikmət sahibidir və bütün işlərində məqsəd var. Allah insanı boş yerə yox kamala çatmaq üçün xəlq etmişdir. Öz yaranış məqsədini dərk edən insan kamillik sorağında olmalı, bu məqsəd ardınca getməlidir. Kamilliyə çatmaq üçün proqram lazımdır. Ağıl deyir ki, hikmət sahibi olan Allah məni kamala çatmaq üçün yaradıbsa hökmən yol göstərən bir şəxs tanıtdırmalıdır. Bu ağlın hökmüdür. Əgər Allah yol göstərən bələdçi seçirsə bu işini yarımçıq saxlayarmı? Necə ola bilər ki, insana yarı yola qədər bələdçilik edilsin? Əlbəttə ki, bu məqamda ağıl öz hökmünü verir. Yəhudilər bu fikirdədir ki, bələdçi həzrət Musadır və ondan sonra peyğəmbər gəlməyib. Məsihilər həzrət İsadan sonra peyğəmbər gəlmədiyini düşünür. Əhli-beyt məktəbindən savayı bütün məktəblərdə İslam Peyğəmbərindən sonra bələdçinin varlığına etiqad yoxdur. Sual yaranır ki, Allah öz hidayət, yol göstərmək proqramını təxirə salır? Hicri 10-cu ildə İslam Peyğəmbəri (s) dünyasını dəyişdi. Demək Allah öz məxluqunu bələdçidən məhrum etdi? Ağıl bu müddəaya qarşıdır. Əgər şeytan qalırsa, azğın nəfs qalırsa, bələdçi də qalmalıdır.

Müxaliflərin cavabı yoxdur. Əlbəttə ki, bəziləri insanın kamala çatdığını və bələdçiyə ehtiyac qalmadığını deyir. Sual veririk ki, fizika, kimyada ağıla ehtiyac var, mütəxəssisə ehtiyac var, yol göstərənə ehtiyac var? Müsbət cavab valırıq. Bəs necə olur ki, nəfsin tərbiyəsində bütün bunlara ehtiyac olmasın?! İnsan həyatı dünyada başa çatmır, axirətdə davam edir. Ağıl yalnız bu dünya çərçivəsində işləkdir. O mövzuları ümumi şəkildə dərk edir. Ruhani səadətə çatmaq üçün ağıl vəhyə, Allahın göstərişlərinə ehtiyaclıdır.

Başqa bir sual budur ki, kitabın şərhə etiyacı var, yoxsa yox? Təbii ki, nəinki ilahi kitabların, hətta insan düşüncəsinin məhsulu olan əsərlərin şərhə etiyacı var. Allah kitab göndərəndə peyğəmbər də göndərib. Peyğəmbərlərin bir vəzifəsi də kitabı şərh etməkdir. Hədislər peyğəmbərin şərhini əvəz edə bilərmi? Hədislər heç vaxt ilahi bələdçini əvəz etmək gücündə olmayıb. Çünki hədislər həmin insanların həyatından kiçik bir hissədir. İlahi hökmlərin həyata keçməsi üçün icraçıya ehtiyac var. İlahi hökmlərin həm şərhi, həm də icrası üçün bilikli və ədalətli şəxsə ehtiyacımız var.

Başqa bir dəlil imamət və vilayətin isbatı üçün zəruri olan işraq dəlilidir. Lütf dəlili kəlam qaydalarına əsaslanırdı. İşraq dəlili isə irfani dəlillər sırasındandır və kamil insan kriteriyasının zəruriliyindən qaynaqlanır.

Quranda vilayət və imamət yolunun davamlılığını təsdiq edən ayələr çoxdur. "Vəliyy", "İmam" sözlərinə Quranda tez-tez rast gəlirik. Qədr surəsində buyurulur: "Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!; (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!; Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir); O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər; O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)" Bəli, Allah buyurur ki, Qədr gecəsi mələklər nazil olur. Müxaliflərdən soruşun ki, bu mələklər kimə nazil olur? Din tarixində nə vaxtsa mələk boş yerə nazil olubmu? Təbii ki, mələk ünvanla nazil olur. Əgər desələr ki, mələklər Kəbə, Beytülmüqəddəs kimi yerlərə nazil olur, bu iddia surənin məfhumu ilə uyğun gəlməz. Mələklərin müxlis bəndələrə salam verdiyi buyurulur. Kimdir o bəndələr? İnzar ayəsinə əsasən bəşər tarixi boyu insanlara yol göstərən məsum imam olub və olacaq. Tövbə surəsinin 119-cu ayəsində oxuyuruq: "Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) sadiq olanlarla olun!" Kimdir sadiq bəndə? Burada mütləq sədaqət nəzərdə tutulur. Məsumdan başqa belə bir şəxs yoxdur. Bizim sədaqətli saydığımız adi insanlar özləri etiraf edirlər ki, bu sifətə kamil sahib deyillər. Allah bizi mütləq sədaqətə malik şəxslərin sorağına göndərir.

