0
Friday 17 September 2010 - 11:23

İkonalara hörmət, dindarlara...

Story Code : 37346
İkonalara hörmət, dindarlara...
İkonalara hörmət, dindarlara...
APA-nın "İTAR-TASS"a istinadən yaydığı məlumata görə, Dmitri Medvedev bu fikirləri Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra keçirilən mətbuat konfransında söyləyib.
O son dövrlər Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında görüşlərin mütəmadi xarakter aldığını vurğulayıb: "Bu təmasların intensivliyi aşağı düşməməlidir. Rusiya Minsk Qrupu çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə hazırdır. Biz qonşu dövlət kimi mənəvi öhdəliklərimizi də yerinə yetirməyə hazırıq. Mən bu cür əlaqələri davam etdirməyə və gündəlikdə qalan ən mürəkkəb məsələləri müzakirə etməyə hazıram".
Azərbaycan prezidenti İlham Əliyev vasitəçilik missiyasına görə rusiyalı həmkarına təşəkkür edib: "Əminəm ki, Rusiya prezidentinin iştirakı pozitiv rol oynayır və onun iştirakı ilə keçirilən görüşlər daha effektli olur".
"Rusiyanın Gümrüdəki hərbi bazası və bu bazanın dislokasiya müddətinin uzadılması Azərbaycan üçün heç bir təhlükə kəsb etmir". Bu sözləri də jurnalistlərə Dmitri Medvedev deyir. Prezident Qafqazda sabitliyin qorunmasının Rusiya üçün böyük önəm kəsb etdiyini söyləmişdir:
"Biz burada sülh və əmin-amanlığın bərqərar olmasında maraqlıyıq. Mənim Ermənistana səfərimin nəticələrini də belə dəyərləndirmək lazımdır. Burada heç bir gizli və ya digər niyyət mövcud deyil".
Xatırladaq ki, Rusiya prezidentinin bir müddət əvvəl Ermənistana səfəri zamanı Gümrüdəki Rusiya hərbi bazasının dislokasiya müddətinin 49 il uzadılmasına dair müqavilə imzalandı və bu hadisə Bakıdan fərqli reaksiyalara səbəb oldu. Amma Rusiya prezidenti Bakıda həmkarı İlham Əliyevlə görüşdə Azərbaycana düşmən olmadıqlarına inandırmağa çalışıb və bu görüş qarşılıqlı təşəkkürlərlə müşayiət olunub.
Eyni zamanda, Medvedev Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin yüksək səviyyədə olmadığını da qeyd edir: "Rusiya və Azərbaycan iqtisadi əməkdaşlığı gücləndirməli və bu münasibətləri yeni səviyyəyə necə çıxarmaq barədə düşünməlidir".
Medvedev ötən il iki ölkə arasında ticarət dövriyyəsinin aşağı düşdüyünü vurğulayıb: "Bu il isə müsbət tendensiya var və bu tendensiyanı necə möhkəmləndirmək barədə düşünmək, yeni layihələr, yeni ideyalar tapmaq lazımdır".
RF prezidenti bildirib ki, İlham Əliyevlə görüşdə bəzi ideyalar və layihələr barədə danışıblar və bu layihələrin nümayəndə heyətlərinin iştirakı ilə müzakirəsini təklif ediblər. Medvedev azərbaycanlı həmkarı ilə təkbətək görüşdə geniş spektrli məsələlərə - iqtisadi münasibətlər və regional təhlükəsizliyin təminatı məsələlərinə toxunduqlarını deyib. Azərbaycan prezidenti İlham Əliyev öz növbəsində Rusiya prezidentinin səfəri çərçivəsində çox gözəl nəticələr əldə olunduğuna, imzalanacaq sənədlərin isə ikitərəfli münasibətlər üçün sağlam baza yaradacağına əmin olduğunu bildirib:
"Bu münasibətlər təkcə bizim ölkələr üçün deyil, region üçün də çox vacibdir. Moskva ilə münasibətlərin daim inkişafı Bakı üçün çox mühüm və dəyərlidir. Bu, strateji tərəfdaşlıq münasibətləridir".
Dmitri Medvedev ötən ay Rusiyanı bürümüş meşə yanğınlarının söndürülməsində Azərbaycanın göstərdiyi köməyə görə prezident İlham Əliyevə təşəkkür edib. Medvedev azərbaycanlı həmkarlarının ağır gündə Rusiyaya kömək əli uzatdığını xatırladıb: "Bədbəxtlik gözlənilmədən gəlir və nəticələr də uzunmüddətli xarakter daşıyır. Bir daha göstərdiyiniz köməyə görə Sizə təşəkkürümü bildirirəm". Prezident bir müddət əvvəl Rusiyanın daha iki vilayətində yanğınlar baş verdiyini, bu təbii fəlakətin qarşısının mütləq alınacağını deyib.
Prezidentlərin ikitərəfli görüşündə qarşılıqlı jestlərdən biri də Azərbaycan prezidentinin Rusiya ilə sərhəddə qaçaqmalçılardan müsadirə edilmiş 5 pravoslav ikonasını rusiyalı həmkarına təqdim etməsi olub. Əliyev qaçaqmalçıların bu ikonaları qeyri-qanuni olaraq Rusiyadan çıxarmağa çalışdıqlarını deyib: "Bizim gömrükçülərimiz bu ikonaları aşkarlayıb. Qaçaqmalçılar məsuliyyətə cəlb olunub. Biz bu ikonaları ona görə sizə təqdim edirik ki, bunlar sizin ölkənizdə saxlanılmalıdır".
Rusiya prezidentinin Azərbaycana səfəri zamanı bir sıra sənədlər də imzalanıb. Bunlar sırasında Azərbaycanla Rusiya arasında dövlət sərhədi, təbii qazın alğı-satqısı və Samur çayı ilə bağlı sənədlər də var. Prezidentlər İlham Əliyev və Dmitri Medvedevin iştirakı ilə ARDNŞ və "Qazprom" arasında təbii qaz alğı-satqısına dair əvvəl bağlanmış müqaviləyə əlavə olunan saziş də imzalanıb. Sazişə əsasən, 2010-2011-ci illərdə "Qazprom"a satılan təbii qazın həcmi artırılacaq. 
İ. Abbasov - Ayna
Comment