Nisa surəsinin 59-cu ayəsində buyurulur: "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır." Kimdir əmr sahibləri? Bəziləri düşünür ki, əmr sahibini şura da seçə bilər. Bəziləri güc sahibini əmr sahibi kimi qəbul edir. Əhli-beyt məktəbinin inancına görə yalnı Allah və Peyğəmbərin tanıtdırdığı şəxs əmr sahibi ola bilər. Bu isə məsumdan başqası deyil. Ayədə Allah, Peyğəmbər və əmr sahibi üç yanaşı ünvan kimi göstərilir. Aydın olur ki, əmr sahibi Peyğəmbər kimi Allah tərəfindən seçilir. Allah heç vaxt zalım və günahkar insanı Peyğəmbərə canişin təyin etməz. Əgər Müaviyə, Yezid həqiqi canişin sayılsa, Allahın məqsədi təmin edilməmiş qalar. Allah heç vaxt zalım və günahkar insanlara itaətə çağırmaz. Belə bir çağırış Allahın qüdsiyyətini sual altına alır.

Ayədə buyurulur ki, Allaha itaət edin. Hansı işlərdə? Bütün işlərdə! Allah peyğəmbər və əmr sahibinə itaətə çağırır. Mümkündürmü ki, Allah məsum, günahsız olmayan bir şəxsi öz bəndələrinə rəhbər təyin etsin?! Allah bəşəriyyətin taleyini şərabxora tapşırarmı?! Ağıl bu suallara qəti cavab verir. Əmr sahibi məsum olmalıdır. Peyğəmbərin səhabələri arasında həzrət Əlidən (ə) başqa kimsə məsum olduğunu dilə gətirməyib. Peyğəmbərdən sonra yalnız Əli (ə) və onun övladları məsum kimi tanınıb.

Quranın göstərişləri təkcə peyğəmbər dövrünə aid deyil. İslam son dindir və yer üzündə həyat durduqca qüvvədədir. Demək Allah dünyanın sonuna qədər əmr sahiblərinə itaət hökmünü qüvvədə saxlayır. Allah olmayan şəxsə itaətə çağırarmı?! Fəxr Razi deyir: "Ayəyə əsasən yer üzündə əmr sahibinin nümunəsi olmalıdır. Bu şəxsin məsum olması zəruridir." Fəxr Razi fəlsəfə, məntiq, riyaziyyat sahəsində mütəxəssis insandır. O nə dediyini yaxşı başa düşür. Fəxr Razi bir çox məqamlarda həzrət Əli (ə) və Əhli-beytin uca məqamından danışır. Müxalif alimlər Fəxr Raziyə sual ünvanlayır ki, Allah nə üçün həmin şəxsi tanıtdırmayıb? Fəxr Razi suala sualla cavab verir: Nə üçün Allah Mübahilə ayəsinin nazil edəndə ad çəkməyib?! Fəxr Razinin bu cavabı məntiqidir. İcma deyilən bir qrum məsumluq kimi həqiqi yox, etibaridir. Allah etibari bir qruma məsum vəzifəsi taşırmaz. Həzrət Peyğəmbərin (s) Səqəleyn hədisi şiə və sünnə əhli arasında mütəvatir hədislərdəndir. Təqribən 60 il öncə bu mövzuda yazılmış kitabı Misirdə rəsmi sənəd kimi qəbul ediblər. Hədisin düzgünlüyünə kimsədə şübhə yoxdur. Həzrət Peyğəmbər buyurur ki, mən gedirəm və sizin üçün Quran və Əhli-beytim olmaqla iki dəyərli əmanət qoyuram. Mövzuya diqqətlə yanaşsaq bu hədisdə həzrət Mehdinin mövcudluğunu sübuta yetirən məqamlar var. Əgər ərəb ədəbiyyatını nəzərə alsaq məqamca fərqli iki mövzu bu məqam əsasında sıralanır. Amma həzrət Peyğəmbər hədisdə "Səqəleyn" sözünü işlətməklə Quran və Əhli-beytin eyni

məqamda olduğunu önə çəkir. Quranda nə varsa Əhli-beytdə də var, Əhli-beytdə nə varsa Quranda da var. Əks təqdirdə "Səqəleyn" sözü işlədilməzdi.

Quran nöqsansız kitabdır, onda həqiqətdən uzaq heç nə yoxdur. Quranla yanaşı adı çəkilən Əhli-beyt də pak və məsumdur. Əgər belə olmasaydı, Peyğəmbər onları yanaşı təqdim etməzdi. Quran əbədidir, bəşər tarixinin son insanı da bu kitaba tabe olmalıdır. Quranla yanaşı adı çəkilən məsum imamların da həmişəlik olması zəruridir.

Başqa məzhəblərdən olan böyük alimlər etiraf edirlər ki, qiyamət gününə qədər məsum imamın olması kamillik hədəfinin tələbidir. Əgər Allah insana kamil olmağı əmr edirsə, ona bu yolda bələdçi də göstərməlidir. İlahi bələdçiyə ehtiyac insanın fitri ehtiyacıdır. Əksər dinlərdə xilaskarın varlığına inanc olması bu fitri ehtiyacdan danışır. Bir ömür araşdırmalardan sonra Əhli-beyt məktəbinə qatılmış Anri Korben böyük ibrətdir. O deyir: "Mən məsihi idim. Məsihilikdə deyilir ki, məsih sağdır və çarmıxa çəkilməyib. Doğrudan da, dünya ilahi bələdçisiz çox mənasız olardı. Mən İslam tanış olandan sonra öyrəndim ki, yer üzündə Allahın höccəti adlandırılan bir şəxs var. Sufilərlə tanış olanda onların da məsihilər kimi xilaskarın varlığına inandığını gördüm. Sonra Əllamə Təbatəbai ilə tanış oldum." Əllamə Təbatəbai ilə tanışlıqdan sonra məşhur fransız alimi şiə məzhəbinə qatılır. Əvvəlcə sufilik sorağında olan alim bu xətdə büdrəmələrin olduğunu görür. Anri Korben Əli ibn Əbu Talibin şəxsiyyəti ilə tanış olur. O xilaskarın varlığına iman gətirir.

Höccətül-İslam vəl-müslimin Möhsin Qiraəti belə nəql edir:
"Həcc səfərində olduğum zaman bir gənc yaxınlaşıb belə dedi: "Alimlər və rəhbərlik imam Mehdiyə rəğmən məqama çatdığı zaman bu sahədən nə iş görürsünüz?" Çox tutarlı sual idi. Mən bu barədə cənab Rəhbərə danışdım. Bu mövzu 14 əsr əvvələ aiddir. Rəhbərin göstəriş və himayəsi ilə müqəddəs Qum şəhərində Mehdi mərkəzi açıldı. Hövzədən seçmə alimlər bu mərkəzə cəlb edildi. Bir zaman bu mövzuda iki sətir tapmaq çətin idisə indi ixtiyarımızda cildlərlə kitab var. Bu mərkəzin işıqlı gələcəyi var. Bütün İran ərazisində Məhdəviyyət üzrə araşdırma mərkəzləri fəaliyyət göstərir. Hazırda qərb Hollivud filmləri ilə bu mövzunu təhrif etməyə cəhd göstərir. Riaksiyalar isə fərqli olur. Bəli, Məhdəviyyət mövzusu İslam dünyasını hərəkət gətirən mühərrik kimidir. Hazırda çox saylı məsihi gənclər arasında bu mövzuda suallar dolaşır. Bu suallara yetərli cavab olası kitablar tərcümə edilməlidir. Kino və digər sahələrdə istedadı olan şəxslər Əhli-beytin bu ali dəyərini bəşəriyyətə çatdırmalıdır. Xarici ölkələrdən birində Məhdəviyyət mövzusunda on çıxışım nəzərdə tutulmuşdur. Əvvəl düşündüm ki, on söhbət üçün məlumatım varmı? İşə başlayandan sonra on çıxış iyirmi beş çıxış oldu, amma mövzunu tamamlaya bilmədim. Söhbətləri lentə alıb xülasəsini tərcümə etdilər."
Source : Nur-az.com
Comment